Hüquq və İnsan Haqları İnstitutu və Avropa Şurasının birgə əməkdaşlığı çərçivəsində iyulun 27-dən başlayaraq silsilə təlimlərə start verilib.
“Avropa İnsan Hüquqları Konvensiyasının (AİHK) 6-cı maddəsi. Azərbaycan ədalət mühakiməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin baxış bucağında” mövzusunda keçirilən ilk təlimdə Hüquq və İnsan Haqları İnstitutun İdarə Heyətinin sədr müavini Üzeyir Məmmədov tədbiri aşaraq təlim iştirakçılarına təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. O, daha sonra institutda aparılan tədqiqat işlərindən danışıb və bu sahədə nəşr edilmiş kitablara olan tələbatı diqqətə çatdıraraq, keçirilən təlimlərin hüquqşunaslar üçün əhəmiyyətini vurğulayıb. Sədr müavini qeyd edib ki, hüquq ədəbiyyatına olan tələbatı nəzərə alaraq ümummili lider Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində institutda “Hüquq və insan haqları virtual kitabxanası” yaradılmışdır. O, eyni zamanda, bir çox layihələrdə, eləcə də, bu təlimlərin keçirilməsində Avropa Şurasının əməkdaşlıq dəstəyini yüksək dəyərləndirib.
Təlim institutun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri, Vəkillər Kollegiyasının üzvü Vüsalə Muradxanlının “AİHK-in 6-cı maddəsi: mülki-hüquqi aspekt” mövzusunda geniş təqdimatı ilə başlayıb. Təlimçi ədalətli məhkəmə araşdırması hüququnu qanunun aliliyi baxımından şərh edərək, məhkəməyə əlçatanlığın praktiki və effektiv olmasının vacibliyini qeyd edib.
Təlimçi-ekspert, Vəkillər Kollegiyasının üzvü Babək Həmidov “AİHK-in 6-cı maddəsi: cinayət-hüquqi aspekt” mövzusunda təqdimatla təlimi davam etdirib. Təlimçi-ekspert ittiham olunan şəxslərin 6-cı maddə ilə əhatə olunan hüquqları, bu sahədə standartları və yanaşmaları müəyyən edən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (İHAM) ən vacib qərarlarını diqqətə çatdırıb.
Müzakirələr zamanı İHAM-ın presedent hüququnun formalaşdırdığı əsas prinsiplər, müvafiq presedentlər, məhkəməyə çatımlılıq, prosessual tələblər, “cinayət ittihamı” anlayışı, təqsirsizlik prezumpsiyası (maddə 6.2), müdafiə hüququnun təminatı (maddə 6.3), Azərbaycana qarşı çıxarılan qərarlarda ən çox tanınan pozuntular müzakirə olunaraq iştirakçıların sualları təlimçi-ekspertlər tərəfindən cavablandırılıb, mövzu ətrafında kazusların həlli qrup şəklində işlənilib.
Yekunda iştirakçılar tərəfindən təlimin qiymətləndirilməsi həyata keçirilib, təlimdə iştirak edən 19 nəfər gənc hüquqşünasa sertifikatlar təqdim edilib.
Qeyd edək ki, növbəti təlimlər Şəki, Gəncə, Naxçıvan, Quba, Lənkəran, Şirvan və Sumqayıt şəhərlərinin ədliyyə qurumlarının, prokurorluq və məhkəmə orqanlarının əməkdaşları, həmçinin Vəkillər Kollegiyasının üzvləri üçün keçiriləcək.
Qabil YUSİFOĞLU, “Xalq qəzeti”