Türkiyədə seçki mədəniyyəti yüksəkdir

post-img

Sivil ölkələrdə seçkilərin dürüst və şəffaf keçirilməsi cəmiyyətin siyasi mədəniyyətinin səviyyəsini əks etdirir. Türkiyə də bu sahədə yüksək nailiyyətlər əldə edən dövlətlərdəndir. Çünki burada ənənəvi yüksək seçki mədəniyyəti mövcuddur. 

Qardaş ölkə bu istiqamətdə, hətta ondan daha çox təcrübəsi olan dövlət­ləri belə qabaqlayıb. Ankaradakı nüfuz­lu Bilkənd Universitetinin professoru, tanınmış politoloq Əmirulla Məmmə­dov hesab edir ki, seçkilər hüquqi və si­yasi kampaniya olmaqla bərabər, həm də demokratik mənəviyyət məsələsidir. 

Ümumiyyətlə, Türkiyə təkcə müsəl­man dünyasında deyil, bütövlükdə, Qərbdə bu sahədə öndə gedən dövlət­lərdəndir. Burada səslərin oğurlanması və başqa seçki saxtakarlığı hallarına demək olar ki, rast gəlinmir. Qardaş ölkənin vətəndaşı bunu özünə həqarət sayır. 

Professor Ə.Məmmədov vurğulayır ki, Türkiyə cəmiyyətinin siyasi əxlaqı seçki saxtakarlığı hallarına heç vaxt yol verməyib və verə də bilməz. Qərb ictimaiyyəti də Türkiyədə seçki mədə­niyyətinin yüksək səviyyədə olduğunun fərqindədir və ölkənin ən kəskin tənqi­dçiləri belə burada seçkilərin şəffaf və ədalətli olacağına şübhə etmir. 

Yeri gəlmişkən, Türkiyədə səsver­mə günü səslərin elektron qaydada, necə deyərlər, bir göz qırpımında şəf­faf surətdə sayılması və nəticələrin ən qısa zamanda elan edilməsi bir çox “sinələrinə döyən” ölkələri heyrətə gəti­rir. Yadımdadır, 2018-ci ildə Türkiyədə prezident seçkilərində səsvermə başa çatandan cəmi bir saat sonra səsver­mənin ilkin nəticələri elan olunmuşdu. 

Lakin Qərbin bir sıra siyasi insti­tutları, vətəndaş cəmiyyəti qurumları, xüsusilə media orqanları Türkiyədə seçkilər barədə hazırladıqları hesabat və şərhlərdə məqsədli şəkildə qey­ri-dəqiqliyə, hətta qərəzçiliyə yol verir. Səbəb bəllidir. Ankaranın qlobal səviy­yədə artan iqtisadi-hərbi gücü və nüfu­zu onları narahat edir. 

Son günlər Avropa KİV-nin Türkiyə­də qarşıdan gələn seçkilərin işıqlandı­rılması ilə bağlı bir çox yazıları diqqətlə oxumuşam. Demək olar ki, əksər qəzet və jurnallar, informasiya agentlikləri və telekanallar bu məsələdə birtərəfli ya­naşma sərgiləyir. Halbuki, məhz həmin “demokratik toplumlar” bu dəyərləri digər ölkələrdən tələb edirlər, amma özləri, təəssüf ki, bu qaydalara əməl etmək istəmirlər. 

Qərb jurnalistləri çalışdıqları mət­bu nəşrlərdə Türkiyədə prezidentliyə namizədliyi qeydə alınan siyasətçilər barədə fikir və mülahizələrini səs­ləndirərkən bir qayda olaraq qərəzli mövqe sərgiləyir, bir çox hallarda isə hətta, kobud səhvlərə yol verirlər. 

Son günlər ABŞ, Fransa, Belçika, Danimarka, Almaniya və s. ölkələ­rin mətbuatında dərc olunan yazılar­da, televerilişlərdə Türkiyədə seçkilər mövzusu işıqlandırılarkən balans aş­kar şəkildə pozulur. Məsələn, iki gün əvvəl nüfuzlu “The Associated Press” informasiya agentliyi qardaş ölkədə namizədlərin seçkiqabağı kampaniya­ları barədə oxucularına geniş məqalə təqdim edib. 

Yazıda budəfəki seçkilərin iki əsas favoriti –CHP lideri, “Millət İttifaqı”nın vahid namizədi Kamal Kılıçdaroğlu ilə hazırkı dövlət başçısı, AKP-nin qu­rucusu və lideri, “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğanın seçki proqramları, siyasi baxışların­dakı fərqlər, cəmiyyətdəki mövqeləri, səsvermənin mümkün nəticələri və s. məsələlər təhlil olunub. 

Qeyd olunub ki, ana müxalifətin təmsilçisi Kamal Kılıçdaroğlu Qərbyön­lü siyasət həyata keçirir və ölkəsinin ABŞ, eləcə də Avropa İttifaqı ilə “sərin” münasibətlərini yaxşılaşdırmağa çalı­şır. Müəllif, eyni zamanda, təəssüf ki, etik qaydaları pozaraq Türkiyə iqtida­rının son iyirmi ildəki uğurlarına kölgə salmağa cəhd edir, xüsusilə hazırkı iqtidarı əsassız olaraq avtoritarlıqda günahlandırır. Belə çıxır ki, Türkiyənin dövlət başçısının ölkəsinin regionda və qlobal səviyyədə nüfuz dairəsini geniş­ləndirməyə çalışması bir siyasətçi kimi guya onun iddialı olmasından xəbər verir. 

Belə qeyri-obyektiv, mübahisəli fi­kirlər Qərb mətbuatında yer alan digər yazılar üçün də səciyyəvidir. Bu hallar, əlbəttə, qlobal mediaya heç də hörmət gətirmir, ona etimadı azaldır. 

Şübhəsiz, türk insanı müdrik, ədalətli, siyasi cəhətdən kifayət qədər yüksək hazırlıqlı və yetkindır. Kimin lehinə, kimin əleyhinə səs verməsi is­tisnasız olaraq hər bir vətəndaşın özəl haqqıdır. 

Rüfət RÜSTƏMOV,
BDU-nun Türk filologiyası kafedrasının müdiri, filologiya elmləri doktoru, professor


– Mən 1972-1973-cü illərdə Türkiyədə işləmişəm. O zaman Ankara kimi böyük bir şəhərdə daş kömürdən istifadə edirdilər. Səhərlər pəncərədən baxanda küçəni görmək belə olmurdu. Daş kömürün hisi hər tərəfi bürüyürdü. İndi çox şükür, ölkənin hər bir yaşayış məntəqəsi qazlaşdırılıb.
Son illər Ankara, İstanbul, İzmir kimi böyük şəhərlər, demək olar ki, bütün ölkə gül-çiçək içindədir. Bu ölkənin avtomobil yolları rahat və gözəldir. Türkiyədə bu gün də iri infrastruktur layihələri uğurla icra olunur. Bunları müşahidə edəndə adamın ürəyi dağa dönür.
Türkiyənin hərbi sənaye sahəsindəki uğurları xüsusilə möhtəşəmdir. Belə bir yazılmamış qanun var: yurdu qorumağa gərək hər zaman hazır olasan. “Bayraktar”ın şöhrəti dünyanın hər yerinə yayılıb. Bütün bunlar son illərin böyük uğurudur. Bunlar qardaş ölkənin məsul şəxslərinin yuxusuz gecələrinin məhsuludur. Bu görkəmli siyasətçilərin doğma xalqı və milləti qarşısındakı böyük xidmətlərini danmaq olmaz.
Dahi sərkərdə və dövlət adamı Napoleon deyib ki, türklər başqa millətlərdən bir çox cəhətdən fərqlənirlər, onlar Vətənə hədsiz dərəcədə bağlıdırlar, türkləri öldürmək olar, amma onlar heç vaxt mənən məğlub olmurlar. Əlahəzrət Zaman dəfələrlə sübut edib ki, qəhrəman türk xalqı, həqiqətən, dərin hörmət və ehtirama layiqdir.
Azərbaycanda hər kəs yaxşı bilir ki, 2020-ci ilin payızında 44 gün davam edən şanlı savaşda qardaş Türkiyə Cümhuriyyəti xalqımıza hər cür mənəvi, siyasi dəstək verib. Azərbaycan xalqı xoşbəxtdir ki, onun Türkiyə dövləti və xalqı kimi güclü arxası, etibarlı dostu var. Qədirbilən Azərbaycan xalqı bu yaxşılığı heç vaxt unutmayacaq.
Bir təsirli məqamı yada salmaq istəyirəm. Azərbaycan və Türkiyə dövlətlərinin prezidentləri görüşdükləri zaman bir-birlərinə “qardaşım” deyə müraciət edirlər. Bu, ecazkar ifadədə böyük səmimiyyət və qüdrət var.
Türkiyədə seçki mədəniyyəti barədə ürəyimin üzərinə qoyub tam səmimiyyətlə deyə bilərəm ki, dünyanın çox az ölkəsində qardaş ölkədəki qədər yüksək seçki mədəniyyəti var.

 

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”



Siyasət