Paşinyanın xəbərdarlığı: Bir dövlət kimi mövcudluğumuz sual altına düşəcək

post-img

Buna görə biz onların konstruktivliyinə ümid edirik. Əgər onlar kons­truktiv olmasalar, biz diplomatik tədbirlərdən başqa hər hansı bir digər tədbirlərə əl atmağı planlaşdırmırıq. Bu qədəri bizə bəsdir. Buna görə, sadəcə, sülh olmayacaq, kommunikasiyalar açılmayacaq. Onlar yenə də təcrid olunacaqlar və onlar bu yeni geosiyasi konfiqurasiyada özlərinə yer tapmalı olacaqlar. Çünki bütün geosiyasi vəziyyət, – söhbət təkcə regiondan deyil, qlobal vəziyyətdən gedir, – dəyişib. Bizim orada öz yeri­miz var. Bu yer çox sabitdir və getdikcə daha da möhkəmlənir. Lakin on­lar üçün bu, böyük çağırış olacaqdır. Ümid edirəm ki, Vaşinqton danışıq­ları hətta nəticə verməsə belə, biz tərəqqinin əlamətlərini görə biləcəyik.

Prezident İlham Əliyevin mayın 3-də “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfransdakı çıxışından.

 

Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə keçirilən “Hökumət saatı”nda tarixi etirafını edib. Deyib ki, Ermənistan rəhbərliyi ölkənin heç bir dövlətə ərazi iddiasının olmadığını və gələcəkdə də olmayacağını bəyan etməlidir: “Əgər biz bunu bəyan etməsək, bizi hər tərəfdən sıxışdıracaqlar və bir dövlət kimi mövcudluğumuz sual altına düşəcək”.

Okeanın o tayında – ABŞ-da iki ölkə­nin xarici işlər nazirləri arasında bir neçə gündür davam edən danışıqlar fonunda bu, olduqca maraqlı və cəlbedici bəya­natdır. Hətta, bunu geriçəkilmə və rəsmi İrəvanın danışıqlar prosesinə mesajı kimi də qiymətləndirmək olar.

Görünür, N.Paşinyan uzun illər ər­zində yürüdülən “miatsum” (“birləşmək”) siyasətinin və etnik təmizləmənin Ermə­nistanı hansı vəziyyətə gətirib çıxardığını aydın dərk edib. Eyni zamanda, Azər­baycanın 2020-ci ildə apardığı 44 gün­lük Vətən müharibəsi haylara yaxşı dərs olub. Ermənistan bu müharibədə Kollek­tiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, onun əsas ölkəsi – ən yaxın hərbi-siyasi müttəfiqi olduğu Rusiyaya bel bağlayırdı. Rusiya isə vaxtilə özünün də lehinə səs verdiyi BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin Azərbaycan tərə­findən icrasına müdaxilə edə bilməzdi. Çünki Azərbaycanın mövqeyi digər çox­saylı beynəlxalq sənədlərlə də dəstək­lənirdi. Üstəlik, ölkəmiz bu müharibəni beynəlxalq humanitar hüquqa tam uyğun apardı. Ermənistandan fərqli olaraq dinc şəhərləri artilleriya atəşinə tutmadı, mülki insanlara atəş açmadı, kritik infrastruktur obyektlərini sıradan çıxarmadı. Nəticədə müharibədən sonra Azərbaycanın bey­nəlxalq mövqeləri daha da möhkəmləndi. Aparılan danışıqlarda Bakı hər cəhətdən üstün tərəf kimi çıxış etməyə başladı. İrəvan müharibədən sonra itirilmiş siya­si möqelərini qaytarmaq üçün çox cəhd etdi, ancaq bütün bunlar uğursuzluğa düçar oldu. Bu baxımdan bütün ümid­lərini itirmiş N.Paşinyanın hazırda rea­list mövqedən çıxış etməyə başladığını demək olar. Necə deyərlər, ilan ulduz görməsə ölməz. Onun bugünkü mövqeyi “dəmir yumruq”un yerində olmasının ay­dın dərk edilməsindən də xəbər verir.

***

Onu da qeyd edək ki, bu, Paşinyanın oxşar məzmunda ilk açıqlaması deyil. Bundan öncə – aprelin 18-də parlament­də çıxışı zamanı da, o, Ermənistanın Azərbaycan Respublikasının ərazi bütöv­lüyünü tam olaraq tanıdığını demişdi: “Biz bütün beynəlxalq münasibətlərdə aydın şəkildə qeyd etsək, sülh mümkündür. Er­mənistan 29 800 kvadrat kilometr ərazidə tanınır və heç bir başqa ölkəyə ərazi iddi­amız yoxdur. Ermənistan və Azərbaycan arasında sülh sazişi o zaman reallaşacaq ki, iki ölkə birmənalı şəkildə, qeyri-müəy­yənliklər və tələlər olmadan bir-birinin ərazi bütövlüyünü tanıyacaq və bir-birinə heç vaxt ərazi iddiası irəli sürməyəcək. Mən bir daha təsdiq edirəm ki, Ermənis­tan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır və gözləyir ki, Azərbaycan da Ermənistan SSR-in bütün ərazisini Er­mənistan Respublikası kimi tanıyacaq”.

***

Dünən Qara Dəniz İqtisadi Əməkdaş­lıq Təşkilatı Parlament Assambleyasının yaradılmasının 30-cu ildönümünə həsr olunmuş üzv dövlətlərin parlament rəh­bərlərinin Ankarada keçirilmiş Sammitin­də və Parlament Assambleyasının plenar iclasında çıxış edən Ermənistan parla­mentinin spikeri Alen Simonyan İrəvanın xarici siyasətində qonşuluq münasibətləri və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplə­rini bir daha təsdiqlədiyini bildirib: “Bizim qonşularımıza heç bir ərazi iddiamız yox­dur və qonşularımızın da bu prinsipi rəh­bər tutacağını gözləyirik”.

Ermənistanın daha bir yüksək vəzifə­li şəxsinin dilindən səslənən bu bəyanat yürüdülən siyasətin hayları uçuruma aparmasının daha bir etirafıdır. Onlar cə­nab İlham Əliyevin yazımıza epiqraf kimi seçdiyimiz fikirlərini diqqətlə dinləməli, bu çağırışlara cavab verməli və Ermənista­nı iqtisadi imkanları zəif, yarımmüstəqil, təcrid olunmuş ölkədən normal ölkəyə çevirməyə çalışmalıdırlar. Əks-təqdirdə Ermənistan müxtəlif geosiyasi güclərin məngənəsində sıxılmaqda davam edə­cək.

S.NAZİMOĞLU, “Xalq qəzeti”

Siyasət