Daimi iqlim dəyişikliyinə hazır olmalıyıq

post-img

Meşə yanğınları, leysan yağışları daşqınlar daha tez-tez baş verəcək

Bu il yay çox isti keçir və tarixə iyul ən isti ay kimi düşüb. Türkiyədə yanğınlar, Avropada istidən ölən insanlar, Amerikada ərimiş asfaltdan yanıq alanlar. Rusiya da bu baxımdan geri qalmır - yanan Ural, ölkənin cənubunda daşqınlar. Bunlar bu günün mənzərəsidir. 

Qlobal istiləşmə isə 150 ildir müşahi­də olunur, XX əsrin əvvəlindən bəri pla­netdə temperatur qlobal miqyasda 1,2 dərəcə artıb. Və bu, doğrudan da qlo­bal problemdir, çünki aydındır ki, buna antropogen qazları (zavod və avtomobil qazları), istixana effekti təsir göstərir. Və müxtəlif hesablamalara görə, yaxın 10-20 il ərzində də temperatur tədricən yüksələcək. Beləliklə, yeni temperatur rekordları ilə çox qarşılaşacağıq. Üstə­lik, bu, növbəti beş ildə daha tez-tez baş verəcək. Axı planetdəki iqlim dəyişikliyi daim yenilənir. 

İqlim dəyişikliyi isə bir tərəfdən meşə yanğınlarına, digər tərəfdən isə daşqın­lara səbəb olur. Artıq anomal istilər, meşə yanğınları Avropada fəlakətə sə­bəb olub. Türkiyə, Yunanıstan, İtaliya, Portuqaliyada meşə yanğınları minlərlə hektar sahələri əhatə edir. Hətta Yuna­nıstanda meşə yanğınları hərbi obyektlər üçün təhlükə yaradıb. Egey dənizi sahil­lərində Volos aviabazasındakı sursat an­barı yanğınlar nəticəsində partlayıb. Bu yanğın Yunanıstanda fövqəladə hallar xidmətinin mübarizə apardığı 124 meşə yanğınından ən təhlükəlisi hesab olunur. O cümlədən, turizmdən asılı olan region­lar əziyyət çəkib: ziyarətçilərin evakuasi­yası yerli biznes üçün fəlakətli nəticələrə çevrilib. Təkcə Rodosda on minlərlə in­san fəlakət zonalarından təxliyə edilib. Hökumət isə israr edir ki, Yunanıstandakı əksər kurortlar turistlər üçün kifayət qə­dər təhlükəsizdir. 

İtaliyada da vəziyyət ağırdır. Siciliya və Sardiniya adalarında, eləcə də Kalab­riya və Puqlia regionlarındakı meşə yan­ğınlarının qarşısını almaq mümkün ol­mayıb. Həftənin əvvəlindən davam edən yanğınların söndürülməsi üçün mülki müdafiə qüvvələrinin 6 min əməkdaşı səfərbər olunub. Əməliyyatlara, həm­çinin 1500 texnika, 14 yanğınsöndürən təyyarə və 2 helikopter cəlb edilib. Si­rakuza əyalətində meşəlik ərazidə yan­ğınla mübarizədə iştirak edən helikopter qəzaya uğrayıb, lakin pilot sağ qalıb. Bildirilib ki, İtaliya ərazisindəki əlverişsiz hava şəraiti 4 nəfərin ölümünə səbəb olub. Türkiyə, Portuqaliya və İspaniyada da oxşar vəziyyət davam edir.

Atlantik okeanının o biri tərəfində də vəziyyət ürəkaçan deyil. ABŞ əhalisinin, təxminən, 60 faizi daşqın və anomal is­tilərdən əziyyət çəkir. Milli Hava Xidməti­nin (NWS) Hava Proqnozları Mərkəzinin baş sinoptiki Bob Oravec deyib: “Daşqın və anomal istilər böyük şəhərlərə təsir edəcək. Buna görə də, insanların sayı bu qədər çoxdur”.

Vaşinqton, Filadelfiya və Nyu–York da daxil olmaqla Şərq Sahilində istilik 38 dərəcə Selsini keçib. Sinoptiklər tem­peraturun orta səviyyədən 5,5-8 dərəcə yuxarı ola biləcəyini gözləyirlər. Eyni za­manda, ABŞ-ın şimal-şərqində və cənu­bunda, Yeni İngiltərə və Floridanın cənu­bunda güclü tufan və daşqınlar gözlənilir. Bununla belə, ABŞ-ın cənub-qərbində və qərbində yüksək temperatur davam edəcək. Yeni İngiltərə istilər və daşqın səbəbindən “ikiqat təhlükə”yə hazırlaşır. Oravec bildirib: “Günün birinci yarısında dəhşətli istilik dalğası, sonra isə güclü leysan və daşqınlar gözlənilir”. 

Beləliklə, növbəti illərdə də tempera­tur rekordları olacaq, onlar qaçılmazdır. Bəli, kataklizm meylləri artacaq. Təəssüf ki, qlobal istiləşməni dəyişmək praktiki olaraq mümkün deyil. Artıq adaptasiya məsələsi var. Daimi iqlim dəyişikliyinə hazır olmalıyıq. Meşə yanğınları, leysan yağışları, daşqınlar daha tez-tez baş verəcək.

 

Pünhan ƏFƏNDİYEV,

“Xalq qəzeti”

Dünya