Tarixi filmlər niyə az çəkilir?

post-img

Belə ekran əsərləri keçmişimizə canlı körpü salır

Azərbaycan kinosunun keç­diyi yola baxanda 1940–1980-ci illərdə tarixi mövzulu neçə-neçə fundamental filmin çəkilməsinin şahidi oluruq. “Babək”, “Səbu­hi”, “Koroğlu”, “Fətəli xan”, “Nizami”, “Nəsimi”, “Dədə Qorqud”, “Atları yəhərləyin” bu qəbildəndir. Sovet ideologi­yasının kəskin vaxtında Azər­baycanın tarixi, mədəniyyəti barədə belə filmlərin çəkilməsi qeyrət, qətiyyət və cəsarət tələb edirdi. Təsadüfi deyil ki, hə­min filmlər həmişəlik kinomuzun qızıl fonduna daxil olub. 

Tarixi mövzuda filmlərin çəkilməsi çətin və məsuliyyətli məsələdir. Bu janrda filmlər tez-tez ekranlaşdırılmır. “Nəsimi” filminin rejissoru, görkəmli yazıçı-ssenarist Həsən Seyidbəyli bir zaman bu çətinlik barədə belə demişdi: “ Biz Nəsimi dövründən söhbət açmalı idik. Həmin mürəkkkəb dövrün dili, danışığı, plas­tikası o qədər qabarıq verilməli idi ki, hər səhnədə, hər epizodda dərin gerçəklik, yüksək bədiilik olsun. Belə çətin məsələni təkcə sənətkarlıqla həll etmək mümkün deyildi. Nəsimi roluna dəvət olunan aktyorda mürəkkəb tarixilik, nəsimilik, hürufilik əruz vəz­ninin ritmi, gözlərində alışb-yanan Nəsimi alovunun qığılcımı vəhdət tapmalı idi”. – Bu fikirlər indi də aktuallığını saxlayır. 

Müstəqillik dövrümüzə nəzər saldıqda “Cavad xan” və “Hökmdarın taleyi” bədii filmlərinin tarixi janrda çəkildiyini gö­rürük. Bu ekran əsərinin Cavad xanın istiqlalçılıq şüurunu kinoya gətirən bir film olduğunu qeyd edə bilərik. Tarixi mövzuda filmlə­rin hazırda az çəkilməsinin bir sıra obyektiv və subyektiv səbəb­ləri var. 1980-ci illərin sonu – 90 cı illərin əvvələrindəki siyasi tə­bəddülatlar səbəbindən incəsənət sahəsi də böhrana düşmüşdü. Bu baxımdan, ümumən, filmlərin çəkilməsi çətinləşmişdi. Bu janrda olan filmlərə isə ciddi maliyyə dəstəyi yox idi. 

Digər səbəb kino xadimlərinin də tarixi mövzuya marağının zəifləməsi idi. Çünki tamaşaçıların daha asan qavranıla bilən, bir növ yüngülməcaz olan mövzulara marağı artmışdı. Bu isə təssüfedicidir. Bu ilin aprel ayında “Azərbaycan kinosu – 125. Reallıq, çağırışlar və hədəflər” mövzusunda Bakıda keçirilən Kino Fo­rumunda bu problemə toxunulmaması da yuxarıdakı fikri təsdiq edir. Təbii ki, bu gün 90-cı illərdə olan əsaslı maliyyə çətinlikləri yoxdur. Demək ki, bu barədə artıq düşünüb əməli qərar vermək olar. 

Tarixi filmlərin bir funksiyası da insanların bu mövzuda maar­rifləndirməsidir. Çünki tarixi faktlarla əsasən bu sahənin mütəxəs­sisləri maraqlanır. Odur ki, tarixin filmlərdə inikası və bunun bədii həlli tamaşaçını cəlb edə biləcək səviyyədə olmalıdır ki, ekrandan bir an da göz çəkmədən baxılsın. 

Azərbaycan tarixi ilə bağlı maraqlı dramatik mövzular kifayət qədər çoxdur. Rejissorlar, ssenaristlər bu məqamları tapıb ekran yozumu verə bilərlər. Təbii ki, kino xadimlərinin bu işdə tarix­çilərlə də məsləhətləşmələr aparmaları faydalıdır. 

Biz hazırda informasiya texnologiyalarının yüksək inkişaf etdiyi çağda yaşayırıq. İnsanları təəccübləndirmək, maraqlan­dırmaq, düşündürmək çətinləşib. Buna baxmayaraq, fərqli nü­munələrin də şahidi oluruq. Məsələn, Türkiyə kinosunda son 10 il ərzində tarixi mövzuya maraq çoxalıb. İstər “Fetih 1453” filmi ilə, istərsə də “Kuruluş Osman”, “Diriliş Ərtoğrul” serialları nü­munəsində tarixi mövzulara qayıdışı müşahidə edirik. 

Demək, qloballaşma çağında datarix barədə də böyük filmlər çəkmək mümkündür. Azərbaycan kinosunun son dövrlərdə Tür­kiyədəki bu nümunələrdən bəhrələnməsi arzuolunandır. Əlbəttə, bu bəhrələnmə heç də həmin filmlərə bənzəyən ekran işlərinin çə­kilməsi deyil. Söhbət Azərbaycan kino xadimlərinin tarixi janrla bağlı öz bədii üslublarını, öz yanaşma tərzlərini və milli özəllikləri ortaya qoymalarından gedir. 

Ceyhun MİRZƏLİ,
kinoşünas



Sosial həyat