Kremlə PUA hücumu olub

post-img

Rusiya paytaxtında Kremlə PUA zərbələri endirilməsinə cəhd edilib. Birinci zərbədən 16 dəqiqə sonra ikinci zərbə olub. Birinci PUA gecə saat 02:27-də Kremldəki Senat Sarayının üzərində vurularaq partlayıb və bundan sonra binanın damında yanğın başlayıb. İkinci PUA-nın hücumu isə saat 02:43-də qeydə alınıb. Onun qalıqları Kreml ərazisinə düşüb. Məlumatı “İnterfaks.ru” verib.

Rusiya Prezidentinin mətbuat xid­mətinin məlumatına görə, Rusiya hərbçiləri və xüsusi xidmət orqanları hər iki PUA-nı sıradan çıxarıb, itki yoxdur: “Terror hücumu zamanı prezident xə­sarət almayıb. Onun iş qrafiki dəyişmə­yib, adi rejimdə davam edir”. Kremldən bildirilib ki, Rusiya lazım bildiyi yerdə və vaxtda cavab tədbirləri görmək hüququnu özündə saxlayır.

Qeyd edək ki, Rusiya hücumda Ukraynanı günahlandırır. Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov isə bildirib ki, Kremlə gecə hücumları ilə bağlı onlarda heç bir mə­lumat yoxdur: “Prezident Zelenskinin dəfələrlə qeyd etdiyi kimi, Ukrayna bütün mövcud qüvvə və vasitələrini öz ərazilərini azad etməyə yönəldir, başqalarına hücuma yox”.

İnsidentə ABŞ-dan da münasibət bildirilib. Senatın Kəşfiyyat Komitəsinin sədri Mark Uorner deyib ki, ötən gün Kremlə PUA hücumunun arxasında Ukraynanın ola biləcəyinə dair hazır­da heç bir əlamət yoxdur. “Bizim hələ də az məlumatımız var. Ən azı hazır­da onun mənbəyinin ukraynalı olması barədə heç bir işarə yoxdur”, - deyə Uorner qeyd edib.

ABŞ Dövlət Departamentinin söz­çüsü Vedant Patel isə bəyan edib ki, Kremlə dron hücumu ABŞ-ın Ukrayna­ya hərbi yardım göstərməsinə heç bir formada təsir göstərməyəcək: “ABŞ uk­raynalı tərəfdaşlarını tələb olunduğu qə­dər dəstəkləyəcək”, - deyə Patel bildirib.

Ukraynanın isə dünən bir neçə istiqamətdə əks-hücuma başladığı barədə məlumatlar yayılıb. Bu barədə “Vaqner” hərbi şirkətinin rəhbəri Yevge­ni Priqojin bəyan edib. Onun sözlərinə görə, Rusiya Baxmutda hücumu da­yandırıb, ancaq Ukrayna ordusu şəhər istiqamətində böyük əks-hücuma baş­layıb. Ukrayna hərbçilərinin Zaporojye vilayətinin Orexovski şəhəri istiqamə­tində də hücuma keçdiyi bildirilib. Bu və digər istiqamətlərdə gün ərzində qızğın döyüşlər gedib.

“Xalq qəzeti”

Son xəbərlər