Heç bir cani cəzasız qalmayacaq

post-img

Dövlət başçımız bu ifadəni işlədəndəMeşəli qatili kimi qaniçənləri nəzərdə tuturdu

Dünən şahidi olduğumuz tarixi fakt “Azərbaycan beş-altı dövlətin müdafiə etdiyi Ermənistana neyləyə bilər ki?” – deyən bədxahlarımıza verilən ikinci tutarlı və layiqli cavab oldu. Birinci cavabı 2020-ci ilin payızında – Ermənistan ordusunun darmadağın edildiyi günlərdə vermişdik. O zaman “Ermənistan Azərbaycana bir qarış da olsun, torpaq qaytarmayacaq” – deyənlər dillərini tam sakit bir yerdə saxlamağa məcbur olmuşdular. İndi isə “Azərbaycan hansı erməniyə öz cinayətini sübut edə biləcək?”– kimi iyrənc mövqe nümayiş etdirənlər “dillərini gizlətməyə” məcbur oldular. 

Cənab Prezident, Azərbaycan Silah­lı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev hələ İkinci Qarabağ müharibəsindən təxminən yarım il əvvəl – 2020-ci il fevralın 26-da Xocalı soyqırımı qurbanlarının xatirə­sini anım mərasimində demişdi ki, Xocalıda ermənilərin həyata keçirdiyi dəhşətli qətliam xalqımızın yaddaşından heç vaxt silinməyə­cək, gələcək nəsillər Xocalı soyqırımının dəhşətlərini heç zaman unutmayacaq, bu soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq.

Xatırladaq ki, düşmənlərimiz “Xocalı soyqırımına gedən yolu açmaq üçün” əvvəl­cə bu rayonun kəndlərini dağıdıb viranəyə çevirmiş, əhalini didərgin salmış, çoxsaylı cinayətlər törətmişdilər. Həmin cinayətlərin ən dəhşətlilərindən biri də Meşəli kəndində törədilmişdi. Belə ki, erməni hərbi birləş­mələri 1991-ci il dekabrın 23-də səhər saat yeddi radələrində Meşəli kəndinə hücum etmişdilər. Təbii ki, Kremlin göstərişlərinə görə azərbaycanlılarda olan bütün ov silah­ları götürülmüşdü və ona görə də rusların ciddi-cəhdlə müdafiə edərək silahlandırdığı ermənilər qüvvələrin qeyri-bərabər olmasın­dan istifadə edərək kəndi tamamilə yandır­mış, qarət etmiş və çoxsaylı insan ölümünə səbəb olmuşdular. 

Doğrudur, kənd sakinləri ermənilərə inadla müqavimət göstərmişdilər. Ancaq həmin müqavimət cəmi bir neçə saat davam etmişdi. Çox ciddi müqavimətlə üzləşməyən vəhşi tayfalar kəndə girərək evlərə, töv­lələrə, ot tayalarına od vurmuş, 8-i qadın, 3-ü uşaq olmaqla, 28 nəfəri qətlə yetirmiş, 14 nəfəri yaralamışdılar. Həmin günlərin sənəd­lərində göstərilir ki, Meşəli kəndi Şuşa və Xocalıdan köməyə gələn qüvvələr tərəfindən azad edilsə də, bir ay sonra yenidən erməni hərbi birləşmələri tərəfindən işğal edilmişdi. 

Çox təəssüf ki, Meşəli kəndi indi də Ru­siya sülhməramlı qüvvələrinin nəzarəti altın­dadır. Ancaq xalqımıza qarşı törədilən bütün terror, təxribat, deportasiya, soyqırımı, və digər cinayətlər kimi, Meşəli faciəsi ətrafın­da da Azərbaycan milliyətindən olan şəxslə­rin soyqırımı, deportasiyası, kənd sakinləri və dövlətə məxsus çoxsaylı əmlakı məhv etmə və zədələməklə külli miqdarda maddi ziyanın vurulması faktları üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Azərbaycan Respublikasının Prokurorluq orqanları tərəfindən başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Dünən həmin istintaqın və axtarışların nəticələrindən birinə şahidlik etdik. Azər­baycan Respublikasının erməni əsilli vətən­daşı, Əsgəran rayonunun Badara kəndində doğulmuş və orada yaşamış, Xankəndi şəhər avtomobil nəqliyyat müəssisəsində sü­rücü işləmiş Xaçaturyan Vaqif Çerkezoviçin Laçın sərhəd nəzarət və keçid məntəqəsində həbs olunması xəbərini eşidəndə həmsöhbət­lərimizdən birinin ilk sözü belə oldu: “Vaqif Xaçaturyanın sağ əli Serj Sarkisyanın başı­na”. Digər həmsöhbətimiz – Ağdamdan di­dərgin salınmış Əsgər dayı isə əlavə etdi ki, darıxmayın, İlham Əliyev onların hamısının cavabını verəcək. Zaman sübut edir ki, Əs­gər dayı tamamilə haqlıdır. 

Qatil Xaçaturyanın həbs olunması barə­də verilən rəsmi məlumatda bildirilir ki, bu cani qabaqcadan əlbir olduğu şəxslərlə bir­gə cinayətkar hərəkətlərini davam etdirərək dövlətə və kənd sakinlərinə məxsus əmlakla­rı məhv etmək və zədələməklə ümumilikdə 5 milyon 496 min 900 manat məbləğində maddi ziyan vurubmuş.

Azərbaycan dövləti bütün dəlil-sübutları nəzərə aılaraq, təxminən on il qabaq onun Azərbaycan Respublikası Cinayət Məcəl­ləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul etmiş və yaşadığı yer istintaqa məlum olmadığına görə barəsində beynəlxalq axtarış elan edil­məklə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Dünən isə onun yaşadığı yer məlum oldu. Dünənki qərarla onun bundan sonra yaşayacağı yer də müəyyən edildi. Ancaq həmin faktın qeydə alınması zamanı bizi narahat edən başqa bir məqam da ortaya çıxdı. Məlum oldu ki, onun Azərbaycandan qaçmasına, daha doğrusu, istintaqdan yayın­masına Beynəlxalq Qırmızı Xaç Komitəsi­nin məsulları da vasitəçilik edirlərmiş. Yəni separatçı, quldur və başkəsən ermənilərə bir tərəfdən Rusiya “sülhməramlıları”, bir tərəf­dən isə dünyanın humanitar sahədə fəaliyyət göstərən təşkilatı himayədarlıq edir. 

Humanitar sahə demişkən, sonda onu da xatırladaq ki, Ermənistan rəhbərliyinin gah 360, gah da 400 ton dediyi humanitar yardım karvanındakı yük maşınları əslində Laçına qədər boş gəliblər. Bunu Nikol Paşinyana müxaliflik edən partiya sədrlərindən biri dünən dedi və əlavə etdi ki, orada yük ol­saydı, Ermənistan rəhbərliyi həmin karvanın Ağdamdan keçməsinə icazə verərdi. Yaxşı ki, bunu biz demədik, erməni siyasətçi dedi. Əgər həmin erməninin dedikləri həqiqətdir­sə, onda Ermənistan rəhbərliyi Laçına gön­dərdiyi çoxsaylı Avropa siyasətçilərinin ha­mısının başına kül qoymuş oldu. Hələlik isə kül Ermənistan rəhbərliyinin öz başındadır. 

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

Siyasət