8 şəhər və 92 kəndin bərpa planı hazırlanıb
30 il davam edən işğal dövründə Ermənistan ölkəmizin 9 şəhər və yüzlərlə kəndini qəsdən dağıdıb, çoxsayda mədəni və dini abidələri yer üzündən silib, tariximizin bu yadigarlarını urbisid və kultursidə məruz qoyub.
İkinci Dünya müharibəsindən sonra şəhərlərin belə bir miqyasda dağıdılması dünyanın heç bir yerində nəzərə çarpmayıb. Erməni faşizmi bu ərazilərdə əsrlər boyu yaşayan xalqımızın izini silməyə çalışıb, Ağdamı “Qafqazın Xirosiması”na çevirib. Füzuli şəhəri işğaldan azad olunanda Azərbaycan Ordusu orada üzərində bayrağımızı dalğalandırmaq üçün bir salamat bina belə tapa bilməyib. Düşmən işğalı zamanı yaşayış sahələrimizdə 67 məsciddən 65-i yerlə-yeksan edilib, qalan ikisinə ciddi zərər vurulub, qəbiristanlıqlar isə təhqir olunaraq dağıdılıb.
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimindəki çıxışında bu barədə ətraflı bəhs edib. Dövlətimizin başçısı Ermənistanın torpaqlarımızı işğalda saxladığı dövrdə xalqımıza qarşı etnik təmizləmə həyata keçirdiyini vurğulayaraq bildirib: “Otuz il ərzində bir milyondan çox azərbaycanlı evlərindən didərgin salınıb. Onların 200 mindən artığı hazırkı Ermənistan ərazisindən sürgün edilib. Bizim şəhərlərimiz, kəndlərimiz darmadağın olunub. 30 il ərzində işğalçı qüvvələr bizə buraya qayıtmağa imkan verməyib”.
Artıq düşməndən təmizlənən yaşayış sahələrimizdə həyat geri qayıdır. Vətən müharibəsindən sonra Azərbaycan keçmiş məcburi köçkünləri öz doğma yurdlarına mümkün qədər tez bir zamanda geri dönmək üçün urbisidə məruz qalan 10 min kvadrat kilometrdən çox ərazini sıfırdan yenidən qurmağa başlayıb, şəhərlər və kəndlərin inşasını sürətlə aparıb.
İndiyədək 8 şəhər və 92 kəndin Baş planı artıq təsdiq edilib və 30 kəndin təməli qoyulub. Qarşıdan gələn illərdə xüsusilə Şuşa və digər şəhərlərdə çox böyük, iri həcmli yaşayış layihələrinin həyata keçiriləcəyi planlaşdırılıb. İkinci Qarabağ müharibəsindən sonra bərpa işlərinə Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il üçün planlaşdırılan minimum büdcənin 2,4 milyard dollar olacağı nəzərdə tutulub. Bu məsələdə ən diqqətçəkən məqam isə odur ki, Azərbaycan bütün abadlıq, bərpa-quruculuq layihələrini heç bir maliyyə yardımı almadan, öz gücünə, öz vəsaiti hesabına həyata keçirib.
Qeyd edək ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2022-2026-cı illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı”na əsasən, ilkin mərhələdə 100 yaşayış məntəqəsinin (8 şəhər, 8 qəsəbə və 84 kənd) bərpa edilməsi nəzərdə tutulub. Prezident İlham Əliyev tərəfindən 29 yaşayış məntəqəsinin təməli qoyulub. Ümumilikdə, Vətən savaşından dərhal sonra başlanan bərpa-quruculuq layihələri çərçivəsində dövlətimizin başçısı tərəfindən 105 layihənin təməli qoyulub, 63 müxtəlif təyinatlı tikinti obyektinin açılışı olub. Düşməndən təmizlənən ərazilərdə çoxsaylı sosial infrastruktur yenidən qurulub, iki hava limanı, avtomobil yolları, dəmir yolu, su elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar və digər obyektlər tikilərək istifadəyə verilib. Ötən ilin iyul ayından etibarən ilkin olaraq 2 şəhərə (Laçın və Füzuli) və 3 kəndə (Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış və Laçın rayonunun Zabux kəndləri) keçmiş məcburi köçkünlərin qayıdışı reallaşdırılıb.
Azərbaycanın “2022-2026-cı illər Böyük Qayıdış” proqramı çərçivəsində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına 40 mindən çox məcburi köçkünün şəhərlərə və qəsəbələrə köçürülməsi nəzərdə tutulub.
Azad edilmiş ərazilərdə indiyədək infrastruktur layihələri həyata keçirilib. İnnovativ tikinti materiallarından istifadə olunmaqla Zəngilan rayonunun Ağalı kəndində 200 fərdi ekoloji ev “ağıllı kənd” innovativ texnologiyalar əsasında tikilib. Əhalinin kənddə yaşaması üçün əlverişli şərait yaradılıb. Tikilib istifadəyə verilən 134 evə 600-dən çox vətəndaş köçürülüb.
“Ağıllı kənd”də artıq kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istifadə olunacaq torpaq sahələri müəyyənləşdirilib və lazımi innovativ texnikaların siyahısı hazırlanıb. Əkin planına əsasən, müəyyənləşdirilən 600 hektar ərazidən 412 hektarının minalardan təmizlənməsi üçün müvafiq işlər aparılıb. “Ağıllı idarəetmə sistemi”nin data və təhlil mərkəzindən həyata keçirilməsi, müasir suvarma sistemlərindən istifadə olunması gerçəkləşdirilib.
Yeri gəlmişkən, Vətən müharibəsində əldə edilən tarixi Zəfərdən sonra işğaldan azad olunan ərazilərdə başlanan bərpa prosesi çərçivəsində kənd təsərrüfatının yenidən qurulması da diqqətdə saxlanılıb. Bunun üçün geniş, əhatəli tədbirlər planı hazırlanıb. İlk növbədə, həmin sahələrin kənd təsərrüfatına yararlı hala gətirilməsi üçün meliorasiya, irriqasiya sistemlərinin yaradılması nəzərdə tutulub. Eyni zamanda, bu torpaqların təyinatı üzrə uçotunun aparılması, yəni əkin, örüş, biçənək yerlərinin müəyyənləşdirilməsi qarşıya mühüm vəzifə kimi qoyulub.
Hesablamalara əsasən, düşməndən təmizlənən torpaqlarda 155 min hektar ərazi ümumi kənd təsərrüfatı dövriyyəsinə cəlb olunacaq. Bu isə o deməkdir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında heyvandarlıq, həmçinin bitkiçilik üzrə indiki kənd təsərrüfatı həcminin 8 faizi nisbətində ümumi məhsul istehsalı reallaşacaq. Konkret olaraq, bu bölgədə 45 min ton ət, 200 min tondan çox süd istehsalına real şərait yaranacaq. Bu isə ölkəmizdə heyvandarlıqla bağlı ciddi idxal əvəzetməsini şərtləndirəcək.
İşğaldan azad edilmiş ərazilərimizə həyatın geri qaytarılması, dayanıqlı inkişaf, şəhər və digər yaşayış məskənlərinin yenidən qurulması sahəsində həyata keçirilən fəaliyyət, görülmüş işlər, eləcə də Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, Azərbaycanın bu sahədə topladığı təcrübəni beynəlxalq tərəfdaşlarla bölüşməsi məqsədilə Milli Şəhərsalma forumlarının təşkil edilməsi, xüsusilə də tədbirin azad edilmiş ərazilərdə keçirilməsi mühüm önəm daşıyır. Bu baxımdan Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlığı da xüsusi diqqət çəkir.
Respublikamızda ilk dəfə olaraq keçən il oktyabrın 5-6-da BMT-nin Məskunlaşma Proqramı ilə birgə Ağdam və Bakı şəhərlərində 44 ölkədən ümumilikdə 400 nəfər iştirakçının qoşulduğu 1-ci Milli Şəhərsalma Forumu təşkil edilməsi də məhz ölkəmizin həmin əməkdaşlığa böyük əhəmiyyət verməsinin nəticəsidir. Hazırda da ölkəmizdə BMT-nin Məskunlaşma Proqramı ilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı ilə dünəndən başlayaraq “Şəhərsalma Həftəsi”nə start verilməsi də vurğulanan məsələnin bariz ifadəsidir.
Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimindəki çıxışında erməni işğalından əziyyət çəkən insanların çətin şəraitdə yaşadıqlarını, mənəvi çətinliklərlə üzləşdiklərini, öz haqlı hüquqlarından məhrum edildiklərini xatırladan dövlətimizin başçısı vurğulayıb: “Onlar bu imkanı, bu fürsəti 30 il idi gözləyirdilər ki, buraya qayıda bilsinlər. İkinci Qarabağ müharibəsi, bizim şanlı Qələbəmizlə bitən müharibə bu şəraiti onlara yaratdı. Bu gün bizdən gözləntiləri odur ki, tezliklə onları azad edilmiş torpaqlara qaytaraq. Böyük Qayıdış Proqramının icrası artıq imkan verib ki, keçmiş məcburi köçkünlər Laçın şəhərinə, Füzuli şəhərinə, Ağalı kəndinə, Talış və Zabux kəndlərinə qayıtsınlar”.
Azərbaycanda şəhərsalma ilə bağlı yaranan əsas çağırışları, davam edən layihələri və şəhər gələcəyinə baxışı müzakirə etmək məqsədi daşıyan forum, həmçinin yerli fəaliyyətin stimullaşdırılması üçün müvafiq sahədə beynəlxalq təcrübələri, dayanıqlı şəhər inkişafı üçün bilik mübadiləsini, siyasətin formalaşdırılmasını, ictimaiyyətin cəlb olunmasını, bacarıqların artırılmasını, əməkdaşlığı və icra strategiyalarını təşviq edir.
V.BAYRAMOV
XQ