“Taxıl sazişi”nə qayıtmaq mümkündürmü!?

post-img

Bu, bəşəriyyətin xeyrinə əsl humanist addım olardı 

Rusiyanın “taxıl sazişi”ndən çıxması beynəlxalq ictimaiyyəti ciddi narahat edir. Mütəxəssislər hesab edirlər ki, bu, bütün dünyada buğdanın, bütövlükdə ərzaq məhsullarının qiymətlərinin kəskin artmasına səbəb olacaq. Təsadüfi deyil ki, son günlər beynəlxalq birjalarda taxılın satış qiymətləri artmaqda davam edir.

Xatırladaq ki, 2022-ci il iyulun 22-də İstanbulda Ukrayna taxılının, habelə Rusiyanın aqrar məhsul­larının və gübrəsinin Qara dəniz vasitəsilə dünya bazarlarına çatdı­rılması üzrə sənədlər paketi imzala­nıb. Razılaşma ilkin olaraq 120 gün müddətinə nəzərdə tutulmuş, son­radan bir neçə dəfə uzadılmışdı.

Planetimizdə böyük əks-səda doğuran bu təşəbbüsün əsas müəl­lifi və təşkilatçısı çağdaş dünyanın ən görkəmli dövlət xadimlərindən olan Türkiyə Prezidenti Rəcəb Tay­yib Ərdoğandır. Saziş bir ilə yaxın fəaliyyət göstərmiş, yüz minlərlə ton Ukrayna taxılı dünyanın yoxsul ölkələrinə daşınaraq satılmışdır. 

“Taxıl sazişi”, bəzən onu “taxıl dəhlizi” də adlandırırlar, Ukraynaya xeyli iqtisadi fayda gətirmişdir. Təx­mini hesablamalara görə, Ukrayna hər il taxıl ixracından 10 milyard dollara yaxın gəlir əldə edir. Məhz taxıl sazişi sayəsində bu ölkənin büdcəsinə son bir ildə milyardlarla dollar vəsait daxil olmuşdur. 

Xatırladaq ki, 22 iyul 2022-ci ildə Rusiya, Ukrayna, BMT, həmçi­nin qardaş Türkiyənin vasitəçiliyi ilə “Qara dəniz Taxıl Təşəbbüsü” barə­də razılıq əldə edib. “Taxıl sazişi” yük gəmilərinin Qara dənizdən 310 dəniz mili uzunluğunda və üç dəniz mili enində dəhliz boyunca Odessa, Çernomorsk və Pivdennyi limanla­rına təhlükəsiz keçməsinə imkan verib. Razılığa əsasən, 2022-ci il avqust ayının əvvəlindən taxılın da­şınmasına başlanılıb.

Sazişə uyğun olaraq gəmilər yük yerlərinin boş olduğundan əmin olmaq üçün İstanbul yaxınlığında yoxlamadan keçir, daha sonra yük­lənmək üçün Qara dəniz humanitar dəhlizindən Ukrayna limanlarına yol alırdı. Türkiyə tərəfi bütün öhdə­liklərinə ciddi əməl edib ki, bu, saziş iştirakçıları tərəfindən hər zaman dərin razılıq hissilə qarşılanıb. 

Qeyd etmək lazımdır ki. Uk­rayna taxılının hazırda Rusiyanın nəzarətində olan Qara dəniz ərazi sularından maneəsiz ixracına icazə verən və buna şərait yaradan Ru­siya və onun liderinin də imici xeyli yaxşılaşmışdı. Bu, yaxın qonşusu ilə ağır müharibə aparan bir ölkənin lideri üçün son dərəcə vacib idi. 

Bundan əlavə, müqavilənin fəa­liyyət göstərməsi Türkiyə-Rusiya münasibətlərinə pozitiv bir dinami­ka əlavə etmişdi. Rəsmi Moskva ümid edirdi, belə bir humanist ad­dım regionda sülh danışıqlarının başlanmasına müsbət təsir göstərə bilər. Lakin son aylar və həftələr ərzində Rusiya-Ukrayna müharibə­sində gərginlik daha da artmış və tərəflərin danışıq masası ətrafında əyləşəcəyinə ümidlər kəskin azal­mışdır. 

Belə bir şəraitdə Rusiyanın sazişdən çıxacağı gözlənilən idi. Moskva əlavə şərtlər irəli sürür və müqavilədən çıxacağı ilə bağlı təh­didlər edirdi. Nəhayət, Rusiya Pre­zidenti Aparatının mətbuat katibi Dimitri Peskov bildirdi ki, bu il iyu­lun 17-də “Taxıl sazişi”nin fəaliyyəti faktiki olaraq dayandırılıb: “Təəssüf ki, təşəbbüsün Rusiyaya aid hissə­si indiyə qədər yerinə yetirilməyib”. O, eyni zamanda, “taxıl sazişi”­nin Rusiyaya aid hissəsinin yerinə yetiriləcəyi təqdirdə, Moskvanın təşəbbüsə geri qayıda biləcəyini söyləyib.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə isə, rəsmi Moskva 2023-cü il iyulun 17-də Türkiyə və Ukrayna tərəflərini, həmçinin BMT katibliyini “Qara dəniz taxıl təşəb­büsü”nün uzadılmasına etiraz etdiyi barədə məlumatlandırıb.

Yeri gəlmişkən, bu günlərdə Moskvada keçirilən “Rusiya-Afrika sammiti”ndə əsas müzakirə möv­zularından biri məhz “qara qitə” ölkələrinin kəskin ərzaq çatışmaz­lığı problemi olub. Rusiyanın döv­lət başçısı Afrikanın bir çox yoxsul ölkələrinə güzəştli qiymətlərlə buğ­da və taxıl satılacağını bildirib. 

Sankt-Peterburqda təşkil edilən “Rusiya-Afrika sammiti”ndə bu il əv­vəlki tədbirlə müqayisədə daha az sayda (43-ə qarşı 17 dövlət) Afrika lideri qatılıb. Afrika İttifaqının rəh­bəri Azali Assumani “taxıl sazişi”nin dayandırılmasının Afrika ölkələrinin Moskva ilə münasibətlərinə təsir edəcəyini bildirib.

Sazişin dayandırılması dünya­nın əksər ölkələrində mənfi reak­siya doğrurub. Məsələn, mövzu ilə bağlı açıqladığı son hesabatında Böyük Britaniya kəşfiyyatı Rusiya­nın “taxıl sazişi”ni dayandırmasının Afrika ölkələrinin azı iki il taxıl, ər­zaq qıtlığı yaşamasına gətirib çıxa­racağını bildirib.

Hesabatda həmçinin deyilir ki, bu addım, eyni zamanda dünya bazarında taxılın qiymətinə təsir edəcək və kasıb Afrika ölkələrinin alıcılıq qabiliyyətini daha da aşağı salacaq. Xüsusilə Efiopiya, Keni­ya, Somali və Sudan kimi ölkələrin aclıqdan əziyyət çəkəcəyi proqnoz­laşdırılır.

Misir Prezidenti Əbdülfəttah əs-Sisi Sankt-Peterburqda keçirilən “Rusiya-Afrika sammiti”ndə bildirib ki, taxıl dəhlizi ilə bağlı sazişin ye­nilənməsi Afrika ölkələri üçün həya­ti əhəmiyyətə malikdir.

“Əl Əhram” nəşri xəbər verir ki, Misir Prezidenti Rusiyanın da­yandırdığı taxıl anlaşması ilə bağlı deyib: “Bu məsələdə razılıq əldə olunmasını səbirsizliklə gözləyirik. Sazişin yenilənməsi həm Afrika ölkələrinin aclıq fəlakətindən xilası, həm də qiymətlərin artmasının qar­şısının alınması baxımından mü­hümdür. Misir bu problemin həllində vasitəçilik etməyə hazırdır”.

Dünyada hökm sürən mövcud şərtlərin Afrika ölkələrinə böyük problemlər yaratdığını diqqətə çat­dıran əs-Sisi sonra bildirib ki, qlobal kataklizmlər qitənin təhlükəsizliyini və gələcək nəsillərin hüquqlarını təhdid edir. 

Onun sözlərinə görə, Afrika dövlətləri öz suverenliyini möh­kəmləndirməyə və hüquqlarını qorumağa, eyni zamanda, tez-tez baş verən münaqişələrin qarşısını almağa çalışır. “Hazırkı qlobal böh­ranların fonunda ərzaq məhsulları və enerjidaşıyıcılarının qiymətlərin­də yüksək artım qitə ölkələrinə çox mənfi təsir göstərir”, -deyə Misir Prezidenti vurğulayıb.

Rusiya lideri Seneqal Prezi­denti Maki Sall ilə görüşdə vurğu­layıb ki, ötən ildən Qara dənizdə taxıl sazişinin dayandırılmasının səbəbkarı Rusiya deyil, əksinə, Ukrayna və onu dəstəkləyən güc­lərdir. V.Putinin fikrincə, Afrika bu gün yeni güc mərkəzinə çevrilir və qitə ölkələri ilə sıx əməkdaşlıq Rusiya Federasiyasının maraqları daxilindədir. 

Sazişin bağlanmasında vasitə­çilik edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məsələ ilə bağlı ru­siyalı həmkarı Vladimir Putinlə danı­şıqlar aparacağını bildirib. "Vladimir Putinlə “Taxıl sazişi”nin uzadılması­nı yenidən müzakirə edəcəyik. Pu­tinin “taxıl sazişi”nin uzadılmasını istədiyini bilirəm”, - Ərdoğan deyib. Lakin sonrakı günlər Kremlin sazişə qaytımaq istəmədiyi bəlli olub. 

Bütün bunlara rəğmən, “taxıl sa­zişi”nin yenidən fəaliyyətə başlaya­cağına olan ümidlər tam bitməyib. Dünyanın işıqlı, xeyirxah insanları hələ də inanırlar ki, Ukrayna taxı­lının Qara dəniz vasitəsilə dünya bazarlarına çıxarılması üçün yaxın günlər ərzində danışıqlar yenidən bərpa oluna bilər. 

Babakişi QULİYEV,

kənd təsərrüfatı elmləri na­mizədi, aqrar sahə üzrə ekspert

– Türkiyə Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğanın təşəb­büsü ilə imzalanan və son bir il ərzində uğurla fəaliyyət göstərən “taxıl sazişi”nin təkcə dünyada buğda istehsalçıları və ixracatçı­ları üçün deyil, bütövlükdə pla­netimizdə ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün böyük əhə­miyyəti var. Təəssüf ki, sənədin icra müddətini artırmaq hələlik mümkün olmayıb. 

Mən dəfələrlə Ukraynada ol­muşam, bu gözəl və dost ölkədə fəaliyyət göstərən alim və təsər­rüfat rəhbərləri səmimi və işgü­zar görüşlərim olub. Hələ sovet dövründə Ukrayna taxılın vətəni sayılırdı. Bu ölkədə yüksək məh­suldar buğda sortları yetişdirilir və uğurla becərilirdi. 

Təəssüf ki, il yarımdır ki, Uk­rayna torpağında müharibə da­vam edir. Bu, dağıdıcı və heç bir tərəfə fayda gətirməyən mühari­bədir. Artıq on səkkizinci aydır ki, Ukrayna ərazisində ağır döyüşlər gedir. Hər iki tərəfdən on minlərlə insan həlak olub. Ukraynanın on­larla şəhəri, yüzlərlə kəndi dağı­dılıb, əhalinin az qala dörddəbiri qaçqın və köçkünə çevrilib. Bü­tün bunların qarşısı alınmalıdır.

O ki qaldı, taxıl sazişinin po­zulması məsələsinə, bunu son vaxtlar qlobal geosiyasi müstə­vidə yaranan yeni vəziyyətlə izah etmək olar. Rusiya-Ukrayna müharibəsi artıq həlledici mər­hələyə daxil olub. Tərəflərin heç biri güzəştə getmək istəmir. Uk­raynanın öz taxılını beynəlxalq bazarlara çıxararaq xeyli gəlir qazanması Rusiyaya sərf etmir. Moskva hər vəchlə Ukraynanın maliyyə vəsaitlərini tükəndirmək niyyətindədir.

Sonda qeyd etmək istərdim ki, “taxil sazişi”nin pozulması dünyanın yoxsul ölkələrinin əha­lisinə, xüsusilə Afrikada əhali­nin rifahına olduqca mənfi təsir göstərəcək. Bu il iyulun 27-28-si tarixlərində Sank-Peterburqda keçirilən “Rusiya-Afrika sammi­ti”ndə də bu problem gündəmdə idi. Təəssüf ki, böyük güclər bu vacib məsələdə hələ də ümumi dil tapa bilmirlər. 

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”



Dünya