Həyatımızın istənilən sahəsinə üz tutduqda xalqımızın dahi oğlu Heydər Əliyevin fədakar əməyinin, çoxşaxəli fəaliyyətinin şahidi oluruq. Hələ sovetlər dönəmində ölkəmizə rəhbər seçilən ulu öndər Azərbaycanı böyük inkişaf yoluna çıxarmağa müvəffəq olmuşdu. Bu inkişaf yolunda da ona vaxtilə Azərbaycandan kənara təhsil almağa göndərdiyi gənclər kömək etmişdilər. Hər il avqustun son günlərində həmin gənclərin növbəti qrupu hazırda Heydər Əliyevin adını daşıyan bu saraydan ulu öndərin xeyir-duası ilə SSRİ-nin ən nüfuzlu ali məktəblərinə yola salınırdılar. Onlara nəvazişlə “kənar şəhərlilər” də deyirdilər.
Dünən “kənar şəhərlilər” Heydər Əliyev Sarayına toplaşdılar. Toplaşdılar və böyük şəxsiyyətin sayəsində Azərbaycanın dövlət kimi güclənməsindən və bu misilsiz düha sahibinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətənimizin qalib ölkə kimi inkişafından söz açdılar, xatirələrini, təəssüratlarını bölüşdülər, tariximizin Heydər Əliyevli illərinə ekskursiya etdilər.
Qələbəliyin ilk ünvanı Heydər Əliyev Sarayının foyesi idi. “Kənar şəhərlilər” orada ulu öndərə həsr olunmuş foto-stendə baxırdılar. Tədbir barədə fikirlərini öyrənmək məqsədilə onlara - ulu öndərin milli kadrlarına yaxınlaşdıq.
Vaqif Mustafayev,
Kinorejissor, ssenarist, Azərbaycan Respublikasının Xalq artisti:
- Belə bir proqramın olduğundan xəbərim var idi. Sevindirici haldır ki, tədbirdə bu qədər insan iştirak edir. Hamının üzündə sevinc, çöhrəsində təbəssüm var. Gözəl mənzərədir, vaxtilə ulu öndərin xaricə təhsil almağa göndərdiyi həmvətənlərimiz bir aradadır.
Heydər Əliyev milli kadrların hazırlanmasına müstəsna önəm verirdi. Bura toplaşanların hər biri tanınmış ziyalı, mütəxəssis, ictimai xadim və cəmiyyətimizin ictimai-siyasi həyatında mühüm rol oynayan insanlardır. Əksəriyyətini tanıyıram.
Xatırlayırsınızsa, ötən əsrin 70-ci illərinin əvvəllərindən ulu öndərin rəhbərliyi ilə respublikada hərbi işlərin təşkili, hərbi ənənələrin bərpası, Azərbaycan gənclərinin hərbi işlərə marağının artırılması istiqamətində çox böyük işlərə başlanılmışdı. Məhz həmin illərdə mövcud istiqamətdə təhsilin təşkili bugünümüzün güclü ordusunu formalaşdırmağa imkan verdi. Digər sahələrdə də eyni mənzərəni müşahidə etmək olar.
Hesab edirəm ki, tədbiri çox gözəl düşünüblər. Konsepsiyası əladır. Təşkilatçılara təşəkkür edirəm.
İsa Hüseynov,
Lənkəran Dövlət Universitetinin kimya və fizika kafedrasının müdiri, kimya üzrə fəlsəfə doktoru:
- Mən də ulu öndər Heydər Əliyevin vaxtilə xaricə təhsil almağa göndərdiyi gənclərdən olmuşam. Ümummilli liderimiz savadlı və milli dəyərlərə sədaqətli kadrların hazırlanmasını inkişafın ən vacib amili kimi müəyyənləşdirmiş və mövcud sahədə sistemli tədbirlər həyata keçirmişdi. Respublikamız üçün vacib ixtisaslara yiyələnmələri məqsədilə onları keçmiş SSRİ-nin qabaqcıl ali məktəblərinə göndərmişdi. Nəticədə Azərbaycanın elmi və kadr potensialının yüksəlməsinə nail olmuşdu. Hazırda istər ölkəmizdə, istərsə də xaricdə fəaliyyət göstərən yüksəkixtisaslı kadrların böyük əksəriyyəti Heydər Əliyev məktəbinin məzunlarıdır. Həmin məzunların sırasında yer aldığıma görə xoşbəxtəm.
Afaq Bəşirova,
SİRDAŞ psixologiya mərkəzinin defektoloqu və loqopedi:
- Bilirsiniz, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan gənclərinin gələcəyinə işıq saçmışdı. Məhz 1970-1980-ci illərdə ulu öndərin sayəsində Azərbaycandan kənarda ehtiyac duyulan ixtisaslar üzrə minlərlə azərbaycanlı gənc ali təhsil almışdı. Mən də həmin gənclərdən biri kimi, 1976-1980-ci illərdə Moskva Dövlət Pedaqoji İnstitutunda defektoloq-loqoped ixtisası üzrə təhsil almışam. Bugünkü nailiyyətlərimdə xaricdə aldığım təhsilin böyük payı var. Buna görə ulu öndər Heydər Əliyevə sonsuz dərəcədə minnətdaram. Onun milli kadrların hazırlanmasına olduqca həssas yanaşmasının nəticəsidir ki, biz hamımız Azərbaycanın inkişafına layiqli töhfəmizi verməyə çalışmışıq.
Bu tədbirin keçirilməsini çox yüksək qiymətləndirir, təşkilatçılara minnətdarlığımı bildirirəm.
Rəqsanə Məmmədova,
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının müdiri:
- Bu gün burada olmaqdan çox şadam. Çünki təşrif buyuranların hər birinin mütəxəssis kimi formalaşmasında böyük rol oynamış dahi şəxsiyyət Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirdə iştirak edirik. Ulu öndər daim ölkənin gələcəyini düşünür, Azərbaycan gənclərinin təhsilinə xüsusi önəm verirdi. Heydər Əliyev Azərbaycan gənclərini xarici ölkələrin ən yaxşı universitetlərində oxumağa göndərirdi.
Mən də 1982-1984-cü illərdə Moskva Pediatriya İnstitutunda təhsil almışam. Sonra təhsilimi Almaniyada davam etdirmişəm və doktorluq dissertasiyamı orada müdafiə etmişəm. Ulu öndərin dəstəyi sayəsində indi əldə etdiyim zirvələrə çatmışam. Tədbirə gəldikdə, həqiqətən, möhtəşəmdir və belə də olmalıdır. Xoşbəxtəm ki, ulu öndərlə bir əsrdə yaşamışam.
Nailə Məmmədova,
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, professor:
- Biz hamımız ulu öndər Heydər Əliyevin hələ sovetlər dövründə misilsiz xidmətlərini bu gün iftixarla xatırlayırıq. 1969-1987-ci illərdə o, Azərbaycanın kadr potensialının inkişafında inqilabi addımlar atması ilə hər birimizin yaddaşında iz buraxdı. 1969-cu ildə ümummilli lider Heydər Əliyev ölkə rəhbərliyinə gəldikdən sonra gəncləri keçmiş SSRİ-nin tanınmış ali məktəblərinə oxumağa göndərdi. Bu, Azərbaycanın kadr potensialının inkişafının başlanğıcı idi.
O zaman və indi xaricdə təhsil almış minlərlə gənc bu gün ölkənin dövlət quruculuğunda iştirak edirlər. Mən də Moskva şəhərində ali təhsil almışam. Sonra Vətənimdə təhsilimi davam etdirmişəm. Bu gün digər həmvətənlilərim kimi, ölkəmizin inkişafına töhfə verməyə çalışıram. Ulu öndərin bizə dəstəyini heç zaman unutmuruq və azərbaycanlı olmağımızla fəxr edirik.
Ümumiyyətlə, möhtəşəm günlər yaşayırıq. Bütün Azərbaycan ulu öndər ilə yanaşı, böyük alim, oftolmoloq Zərifə xanım Əliyevanın da 100 illiyini qeyd edir. Belə tədbirin keçirilməsini yüksək qiymətləndirir və təşkilatçılara təşəkkürümü bildirirəm.
Məhəmməd Kərimov,
Tibb elmləri doktoru, professor:
-Bu tədbirin keçirilməsi təqdirəlayiqdir. Çünki milli kadrların hazırlanmasında misilsiz rol oynamış, müasir Azərbaycan dövlətinin qurucusu, böyük siyasi xadim Heydər Əliyevin 100 illiyi tamam olur. Ulu öndərin 1969-cu ildə siyasi hakimiyyətə gəlməsindən sonra Azərbaycan təhsilində gördüyü işləri əsl inqilab, epoxal dəyişikliklər dövrü adlandırmaq olar. O dönəmdə mən də təhsilimi yenicə bitirmiş gənc həkim kimi bu proseslərdən kənarda qalmadım.
Ulu öndərin yaratdığı münbit şəraitdən istifadə edərək xaricdə təhsilimi davam etdirdim. 1983-cü ildə Moskva şəhərində SSRİ Tibb Elmlər Akademiyasının A.V.Vişnevski adına Cərrahiyyə İnstitutunda məqsədli kliniki ordinaturaya daxil oldum. İki il sonra həmin insititutda aspirantura təhsilimə başladım və 1988-ci ildə damar cərrahiyyəsi üzrə namizədlik dissertasiyası müdafiə etdim. Buna görə də buraya toplaşan bir çox mütəxəssislər kimi mən də elmdə qazandığım bütün nailiyyətlərə görə ulu öndərimizə minnətdaram.
Tədbirin keçirilməsinin əhəmiyyəti ondan ibarətdir ki, toplantıda həm də vaxtilə görülən işlərə dəyər verilir. Buraya toplaşanların sayı göstərir ki, bu qədər insanın təhsil alması üçün xaricə göndərilməsi asan iş deyil. Bu, yalnız Heydər Əliyev dühasının sayəsində olmuşdur. Tədbirin keçirilməsi gənc nəsil üçün də önəmlidir. Gənclər də görürlər ki, vaxtilə xaricdə təhsil almış şəxslər bu gün Azərbaycanda müxtəlif sahələrin inkişafında yaxından iştirak edirlər. Yəni, bu tədbir onlar üçün böyük motivasiyadır.
Gülşən Paşayeva,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü:
- Sovet dövründə ümummilli lider Heydər Əliyevin sayəsində xaricdə təhsil imkanı əldə etmək böyük xoşbəxtlik idi. 1978-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə qəbul olmuş, 1983-cü ildə oranı müvəffəqiyyətlə bitirmişəm. Böyük xoşbəxtlik idi ki, biz o dövrdə oxumaq üçün xaricə getdik. O vaxt SSRİ-nin ən məşhur universitetləri həm müəllim, həm də təhsil mühiti baxımından, tamamilə, başqa idi.
Məhz ulu öndər Heydər Əliyevə görə bu cür imkana sahib olmaq bir azərbaycanlı üçün böyük xoşbəxtlik idi. Ulu öndər Heydər Əliyevin ideyalarından biri gəncləri təhsil almaq üçün Azərbaycandan kənara göndərmək idi. Bu, çox möhtəşəm fikir idi. 1969-cu ilə qədər, yəni, ümummilli liderdən əvvəlki dövrdə xaricə göndərilmək üçün 40 nəfəri güclə tapırdılar, onların çoxu rus, erməni və ya başqa millətlərin nümayəndələri olurdu. Azərbaycanlıların sayı çox az idi. Keçmişə baxanda o dövrdə azərbaycanlıların gedib xaricdə oxumaları böyük fürsət idi. Nəzərə alaq ki, orada, eyni zamanda, böyük rəqabət var idi.
Seyfəddin Mustafayev,
təqaüdçü:
- Ulu öndər Heydər Əliyevin himayəsi ilə Sverdlovsk şəhərində defektologiya üzrə ikinci təhsil almışam. Sverdlovsk Dövlət Pedaqoji Universitetinin defektologiya fakültəsinin sağlamlıq imkanları məhdud uşaqları ilə 35 il işləmişəm.
Quruculuq işləri, Prezident İlham Əliyevin planlarının hamısı ümummilli liderin strategiyasının davamıdır. Dövlətimizin başçısını gördüyü praktiki işlər, təcrübəsi ulu öndərdən qaynaqlanır. Bu gün də dahi rəhbərin siyasəti davam etdirilir. Çox şadam ki, böyük Heydər Əliyevin təhsil almaq üçün xaricə göndərdiyi tələbələrdən biriyəm.
Ədalət Məmmədov,
Tərtər Rayon Statistika İdarəsinin rəisi:
- Ulu öndər Heydər Əliyevin dəstəyi ilə mən də 1982-ci ildə xaricdə təhsil alan tələbələrin sırasında olmuşam. Ukraynanın Xarkov Mühəndislik və İqtisadiyyat İnstitutunda mühəndis-iqtisadçı ixtisası üzrə təhsilimi bitirib Vətənə qayıtmışam.
1982-ci ildə ulu öndər bizi valideynlərimizlə birlikdə qəbul etdi. Təntənəli görüşdə bizə qiymətli hədiyyələr təqdim etdi. Avqust ayında hər birimizə tələbə təqaüdü təyin olundu. Sayımız 800-ə yaxın idi, ödənişsiz təyyarə ilə təhsil alacağımız şəhərlərə yollandıq. Orada oxuduğumuz müddətdə də ulu öndərin qayğısından kənarda qalmadıq. Ümummilli lider 1998-ci ildə bizimlə görüş keçirdi.
Mənimlə təhsil alan insanlardan bəziləri qalıb orada yaşayıblar. Sonradan Azərbaycan diasporunun formalaşmasında həmin şəxslərin böyük xidmətləri olub. Artıq ulu öndərin 30 il bundan qabaq gördüyü işlər bəhrəsini verir. Prezident İlham Əliyev uğurla Heydər Əliyev siyasətini davam etdirir. 44 günlük Vətən müharibəsində də Azərbaycan xalqının müzəffər Ali Baş Komandanla birlikdə belə möhtəşəm bir Qələbə qazanması hər şeyin sübutudur.
Elmira Əliyeva,
Azərbaycan Tibb Universitetinin I mamalıq-ginekologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor:
- Azərbaycanda təhsilin inkişafında, gənclərin xarici ölkələrdə təhsil almalarında ümummilli lider Heydər Əliyevin hər zaman müstəsna xidmətləri olub. Ulu öndərin təşəbbüsü ilə 1970-1980-ci illərdə çox sayda azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində müxtəlif ixtisaslar üzrə təhsil alıb və yüksəkixtisaslı mütəxəssis kimi Vətənə qayıdıb.
Mən 1985-ci ildə ulu öndərin təşəbbüsü və dəstəyi ilə Moskvada məqsədli aspiranturada oxumuşam. Sonra isə 12 il müddətində Moskvada məqsədli doktoranturada mamalıq-ginekologiya ixtisası üzrə təhsil almışam. Təhsil aldığımız müddətdə hər zaman çalışmışam ki, ulu öndərin etimadını doğruldum. Təkcə mən yox, hamımız onun etimadını doğrultmaq əzmindəydik.
Hazırladı:
Səbuhi MƏMMƏDOV,
Elşən AĞALAR (foto),
“Xalq qəzeti”