Gürcü dilində “Heydər Əliyev – 100” kitabı Tbilisidə hədiyyə edilib

post-img

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Gürcüstana səfər çərçivəsində Tbilisidə Türkiyənin Yunus Əmrə İnstitutunun qonağı olublar. İnstitut 2012-ci ildən bəri Tbilisidə təhsil və mədəniyyətlə bağlı geniş fəaliyyət göstərir. Bu qurum hər il konfranslar, simpoziumlar, xalq oyunları, seminarlar, müsabiqələr, sənət kursları təşkil edir, filmlər, konsertlər nümayiş etdirir, sərgilər, xüsusi günlərlərlə bağlı tədbirlər, türk mətbəxinin təbliğini həyata keçirir.

Diasporla İş üzrə Dövlət Komitəsi­nin əməkdaşları qurum adından Yunus Əmrə İnstitutunun kitabxanasına gürcü dilində işıq üzü görmüş “Heydər Əliyev – 100” kitabını hədiyyə ediblər. Kitab “Heydər Əliyev ili” çərçivəsində Diaspor­la İş üzrə Dövlət Komitəsinin dəstəyi və Tbilisidəki “Alyans” Gənclər Birliyinin la­yihəsi əsasında hazırlanıb. 

Görüşdə institutun direktoru Can Güray Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli siyasət və dövlət xadimi, ulu öndər Heydər Əliyevin ic­timai-siyasi fəaliyyətinə böyük dəyər verdiyini, onunla bütün türk dünyasının qürur duyduğunu bildirib. Onun sözlə­rinə görə, gürcü xalqı da türk xalqları kimi, Azərbaycanın böyük oğlu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsini əziz tutur, onu Gürcüstanın böyük dostu, qayğıkeşi hesab edir­lər. Bu ölkənin istər yuxarı hakimiyyət orqanlarında təmsil olunanlar, istərsə də sadə xalqın nümayəndələri ulu ön­dərin bir sıra enerji layihələrinə Gürcüs­tanı da cəlb etməsini daim minnətdarlıq hissi ilə xatırlayırlar.

Direktor Heydər Əliyevin diaspor quruculuğu, türk dövlətlərinin bir araya gəlməsi istiqamətində göstərdiyi misil­siz xidmətlərə diqqət çəkib. Görüşdə eyni zamanda, Azərbaycan dövlətinin diaspor siyasəti, komitənin fəaliyyət is­tiqamətləri, Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları ilə sıx əmək­daşlıq, komitə sədri Fuad Muradovun Budapeştdəki Yunus Əmrə İnstitutunda çalışan türk və macar müəllimləri ilə gö­rüşü, “bir millət, iki dövlət” prinsipi əsa­sında birgə fəaliyyət barədə məlumat verilib. 

Cənab Güray əlavə edib ki, rəhbərlik etdiyi Yunus Əmrə İnstitutu Gürcüstan­da, xüsusən paytaxt Tbilisidə çoxşaxə­li fəaliyyət göstərməklə kifayətlənmir, Azərbaycanla da daim sıx əlaqə saxla­yır, təşkil etdiyi tədbirlərə Azərbaycan nümayəndələri də mütəmadi olaraq dəvət olunurlar. Azərbaycanın Diaspor­la İş üzrə Dövlət Komitəsi isə həmişə institutun yanındadır. Komitə institutun kitabxanasına müəyyən qədər kitab hə­diyyə edib. Ancaq bunlar azdır. İnstitut Azərbaycanın ayrı-ayrı qurum və təşki­latlarının bu məsələdə daha çox yardım göstərəcəyinə ümid edir. 

Sonda institutla Tbilisidəki “Alyans” Gənclər Birliyi arasında sıx əməkdaşlıq yaradılması barədə razılıq əldə olunub. 

P.ƏMİRCANOV, “Xalq qəzeti”

Sosial həyat