Vaşinqton görüşündə ilk nəticə: heç bir status olmayacaq!

post-img

Azərbaycan tərəfinin təkidi ilə ABŞ-da Ermənistanla müzakirə olunan sülh müqaviləsinin mətnindən “Dağlıq Qarabağ erməniləri”, “Dağlıq Qarabağda yaşayanlar” kimi ifadələr çıxarılıb. Sənədə yalnız “etnik azlıq” sözü salınıb. Bu, Azərbaycan diplomatiyasının danışıqlarda əldə etdiyi ən böyük uğurlardan biridir. Sənəddə Qarabağ ermənilərinin Azərbaycanda yaşayan etnik azlıqlardan biri kimi insan hüquq və azadlıqlarının, təhlükəsizliyinin təmin olunması nəzərdə tutulub.

***

Ermənilər hələ sovet dövründə Azərbaycanın bərabərhüquqlu vətən­daşları olublar. Onlar Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü ilin 7 iyul tarixli qərarı ilə yaradılan Dağ­lıq Qarabağ Muxtar Vilayətində kom­pakt halda yaşayıblar. Bundan başqa, ölkəmizin digər şəhər və rayonlarında da ermənilər şad-xürrəm ömür sürüb­lər. Bu məqamı Prezident İlham Əliyev Ağdam rayonunun işğaldan azad olun­ması münasibətilə 2020-ci ilin noyab­rın 20-də xalqa müraciəti zamanı da vurğulayıb: “Onlar Bakıda, Gəncədə, bizim başqa şəhər, rayonlarımızda ya­şayırdılar. Onlara söz deyən var idi? Yox. Onlar bundan məhrum oldular. Bizim xalqımızı oradan qovaraq, etnik təmizləmə siyasəti apararaq buradan da getməli oldular. Nə qazandılar? Heç nə. İndi isə bax, bu rəzil durumda bir-birini didirlər, olan-qalan dövlətçiliyi də məhv edirlər”.

İrəvanla Bakı arasında 1994-cü il­dən 2020-ci ilə, 44 günlük Vətən mü­haribəsinədək aparılan danışıqlarda Qarabağ ermənilərinə Azərbaycanın ərazi bütövlüyü daxilində status ve­rilməsi müzakirə mövzusu olmuşdu. Rəsmi Bakı həmin dövrdə Qarabağ ermənilərinə ən yüksək status verilmə­sinə hazır olduğunu dəfələrlə bildirmiş­di. Bu da ölkəmizin sülhpərvərliyinin, müharibə istəmədiyinin göstəricisi idi. Ancaq torpaqlarımızı üç mindən artıq şəhidimizin canı-qanı bahasına azad etdikdən sonra status məsələsi də ta­rixin arxivinə gömüldü. Azərbaycanın bu məsələdə mövqeyi qətiləşdi. Prezi­dent İlham Əliyevin 2021-ci ilin iyulun 7-də imzaladığı “Azərbaycan Respub­likasında iqtisadi rayonların yeni böl­güsü haqqında” fərmanı əsasında Qa­rabağ iqtisadi rayonunun yaradılması ilə status məsələsi birdəfəlik aradan götürüldü. Fərmanla tərkibinə Ağcabə­di, Ağdam, Bərdə, Füzuli, Xocavənd, Şuşa, Tərtər inzibati rayonları və Xankəndi şəhərinin daxil edildiyi Qa­rabağ iqtisadi rayonu hazırda Azərbay­canın 14 iqtisadi rayonundan biridir. Yeri gəlmişkən, Prezident fərmanının məhz iyulun 7-də imzalanması təsa­düfi deyildi. Bir vaxtlar siyasi xəritədə mövcud olmuş DQMV 98 il öncə məhz həmin gün yaradılmışdı.

İndi Vaşinqton danışıqlarında iş­tirak edən nümayəndə heyətimizin müzakirə olunan sülh sazişinin mət­nindən “Dağlıq Qarabağ erməniləri”, “Dağlıq Qarabağda yaşayanlar” söz­lərini çıxarması bu siyasətin ruhuna uyğundur. Zənnimizcə, bu məqamda Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici si­yasət məsələləri şöbəsinin müdiri Hik­mət Hacıyevin martın 12-də “Report” agentliyinə verdiyi müsahibədən iqti­bas gətirmək yerinə düşər: “Ermənis­tan lap əvvəldən Qarabağ məsələsinin sülh sazişində yer almasına çalışırdı, lakin bu yanaşma Azərbaycan üçün qəbuledilməzdir. Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təh­lükəsizliyi məsələsi sırf Azərbaycanın daxili işidir və Azərbaycan özünün su­verenliyinə aid olan məsələləri digər üçüncü tərəflə, o cümlədən Hayastan Respublikası ilə müzakirə etməyəcək. Qarabağ münaqişəsi həll olunub. Qa­rabağ Azərbaycan ərazisidir. Azər­baycan üçün Qarabağ məsələsi bey­nəlxalq gündəlikdən çıxıb. Təsadüfi deyil ki, Brüssel, Moskva, Praqa, Soçi görüşlərində qəbul edilən sənədlərdə Qarabağa istinad yer almır. Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyi Azərbaycan Konstitu­siyasına və qanunlarına uyğun həll olu­nacaq. Erməni sakinlərə heç bir xüsusi imtiyazın verilməsi nəzərdə tutulmur. Dediyim kimi, bu məsələnin Ermənis­tana və digərlərinə heç bir aidiyyəti yoxdur”.

***

Məsələnin digər tərəfi isə bundan ibarətdir ki, Azərbaycan unitar dövlət­dir. Bu məqam Konstitusiyamızda da öz əksini tapıb. Azərbaycan çoxmillət­li və çoxkonfessiyalı ölkədir. Burada müxtəlif xalqların nümayəndləri sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Eyni zamanda, burada bütün xalqla­rın hüquqları eynidir. Azərbaycandakı xalqlar arasında indiyədək etnik zəmin­də bir dəfə də münaqişə qeydə alın­mayıb. Yeganə istisna hal ermənilərlə azərbaycanlılar arasında yaşanan mü­naqişə olub ki, bunun da təqsirkarı se­paratçı ermənilər, onların Ermənistan­dakı və xaricdəki havadarlarıdır.

O da məlumdur ki, ermənilər hazır­da Qarabağda – Rusiya sülhməramlı­larının müvəqqəti məsuliyyəti altında olan ərazidə 120 min nəfərin yaşadığı iddia edirlər. Real statistika isə Xankən­didə yaşayan ermənilərin sayının 11-12 mindən çox olmadığını sübuta yeti­rib. Seçici siyahıları üzrə hesablamalar apararaq, müharibədən sonra qayıdan ermənilərin sayını tutuşduraraq, Qa­rabağda yaşayan ermənilərin sayının 24-26 min aralığında olduğunu iddia etmək olar. 24-26 min nəfərlik, lap tu­taq ki, 120 min nəfərlik etnik qrup üçün status tələb etmək hansı məntiqə, han­sı beynəlxalq sənədə uyğundur? Azər­baycan daxilində çoxlu sayda milli az­lıqların nümayəndələri yaşayırlar. Say etibarilə ölkəmizdə Qarabağdakı ermə­nilərdən qat-qat çox olan milli azlıqların nümayəndələri var. Ermənilər onlardan heç nə ilə artıq deyillər. 1993-cü ildə etnik separatizmin alovlandığı Azər­baycanda bu məsələlərin qarşısını ulu öndər Heydər Əliyevin müdrik siyasəti almışdı. Onun layiqli davamçısı olan cənab İlham Əliyevin rəhbərliyi sayə­sində ölkəmiz bir daha o cür xoşagəl­məz günlər yaşamayacaq.

***

Milli Məclisin deputatı Asim Molla­zadə də “Xalq qəzeti”nə açıqlamasın­da ölkəmizdə yaşayan etnik qrupların hüquqlarının dövlət tərəfindən tam şəkildə müdafiə olunduğunu bildi­rib. Qeyd edib ki, ermənilərə hansısa müstəsna hüquq verilməsi tələbi Azər­baycanın daxili işlərinə qarışmaq və beynəlxalq hüquq normalarını kobud surətdə pozmaq demək olardı: “Er­mənistan ölkəmizin ərazi bütövlüyünü tanımalıdır, Azərbaycan da onun əra­zisində yaşayan digər xalqlar kimi er­mənilərə hüquqlar verməlidir. Onların etnik və dini hüquqları müdafiə olun­malıdır. Azərbaycan dövləti bunu təmin edə bilər. Qarabağ ermənilərinə etnik azlıqlara beynəlxalq hüquq normala­rında mövcud olan yanaşmadan başqa digər yanaşma şamil oluna bilməz. Bu problemin həllinə məhz etnik qrupun hüquqları nöqteyi-nəzərindən baxılma­lıdır”.

***

Güclü, qüdrətli, regionun söz sahibi olan Azərbaycan Respublikası böyük­lük göstərərək ərazisində yaşayan et­nik ermənilərə barışıq əli uzadır. Milli Məclisin deputatı Ramin Məmmədov Qarabağda yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs kimi müəy­yən olunub. Bakı Qarabağ ermənilərini separatizmdən əl çəkməyə, tarixi sax­takarlıq üzərində qurulmuş çox ziyanlı ideologiyadan uzaqlaşmağa, ölkənin iqtisadi imkanlarından bəhrələnməyə dəvət edir. Bu saxtalaşdırılmış keç­miş ermənilərin gələcəyini əlindən alır. Dünyada nə qədər müharibələr olub. Elə son 100 ili, 200 ili götürək. Bu mü­haribələrdə nə qədər insan həlak olub. Bu ədavəti, kini-küdurəti illərlə heç bir xalq qəlbində yaşatmayıb, uşaqlarını nifrət hissi ilə böyütməyib. Yeri gəlmiş­kən, ermənilər bunu ediblər və onların yanaşmaları özləri haqqında dedikləri “qədim, əzabkeş və sivil xalq” iddia­larının da mif olduğunu sübuta yetirir. Azərbaycan Cənubi Qafqazda ədavətə nəhayət, son qoyulmasında, normal, işgüzar münasibətlər qurulmasında maraqlıdır. Bundan ən çox faydalanan­lardan biri də elə erməni xalqı, o cüm­lədən, Qarabağ erməniləri olacaq. On­lar bunu nə qədər tez başa düşsələr, bir o qədər yaxşıdır.

Səxavət HƏMİD, “Xalq qəzeti”



Siyasət