Ankara iqtisadi gücünü dünyaya nümayiş etdirir

post-img

Türkiyə bu gün ÜDM (nominal) sıralamasında 17-ci sırada yer alır. “OECD” və “G-20” kimi əsas iqtisadi təşkilatların təsisçilərindən biridir. 1995-ci ildə fəaliyyətə başlayan və ölkənin xarici ticarət siyasətində önəmli yer tutan təşkilatlarından biri olan Avropa İttifaqı–Türkiyə Gömrük İttifaqı idxal və ixracın yüksək dərəcədə artmasına əhəmiyyətli təsir göstərir. Bunun sayəsində Türkiyə ixracatının həcmi ildən-ilə artır. Ən çox məhsul ixrac olunan ölkələr Almaniya, İraq, İngiltərə, İtaliya və Fransadır. 

Qardaş ölkə gəmi inşaatında son 20 ildir ki, davamlı olaraq böyük uğurlar əldə edir. Bu sahədə ən böyük bazar­lar Malta, Norveç, İngiltərə və Marşall adalarındadır. Hazırda Türkiyədə 100-ə yaxın türk gəmiqayırma zavodu fəaliyyət göstərir. Tuzla, Yalova və İzmit gəmiqa­yırma sənayesinin əsas mərkəzləridir. 

Türkiyə iqtisadiyyatının digər va­cib sahələri arasında bankçılıq, tikinti, məişət texnikası, elektronika, tekstil, neft emalı, neft-kimya məhsulları, qida, dağ-mədən, dəmir-polad və maşınqayır­ma sektorları da yer alır.

Türkiyə ÜDM-nin 8,9 faizi kənd təsərrüfatı, 27,3 faizi sənaye və 63,8 faizi xidmət sahələridir. Bu göstəricilərə baxmayaraq, hələ də əhalinin dörddə biri kənd təsərrüfatında çalışır. 

Türkiyə toxuculuq sənayesi üzrə dünya bazarında önəmli yer tutur. Bu­nunla bağlı qardaş ölkə daxili istehsalı üçün tədarük etdiyi pambığın müəyyən bir qismini Özbəkistan və ya Türkmənis­tandan alır. Bu ticarətin gerçəkləşməsi üçün əlverişli nəqliyyat infrastrukturu da mövcuddur. Bu yolda Azərbaycan və Türkmənistan arasında olan mövcud marşrutlardan istifadə daşınma sürətini önəmli dərəcədə artırır.

Türkiyə iqtisadi dirçəlişin ilk illərində xarici ticarət üzərində dövlət nəzarətini azaldaraq tədricən iqtisadi tənzimləmə yolu ilə müxtəlif bazarlar açıb və xalqa məxsus müxtəlif qurumları özəlləşdir­məyə başlayıb. Dövlət borcunun ÜDM-ə nisbəti 2010-cu ilin üçüncü yarısında 46 faizə yüksəlib. Həmin ərəfədə illik ÜDM artım tempi orta hesabla 6,8 faiz müəy­yənləşib. Bu rəqəm Türkiyəni ən sürətli böyüyən iqtisadiyyatlardan birinə çevi­rib. 

Onu da qeyd edək ki, 2000-ci illərin əvvəllərində ölkədə yüksək inflyasiya nəzarət altına alınıb və bu yeni bir valyu­tanın meydana çıxmasına səbəb olub. Beləliklə, yeni türk lirəsi (YTL) 2005-ci il yanvarın 1-də qüvvəyə minib. Bundan 4 il sonra isə yeni bir əskinas və sikkələrin tətbiqi ilə Yeni Türk Lirəsi Türk Lirəsi ilə əvəz edilib. 

Türkiyədə turizm sektoru hər il daha da inkişaf edir və iqtisadiyyatın vacib hissələrindən biridir. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi hazırda “Evim Tür­kiyə” adı altında türk turizmini təbliğ edir.

Qardaş ölkə son illərdə ən çox xa­rici qonağı Almaniya və Rusiyadan qə­bul edib. Azərbaycan isə bu siyahıda 901,723 turist ilə 10-cu sırada yer alıb. Türkiyə 2018-ci ildə beynəlxalq turist ziyarətlərinin sayına görə 45,8 milyon xarici turist ilə dünyada 6-cı yerdə qə­rarlaşıb. 

Türkiyə, “İstanbulun tarixi əraziləri”, “Kapadokiya qayalıqları”, “Çatalhöyük”, “Xattusa: Hetin paytaxtı”, “Troya” kimi 17 UNESCO ümumdünya irsinə sahibdir. Qardaş ölkədə dünyanın yeddi möcüzə­sindən ikisi, dünyanın ən qədim dini məs­kunlaşma mərkəzi Göbəklitəpə və bir çox digər irslərə rast gəlmək mümkündür.

Son 20 il ərzində Türkiyə iqtisadiyya­tında nəzərə çarpan volatilliyə, məzənnə enişlərinə və inflyasiyaya baxmayaraq, qardaş ölkə iqtisadiyyatı real ifadədə 3 dəfə böyüyüb. Belə ki, 2003-cü ildə 314 milyard dollar ÜDM-ə malik olan Türkiyə iqtisadiyyatı hazırda 900 milyard dolla­rı keçib. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, bu il Türkiyədə ÜDM-in 1 trilyon 29 milyard dollara çat­ması proqnozlaşdırılıb. 

Onu da qeyd edək ki, 20 il əvvələ qə­dər daha çox aqrar və xidmət sektorları üzrə ixtisaslaşmışdırsa, indi ölkə müasir sənaye dövlətinə çevrilməkdədir. Tür­kiyə hazırda hərbi, avtomobil sənayesin­də xüsusi üstünlüyə malik olan ölkə kimi diqqət çəkir. Məsələn, təhsil sahəsində 10,3 milyard türk lirəsi olan illik büdcə 304 milyard türk lirəsindən çox artırılıb. Ümumi daxili məhsul 238 milyard ABŞ dollarından 1 trilyon ABŞ dollarına, sa­tınalma gücü nisbətinə görə isə Türkiyə dünyanın ən böyük 11-ci, Avropanın 4-cü iqtisadiyyatı səviyyəsinə yüksəlib, ixracat 36 milyard dollardan 250 milyard dollara qədər artırılıb, dünyanın 228 ölkə və bölgəsinə ixracat həyata keçiril­məyə başlanılıb. 

Bu dövrdə Türkiyənin ÜDM-i 238 milyard ABŞ dollarından 1 trilyon ABŞ dollarına qədər artıb. Satınalma gücü nisbətinə görə Türkiyə dünyanın ən bö­yük 11-ci, Avropanın 4-cü iqtisadiyyatı səviyyəsinə yüksəlib. 

Qardaş ölkənin xarici ticarət poten­sialı 500 milyard dollara çatdırılıb. Mü­dafiə sənayesi üzrə Türkiyə öz tələba­tını qarşılamaqdan başqa, İHA, SİHA, Akıncı, quru vasitələri, dəniz platforma­ları başda olmaqla, 170 ölkəyə müdafiə sənayesi məhsulları ixrac edən bir ölkə səviyyəsinə yüksəlib, sənaye və texno­logiya istiqamətində qurulan 152 yeni mütəşəkkil sənaye zonası, 29 sənaye zonası və 94 texnoparkla ölkənin isteh­sal gücü artırılıb, yerli avtomobil TOGG-un istehsalı başa çatdırılıb. 

Son 20 il ərzində Azərbaycanın Türkiyə ilə ticarət əməkdaşlığında da yüksək göstəricilər nəzərə çarpıb. Döv­lət Gömrük Komitəsinin məlumatına əsasən, cari ilin yanvar-fevral ayların­da ölkəmizin xarici ticarət dövriyyəsinin 12,5 faizi Türkiyə ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb. İxracın 12,3 faizini Türkiyəyə göndərilmiş məh­sulların dəyəri təşkil edib.

Onu da xatırladaq ki, cari ilin yan­var-fevral ayları ərzində Azərbaycanın Türkiyəyə qeyri-neft ixracı 78,7 faiz ar­taraq 273,9 milyon ABŞ dolları təşkil edib. Yalnız fevral ayında qardaş ölkəyə ixracın dəyəri 2 dəfə artaraq 167,2 milyon ABŞ dolları səviyyəsinə çatıb. Adıçəkilən ixrac dəyərinin əhəmiyyətli artımının əsas səbəbi elektrik enerjisi ilə əlaqədardır.

V.BAYRAMOV, “Xalq qəzeti”



Sosial həyat