Ermənistanda əsirlərimizə münasibət bu ölkənin sülhə hazır olmadığını göstərir

post-img

Ermənistanın baş prokuroru Anna Vardapetyan əsir götürülmüş Azərbaycan hərbçiləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu haqqında açıqlama verib. O, açıqlamasında əsirlərin ekstradisiyasının nəzərdə tutulmadığını bildirib. Azərbaycanlı əsirlərin gələcəkdə də ekstradisiya oluna biləcəyi ilə bağlı suala da konkret cavab verməyib və qeyd edib ki, bu onun səlahiyyətinə aid deyil. Göründüyü kimi, Ermənistan bu dəfə baş prokurorun dili ilə əsirlərimizi geri qaytarmaq niyyətində olmadığını bildirib. 

Şübhəsiz, Ermənistanın əsirlərimizlə bağlı ortaya qoyduğu belə mövqe, hər şeydən öncə, rəsmi İrəvanın sülhə ha­zır olmadığını göstərir. Bu fakt bir daha onu göstərir ki, Ermənistan ölkəmizə qarşı təxribatlarına son qoymaqda, böl­gədə sülhün və təhlükəsizliyin bərqərar olmasında maraqlı deyil. Ona görə əlinə düşən hər fürsətdən istifadə edərək ölkə­mizin maraqlarına zərbə vurmağa, sülh və təhlükəsizlik üçün əngəllər yaratmağa çalışır.

Növbəti absurd: əsir hərbçimiz “qatil” obrazında

İrəvanın dumanlı havada yolu aza­raq, Ermənistan ərazisinə keçən hərb­çilərimizə münasibətinin qərəzli olmasını isbat edən çoxsaylı faktlardan biri də, Paşinyan rejiminin əsir hərbçimizdən qatil düzəltmək istəyi ilə bağlıdır. Belə ki, Ermənistanın baş prokurorluğu əsir hərbçimiz Hüseyn Axundova qondar­ma cinayət işi açaraq, onu “Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə” ittiham edib. Bu fakt bir daha onu göstərir ki, İrəvan beynəlxalq qanun və konvensiyaları pozaraq, əsirlə­rimizi Azərbaycana təhvil vermək istəmir. Elə bu səbəbdən də qanunsuz davranı­şına hüquqi don geyindirmək üçün əsas yaratmağa çalışan İrəvan, hərbçimizi erməni gözətçisini öldürməkdə təqsirlən­dirir. Ermənistan əsir hərbçimizdən qatil düzəltməklə, göstərmək istəyir ki, guya, onun Azərbaycana qaytarılmamasına səbəb törətdiyi konkret cinayət hadisəsi­dir. Halbuki, Ermənistanın bu ittihamının, tamamilə, əsassız olduğu, heç bir fakta söykənmədiyi və siyasi amillərdən irəli gəldiyi göz önündədir. 

Ermənistanın Cenevrə Konvensiyasına tutduğu “divan”

Ermənistanın azərbaycanlı əsirlərə münasibətdə yol verdiyi qərəz və vəh­şilik rəsmi İrəvanın əsirlərlə bağlı bütün beynəlxalq konvensiyaları, o cümlədən, 1949-cu ilin Cenevrə Konvensiyasını kobud şəkildə pozduğunu göstərir. İrəva­nın Cenevrə Konvensiyasını necə, hansı maddə və bəndlər üzrə pozduğunu daha yaxşı anlamaq üçün sadəcə aşağıdakı faktlara nəzər salmaq yetərlidir: 

Cenevrə Konvensiyasının 3-cü mad­dəsinin c bəndində qeyd olunur ki, əsirlə münasibətdə təhqiredici, insan ləyaqətini alçaldan rəftara yol vermək olmaz. Hal­buki, azərbaycanlı əsirlərin əsir düşməsi ilə bağlı erməni tərəfinin yaydığı foto-vi­deo materialda onların işgəncə və şid­dətə məruz qaldığı açıq şəkildə özünü göstərir. Fotolardan da görünür ki, əsir­lərimiz elə ilk andan ağır işgəncə və fiziki zorakılığa məruz qalıblar.

Cenevrə Konvensiyasının 12-ci mad­dəsində qeyd olunur ki, əsirə “cinsinə, irqinə, milli mənsubiyyətinə və ya vətən­daşlığına, dini etiqadına, siyasi əqidəsinə və ya digər oxşar meyarlara görə heç bir ayrı-seçkilik qoymadan onlara humanist rəftar və qayğı göstərilməlidir”. Azərbay­canlı əsirlərin məhz milli mənsubiyyətinə görə işgəncəyə məruz qaldığı media­dakı və sosial mediadakı fotofaktlardan açıq-aydın görünür. 

Cenevrə Konvensiyasının 50-ci mad­dəsində qeyd olunur ki, əsirlərə işgəncə verilməsi və onların qeyri-insani rəftara məruz qalmaları ciddi pozuntudur. Kon­vensiyanın bu maddəsi göstərir ki, er­mənilər əsir hərbçilərimizə münasibətdə beynəlxalq öhdəliyi kobud şəkildə pozub­lar.

Qeyd edək ki, Ermənistanın əsir hərbçilərimizə münasibətdə yol verdiyi vəhşilik, sadəcə, Cenevrə Konvensiyası ilə deyil, digər beynəlxalq konvensiyalar­la da açıq-aşkar ziddiyyət təşkil edir. Bu isə o deməkdir ki, Ermənistan qoşulduğu beynəlxalq konvensiyaların tələblərinə əməl etmir. 

Xatırladaq ki, Ermənistan bundan öncə də həmin sənədlərin tələblərini dəfələrlə kobud şəkildə pozub. Görünən odur ki, beynəlxalq təşkilatlar, dünya bir­liyi ölkəni cəzalandırmayana qədər, bu mənfur əməlindən əl çəkməyəcək. 

Seymur ƏLİYEV

Siyasət