Timsahın göz yaşları

post-img

Əvəz RÜSTƏMOV
[email protected]

 

Bizi köç yaratmağa da qoymamışdılar

Timsahın göz yaşları. Yəqin bu ifadənin hansı anlam daşıdığını bilməyən olmaz. Hər halda xatırladaq. Timsah öz şikarını yeyəndə gözləri yaşarır. İndi dünyanın müxtəlif ölkələrindən Qarabağda başlanmış erməni köçünə münasibətə diqqət yetirərkən, göz önündə, istər-istəməz, həmin səhnə canlanır. Amma “timsahlar”ın sayı çoxdur və hər biri əbədi və əzəli Azərbaycan torpaqlarındakı ev-eşiyini qoyub Ermənistana gedənlərin halına “göz yaşı” axıdır. Sual doğur: Olmazdımı ki, bu boyda həngamə yaşanmasın?

Əlbəttə, mümkün idi. Bəs, bunun baş verməməsi üçün nə lazım idi? Ədalət, ədalət və yenə də ədalət! Bəli, dünyanın lap əv­vəldən ədalətli davranmasına ehtiyac duyu­lurdu. Amma... Bu gün Qarabağı tərk edən ermənilərin sayı ilə bağlı müxtəlif rəqəmlər səsləndirilir. 40, 50, 80 min. Əlbəttə, şişirt­mələr də var. Bu rəqəmlər və eləcə də uzun köç səhnələri, heç bir halda, Ermənistanın təcavüzü nəticəsində öz evlərindən didərgin düşmüş və doğma yurda dönmək həsrətini bu gün də sürdürən azərbaycanlıların bir milyonluq sayına çata bilməz. Məsələ onda­dır ki, həmin bir milyonluq sayın belə köç karvanı yaratmasına imkan və şərait yaradıl­mamışdı. Onlar pərən-pərən salınmışdılar. Görəsən, “timsahlar” onda harada idilər? 

Dostum Yalçın deyir ki, nənəsi Zən­gilandan çıxıb erməni zülmündən canını qurtarmaq üçün Arazı traktor təkərinin ka­merində İran ərazisinə keçmişdi. Yalçının nənəsi kimilər minlərlədir. Xocalı dəhşəti­ni görmüş bir nəsil canını kamerlərdə Araz çayından İrana keçməkdə, oradan təhlükə­siz şəraitdə Azərbaycana yön almaqla qur­tarmışdı. Sonra o nəsil paytaxt Bakıda və ölkəmizin müxtəlif yerlərində qurulmuş çadır şəhərciklərində yaşamalı oldu. Kimisi doğma yurd həsrətinə dözə bilməyib canını tapşırdı, kimisi sağalmaz xəstəlik tapdı. Bir sözlə, çoxsaylı məşəqqətlər yaşandı...

***

Çadır şəhərciklərində, vaqonlarda dün­yaya yeni nəsillər gəldi. Bu nəsillər do­ğulub öz çadır evinin içərisinə yağış suları dolmuş vəziyyətdə, yaxud, bumbuz vaqon­larda titrətməyin dəhşətini yaşadı. Belə səh­nələrin necə böyük məhrumiyyət olduğunun fərqinə varmayanlar ordusu yetişdi. Bu, bəzi monarxist üsul-idarələrdə üç nəslin cəzası­nı çəkən insanların həbsxanada doğulması və həbs düşərgəsindən kənar həyat barədə təsəvvürsüzlüyü qədər dəhşətli bir şeydir. Bilinmir, orada həqiqətən belə hal olub, ya yox, ancaq məlumdur ki, Qərb təbliğat institutları bir sıra rejimlərə qarşı mübarizə çərçivəsində effektiv insan dramı hazırla­mağı yaxşı bacarmışdılar. Çox güman ki, Qarabağ ermənilərinə münasibətdə də oxşar səhnələr qondaracaq, sentimentallıq notları­na köklənəcəklər. Görəsən, niyə Azərbaycan xalqının dramına biganə yanaşdılar? Çünki niyyətləri özgə idi...

Bəli, bu gün Qarabağdan köç edən ermə­nilərin durumunu faciə kimi qiymətləndir­mək yolu tutanlar, sanki, növbəyə dayanıb­lar. Bilərəkdən növbəti erməni avantürasının formalaşmasında iştirak edirlər. Nəinki işti­rak edirlər, əməlli-başlı canfəşanlıq göstə­rirlər. Əslində, istinad etməyi xoşladıqları insan hüquq və azadlıqları ilə bağlı müxtəlif sənədlər onlar üçün adi kağız parçasından başqa bir şey deyil. Belələri hər cür insani dəyərlərdən uzaqdırlar. Amma həmin dəyər­lərlə manipulyasiyanı son dərəcə gözəl ba­carırlar.

***

Qətiyyətlə demək olar ki, Qarabağda hazırda yaşanmaqda olan hay köçü erməni avantürizminin yeni məkrli oyunudur. Bu oyun həm də ona yönəlib ki, Azərbaycan və erməni xalqı birlikdə, sülh şəraitində yaşa­masın, həmişə bir-birinə qarşı kin və nifrət bəsləsinlər, ədavət üçün fürsət gözləsinlər. Başqa cür düşünməyə əsas yoxdur. Axı, Azərbaycan hakimiyyətinin təmsilçiləri bə­yan ediblər ki, bölgə erməniləri vətəndaş­larımızdır. Onlar öz yurd-yuvalarında qalıb ölkəmizin qanunları ilə yaşayıb, ömür sürə bilərlər. Bunu anlamaq çoxmu çətindir? An­caq məqsədli şəkildə anlamaq istəməyənlər var. Erməni millətçiliyini, özgə torpaqlarda separatizm meyillərini körükləyənlər məhz onlardır. Axı, Azərbaycanın beynəlxalq hüquqla tanınmış sərhədlərinə hörmətlə ya­naşmaq niyə kimlərisə narahat etməlidir?

***

Erməni avantürizmi son dərəcə qəddar mahiyyətlidir. Bunun tarixdə ən müxtəlif örnəkləri var. Çox uzağa getməyib 1988-ci ilin Sumqayıt hadisələri üzərində dayanaq. Həmin vaxt şəhərin erməni sakinlərinə qarşı amansızlıqlar törədildi. İki xalq arasına ni­faq toxumları səpmək istəyənlər günün gü­norta çağında sadə ermənilərə zülm etdilər ki, saxta niskil, saxta nağıl uydursunlar, bun­dan siyasi dividend əldə etsinlər. Beləliklə, Azərbaycan torpaqlarının işğalına məntiqi don geyindirildi. Sonradan Sumqayıtın “qi­sasını alanların” meydana necə atıldıqlarına şahidlik etdik. Xocalı vəhşəti yaşandı... 

***

44 günlük müharibə dönəmində də sadə erməniləri qırmaq yönümlü “plan” hazırlan­mışdı. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat olmasaydı, xüsusi mobil dəstələrin Xankəndidə, Qarabağın müxtəlif yerlərin­də onları qətlə yetirmələri nəzərdə tutulur­du. Sıravi ermənilər məhv ediləcək və bu, Azərbaycan əsgərinin vəhşiliyi kimi təqdim ediləcəkdi. Belə bir amansız ssenari üçün dünyanın müxtəlif ölkələrindən jurnalistləri də Qarabağa yığıb tökmüşdülər. Onlar küt­ləvi qətl nöqtələrindən dəhşətli görüntülər yaymalı, Azərbaycanı növbəti erməni soyqı­rımını törədən ölkə olaraq göstərməli, ifşa etməli idilər. 

Vətən müharibəsindən sonrakı müddət­də də erməni avantürizmi bu mənfur planı daim “gündəmdə saxladı”. Lakin vəziyyət əvvəlki deyildi. Azərbaycan bölgəyə sahib­lənmişdi. Ordumuz hər şeyi çox gözəl görür­dü. Buna görə əvvəlcə bildirdilər ki, ölkəmiz Laçın yolunu bağlı saxlamaqla, guya, sıravi erməniləri acından öldürmək istəyir. Müva­fiq şəkildə müxtəlif beynəlxalq hüquq dələ­duzları özlərinin cızma-qaralarında soyqırı­mının aclıq həddinə gətirmə formasının da mövcudluğunu “əsaslandırmağa” çalışdılar. Görəndə ki, BMT müstəvisinə daşıdıqları belə sərsəm gedişlər heç bir fayda vermir, “etnik təmizləmə” ritorikasına baş vurdu­lar. Düşündülər ki, qara-qışqırıq salmaqla, Azərbaycanı haqlı mübarizəsindən döndərə, qətiyyətli addımlar atmaqdan daşındıra, mövcud status-kvonu saxlaya biləcəklər. Alınmadı. Ordumuz 23 saat 43 dəqiqə ərzin­də suverenliyimizin bərpası tapşırığını yük­sək peşəkarlıqla yerinə yetirməyi bacardı. Özü də heç bir mülki şəxsə və obyektə zərər toxundurmadan. 

***

Bəli, suverenliyini bərpa etmiş Azər­baycan yenə də Qarabağın erməni əhalisinə çağırış etdi. Çağırış etdi ki, Azərbaycan vətəndaşlığını qəbul edib bölgədə qalsınlar. Ancaq indi baş verənlərdən nəticə çıxarmaq mümkündür ki, bu çağırışa məhəl qoyul­mamaqdadır. Beləcə, erməni avantürizmi Qarabağ mövzusunu niskilə çevirmək yolu tutmaqdadır. Hazırda bölgədəki köç karvanı da bunun nəticəsidir. Zamanında azərbay­canlılara qarşı o qədər nifrət və hiddət aşıla­yıblar ki, indi bizim bu aşılanmalardan irəli gələn hərəkət və davranışlara əl atacağımızı düşünənlər var. Onlar, əlbəttə ki, ölkəmizin pozitiv çağırışlarını nəzərə almazlar. Bunu anlamayıb mövcud müstəvidə Azərbayca­na qarşı hədyanlar yağdıranlar, görəsən, əsl mahiyyəti niyə dərk etmirlər? Əlbəttə, onlar hər şeyi çox gözəl bilirlər. Sadəcə, mənfur oyunun içərisindədirlər. 

Görünən budur ki, “oyun” Qarabağ er­mənilərini ayrıca zümrə kimi təqdim etməyə yönəlib. Məsələn, erməni katolikosu, poz­ğun və əxlaqsız təbiətli II Qaregin, eləcə də eyni xislətin daşıyıcısı olan ölkə müxalifə­tinin təmsilçiləri onlardan baş nazir Nikol Paşinyan hakimiyyətini devirmək planla­rında yararlanmağı düşünürlər. Ermənistan iqtidarının “istəyindən” də danışdıq. Əlavə edək ki, Paşinyan administrasiyası Qarabağ ermənilərinə həm də qazanc yeri kimi yana­şır. Nikol bildirib ki, hər bir Qarabağ ermə­nisinə büdcədən yüz min dram, yəni, təx­minən 435 manat pul ödəniləcək. Bu məbləğ böyük deyil. Amma görürük ki, Paşinyan və komandasına xaricdən maliyyə yardımları da axışır. Heç şübhəsiz ki, bu yardımların müntəzəmliyinə nail olunacaq. Qarabağ er­məniləri isə bölgədə olduğu kimi, Ermənis­tanda da ac-yalavac ömür sürəcəklər. Yəni, onlar avantüranın qurbanına çevrilmək aqi­bətindən qurtula bilməyəcəklər. Halbuki, Azərbaycan ərazisində qalsaydılar, tamam fərqli yaşayışları, sivil təminatları olacaqdı. 

***

Sonda onu da deyək ki, paytaxt Bakıda, eləcə də respublikamızın müxtəlif yerlərində toplam 30 minə yaxın erməni yaşamaqdadır. Azərbaycan dünyada çoxmillətli, çoxkon­fessiyalı ölkə kimi tanınmaqdadır. Bu, illərlə toplanılmış yüksək imic, mənəvi sərvətdir. Yəni, erməni avantürizminin və onun xa­ricdəki havadarları olan “timsahlar”ın nələri qondarmalarından asılı olmayaraq, Azərbay­cana qarşı irəli sürülən saxta iddiaların heç bir əsası yoxdur və olmayacaq. 

Yuxarıda da bildirdiyimiz kimi, hazırkı durumda itirən ölkəmizin multikultural mü­hitindən bəhrələnmək istəməyən Qarabağ erməniləridir. Onlar otuz ilə yaxın müddətdə də itirmişdilər, bu gün də eyni aqibəti yaşa­yır və yaşayacaqlar. Bütün bunları vurğu­lamaqda, eyni zamanda, bir milyondan çox azərbaycanlının otuz il əvvəlki taleyindən söz açmaqda məqsədimiz heç də onu demək deyil ki, bugünkü erməni köçü ilahi ədalətin təntənə anının yaşantısıdır. Hərçənd, bunu söyləsək də, haqlı çıxarıq. Həm də ona görə ki, hər xalq öz həyatına, öz yaşamına özü qərar verir. Bir milyonun qərarı güclü Azər­baycan dövləti naminə quruculuq xətti oldu və bu gün həmin qərarın bəhrəsini görmək­dədir. İlahi ədalət onlar üçün təcəlli edir.

Qarabağ erməniləri də qərarlarını verib­lər. Soyuq reallıq budur ki, onlar separatçılı­ğın və ekstremizmin yanında dayandıqlarını göstəriblər. Öz köçləri ilə də sübuta yetirir­lər ki, bölgədə otuz il ərzində mövcud olmuş və hazırda yox olduğunu bəyan edən saxta “Dağlıq Qarabağ Respublikası” kimi, yox olmağı üstün tuturlar. Tutsunlar, hər halda gedəni saxlayacaq deyilik.

Siyasət