Meşəli soyqırımı günahkarı saxlanıldı

post-img

Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan şəxs saxlanılıb. Bu, 1955-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, Əsgəran rayonunun Badara kəndində doğulmaqla həmin kənddə yaşamış, Xankəndi şəhər avtomobil nəqliyyat müəssisəsində sürücü işləmiş Xaçaturyan Vaqif Çerkezoviçdir. 

V. Xaçaturyan 1991-ci il dekabrın 22-də erməni milliyyətindən olan digər şəxslərlə birgə Meşəli kəndində yaşamış azərbaycanlıları bir milli qrup kimi bü­tövlükdə məhv etmək məqsədilə müxtə­lif silahlardan, o cümlədən odlu silah və piyadaların döyüş maşınından istifadə etməklə həmin kəndə silahlı basqın edi­bərək 25 nəfər azərbaycanlı milliyyətin­dən olan şəxsi öldürüb, 14 nəfər şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri ye­tirib, 358 nəfər azərbaycanlını isə bey­nəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan qanuni yaşadıq­ları yerlərdən didərgin salıb.

Bundan başqa, V.Xaçaturyan qa­baqcadan əlbir olduğu şəxslərlə birgə cinayətkar hərəkətlərini davam etdirərək dövlətə və kənd sakinlərinə məxsus əm­lakları məhv etmək və zədələməklə ümu­milikdə 5 milyon 496 min 900 manat məb­ləğində maddi ziyan vurub. 

Aparılan cinayət işi üzrə kifayət qədər əsaslı şübhələr yarandığından V.Xaçatur­yanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcbu­ri köçürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qə­rar qəbul edilib, lakin olduğu yer istintaqa məlum olmadığına görə barəsində 2013-cü il noyabrın 12-də beynəlxalq axtarış elan edilməklə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Keçirilmiş axtarış tədbirləri nəticəsin­də 2023-cü il iyulun 29-da Vaqif Xaçatur­yan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altın­da Ermənistan Respublikasına getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbay­can-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

Vaqif Xaçaturyanın Bakı şəhərində tibb müəssisəsinə yerləşdirilməsi, zəru­ri tibbi yardımın göstərilməsi, həmçinin BQXK-nın nümayəndələrinin ona baş çəkməsinə şəraitin yaradılması təmin ediləcək.

Hazırda cinayət işi üzrə digər təq­sirləndirilən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

Son xəbərlər