SESRIC DOST-la dost olmaq istəyir

post-img

DOST Agentliyində ölkəmizdə səfərdə olan İslam Əmək Təşkilatının (İƏT) İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRIC) baş direktoru xanım Zehra Zümrüd Selçukun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub. Qonaqlar əvvəlcə 1 saylı Bakı DOST mərkəzində vətəndaşlara göstərilən xidmətlərlə tanış olublar.

Görüşdə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkə­mizdə əmək və sosial müdafiə sahəsin­də aparılan islahatlar və əldə olunmuş nailiyyətlər, DOST konsepsiyası, sosial sahədə innovativ həllərin geniş tətbiqi işləri barədə məlumat verib.

İƏT-ə üzv ölkələr üzrə statistika, iqti­sadi və sosial sahələrdə araşdırmaların aparılması, təcrübələrin və texniki mə­lumatların mübadiləsində SESRIC-in fəaliyyətinin əhəmiyyəti vurğulanıb. Nazirliyin SESRIC ilə əməkdaşlığa xü­susi önəm verdiyi, həmçinin qurumun müxtəlif mövzularda keçirdiyi konfrans, seminar və təlimlərdə nazirlik əməkdaş­larının iştirak etdikləri bildirilib. Qeyd edilib ki, İƏT-in mərkəzi qərargahı Bakı şəhərində olacaq. Yaradılan Əmək Mərkəzinin təşkilata üzv ölkələr ara­sında əmək, məşğulluq, sosial müdafiə sahəsində əlaqələrin inkişafına töhfə verəcəyi diqqətə çatdırılıb.

SESRIC-in baş direktoru Zeh­ra Zümrüd Selçuk ölkəmizdə sosial sahələrdə aparılan islahatlarla, habelə DOST modeli ilə bağlı müsbət fikirlərini ifadə edib. O, rəhbəri olduğu qurumun fəaliyyət sahələri, icra etdiyi proqramlar barədə məlumat verib, SESRIC-in İƏT-in Bakıda yaradılacaq Əmək Mərkəzi ilə fəal əməkdaşlıq edəcəyini bildirib.

Görüşdə əmək, məşğulluq, sosi­al müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Nazirliyin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın fəaliyyətin­dən bəhs olunub. Milli observatoriya ilə SESRIC arasında gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Sonra nümayəndə heyəti üçün DOST konsepsiyası və əmək, məşğul­luq, sosial müdafiə sahələrində yaradıl­mış elektron sistemlərə, rəqəmsal xid­mətlərə dair təqdimatlar edilib.

Nümayəndə heyəti, eyni zamanda, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə baş çəkib, burada həssas qruplarının yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi üçün aparılan işlərlə tanış olub, benefisiarların əl işlərini yük­sək dəyərləndirib. 

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

Sosial həyat