Vaşinqton prosesi Cənubi Qafqaza sülh gətirəcəkmi?

post-img

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovun və Ararat Mirzoyanın Vaşinqtonda görüşməsi Cənubi Qafqaz regionunun gündəmini təşkil edən başlıca mövzudur. Diplomatik mənbələrin məlumatları görüşün bir neçə gün, hətta, bir həftə belə davam edəcəyini söyləməyə əsas verir. Təbii, gün söhbəti nisbidir. Hər şey hansı məqamların müzakirə ediləcəyindən və nələrin razılaşdırılacağından, ümumən, təmasın nə dərəcədə effektiv alınacağından asılıdır. 

Hələlik isə məlum olan odur ki, na­zirlər regionda təhlükəsizlik sahəsindəki vəziyyətlə, dövlətlər arasındakı normal­laşma prosesi ilə bağlı müzakirələr apa­rıblar. Ermənistanın Xarici İşlər Nazir­liyinin məlumatına inansaq, diskussiya predmetinə çevriləcək məsələlərdən biri də Laçın-Xankəndi yolunda Azərbay­cana məxsus sərhəd nəzarət-buraxı­lış məntəqəsinin qurulmasıdır. Nazirlik bu məsələ barədə bildirərkən həmin məntəqənin qeyri-qanuni yaradıldığını xüsusi vurğulayır. Elə bu deyimdən İrə­vanın danışıqlarda tutacağı mövqenin konstruktiv olub-olmayacağına dair qə­naət formalaşdırmaq mümkündür. Hər­çənd, daxili auditoriyaya hesablanmış belə fikirlərlə reallıq arasında fərqin oldu­ğunu da bilirik.

***

Əlbəttə, İrəvanın məsələyə pozitiv yanaşacağını gözləmək sadəlövhlük olardı. Nə də düşünmək mümkündür ki, Ermənistan danışıqlarda əldə ediləcək nəticələr üzərində dayanacaq və onla­rı pozmayacaqdır. Çünki belə görünür, Ermənistanın baş naziri Nikol Paşinyan üçün anti-Azərbaycan ritorikasını daim gündəmdə saxlamaq vacibdir. İndidən sərhəd məntəqəsinin qeyri-qanuniliyi vurğulanırsa, deməli, Laçın-Xankəndi yolunda azərbaycanlı fəalların və qey­ri-hökumət təşkilatları təmsilçilərinin aksi­yaları kimi, bu məsələ də ölkəmizə qarşı siyasətin vacib tərkib hissəsidir. Halbuki, aksiya da Azərbaycan ərazisində idi, sər­həd də həmçinin. Yəni, prinsip etibarilə, məsələnin üzərində dayanmaq tam mə­nasızdır. 

Bəli, mənasızdır və Azərbaycan Pre­zidenti İlham Əliyev, bütövlükdə, Azər­baycan diplomatiyası bunu həm Ermə­nistana, həm də dünya ictimaiyyətinə başa salmağa çalışır. Nəzərə alsaq ki, Vaşinqtonda Bayramov–Mirzoyan danı­şıqlarının hələ bir neçə gün davam edə­cəyi gözlənilir, başlıca vəzifə də elə bu olacaqdır. Yəni, anlatmaq, daha doğrusu, reallığa inandırmaq, onu qəbul etdirmək.

***

Rəsmi İrəvanın normallaşma prosesi ilə bağlı son mövqeyi budur ki, Azərbay­can Laçın yolunu, guya, 4 ay bağladıq­dan sonra (azərbaycanlı fəalların La­çın-Xankəndi yolunda keçirdikləri aksiya nəzərdə tutulur – red.) 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 6-cı bəndi­ni kobud şəkildə pozaraq aprelin 23-də Rusiya sülhməramlılarının məsuliyyət zonasında nəzarət-buraxılış məntəqə­si yaradıb və dəhlizi rəsmən bloklayıb. Ermənistan Xarici İşlər Nazirliyi belə qə­naətdədir ki, bu, növbəti, lakin məzmun baxımından sözügedən bəyanatın müd­dəalarının ən təhlükəli pozulmasıdır.

Onu da bildirək ki, Vaşinqton görüşü ərəfəsində ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinkenin Azərbaycan Pre­zidenti İlham Əliyevlə və Ermənistan baş naziri Nikol Paşinyanla telefon danışığı olub. Bununla bağlı Azərbaycan tərəfi­nin yaydığı məlumatda təmas zamanı başlıca müzakirə mövzusunun Azərbay­can-Ermənistan normallaşması olduğu önə çəkilib. Mövcud xüsusda Blinkenin ölkəmizin sərhəd məntəqəsi qurması­nı qabartdığı vurğulanıb. Buna cavab olaraq dövlətimizin başçısının həmin məntəqənin yaradılmasının Azərbayca­nın suveren hüququ olduğuna dair fikri də önə çəkilib. Ermənistan XİN-in telefon danışığı ilə bağlı yaydığı məlumatda bil­dirilən isə odur ki, Blinken-Paşinyan tə­ması zamanı başlıca müzakirə mövzusu Azərbaycanın qurduğu sərhəd məntəqə­sinin qanunsuzluğuna söykənib. Təbii ki, İrəvan özünə sərfəli məqamı qabardır. 

***

Ancaq Ermənistan cəmiyyətində­ki fikir bundan ibarətdir ki, bütövlükdə, ABŞ Dövlət katibinin çağırışlarının əsas məqsədi tərəfləri dinc dialoqun davam etdirilməsinə hazırlamaqdır. Bunu Döv­lət Departamentinin yaydığı, Bakı və İrəvan arasında birbaşa sülh danışıqla­rının vacibliyini vurğulayan məlumat da təsdiqləməkdədir. Elə buna görə Ermə­nistan cəmiyyətində danışıqlarla bağlı isterik durum var. 

Bu durumun bir detalını diqqətə çat­dıraq. Məsələn, Ermənistan müxalifətini maraqlandıran suallardan biri budur ki, nə üçün danışıqlara cavabdeh ölkə par­lamentinin vitse-spikeri Ruben Rubinyan­dır? Nə üçün o, birdən-birə Azərbaycanın xarici işlər naziri ilə danışıqlara qatılır? Bu proseslərin əlaqəsi varmı? Hətta, Mir­zoyana inamın olmaması amili üzərində də dayanılmaqdadır. Bütün bunlara görə müxalifətçilər, xüsusən, Ermənistanın Milli Assambleyasının müxalif kəsimi əmindir ki, hakimiyyət danışıqlarda real vəziyyəti ictimaiyyətdən gizlədir və gizli razılaşmalara uyğun hərəkət edir.

“Milli Assambleyanın spikeri Rubin­yanın xarici işlər nazirinin nümayəndə heyətinin tərkibində Vaşinqtona göndə­rilməsinə dair qərar imzalayıb. Rubin­yan həm də Ermənistanın Türkiyə ilə danışıqlar üzrə xüsusi nümayəndəsidir. Mənə maraqlıdır ki, o, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasın­da aparılan danışıqlarda hansı statusda və nə məqsədlə iştirak edir? Bu (iştirak), o deməkdirmi ki, Ermənistan–Azərbay­can danışıqlarının gündəliyinə Ermənis­tan–Türkiyə münasibətləri də daxildir və bu iki proses bir-biri ilə bağlıdır?” – deyə müxalif “Ermənistan” fraksiyasının üzvü Qeqam Manukyan soruşur.

Ümumən, Ermənistan müxalifəti bu fikirdədir ki, Vaşinqtonda xarici işlər na­zirlərinin görüşünün keçiriləcəyi ilə bağlı məlumat gözlənilmədən meydana çıxıb. Eyni zamanda, görüşün gözlənilmədən bir neçə mərhələdə keçiriləcəyinin və günlərlə davam edəcəyinin açıqlanma­sı da erməni müxalifləri əndişəyə salıb. Onlar spiker Alen Simonyanın qərarında Rubinyanın aprelin 28-dən mayın 5-dək ABŞ-a göndərilməsinin əksini tapdığına da diqqət çəkirlər. Belə rəyə gəlirlər ki, görüşün ssenarisinin indiki kimi olacağı əvvəldən məlum idi. Bu isə Ermənistanın parlament müxalifətinin fikrincə, xalqın arxasından gizli iş çevirməkdir, ölkənin və Qarabağın təhlükəsizliyini və maraq­larını şübhə altına almaqdır.

***

Nəzərə alaq ki, Ermənistan cəmiyyə­tində sülhün ölkə üçün sərfəli olmadığını düşünənlər də var. Onların arqumentləri daha tutarlıdır. Ona görə ki, 44 günlük müharibədən ötən müddətdə İrəvanın sülhdən aşkar yayındığını görürük. Bu məqamı dəfələrlə Azərbaycan Preziden­ti də vurğulayıb. Dövlətimizin başçısının A.Blinkenlə sonuncu telefon danışığında sülh təklifinin Azərbaycandan gəldiyini xüsusi vurğulaması adi məsələ deyil. Çünki müharibədə qalib Azərbaycan ola-ola bunu etməyə də bilər. 

Ermənistan üçün sülhün sərfəli ol­mamasına gəlincə, məsələ ilə bağlı şərh verən politoloq Suren Surenyantsın fik­rincə, Paşinyan administrasiyası danı­şıqlar prosesini qəsdən yubadır və sülh müqaviləsini imzalamağa tələsmir, çünki hansı ölkənin moderator kimi çıxış etmə­sindən asılı olmayaraq, istənilən halda, yekun qərar Ermənistanın xeyrinə olma­yacaq. 

Surenyants, həmçinin bildirir ki, hazır­da Qərbin regionda sülh sazişinin həyata keçirilməsinin etibarlı təminatçısı olmaq üçün kifayət qədər imkanları yoxdur. Ona görə İrəvan və Bakı daha çox həm hər­bi mövcudluğu, həm də iqtisadi rıçaqları olan Moskvaya arxalanmalıdır. 

Əlbəttə, erməni politoloqun haqqında söz açdığı arxalanma var. Bu, Ermənis­tan üçün danışıqlarda sırf manevr yolu­dur və belə bir yolun tutulması Moskva­nın da maraqlarına uyğundur. Hərçənd, Azərbaycan danışıqlar prosesinin uzan­ması ilə barışmadığını ortaya qoyur, ira­də nümayiş etdirir. Bu yerdə ölkəmizin XİN rəhbəri Ceyhun Bayramovun ABŞ-a İrəvanı danışıqlar masası arxasında əy­ləşməyə razı saldığı üçün təşəkkür bildir­məsini xatırlayaq. Deməli, İrəvan razılaş­mırmış... 

***

Məlumdur ki, Azərbaycanın və Ermə­nistanın XİN rəhbərlərinin Moskvada da bir araya gələcəyinə dair məlumatlar var. Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bununla əlaqədar fikirlər səsləndirib. Belə qənaət formalaşır ki, nazirlər Vaşinqtondan bir­başa Moskvaya yollanacaqlar. Ancaq nəzərə alsaq ki, ABŞ-da danışıqlar uza­nacaq, belə düşünməyə əsas yaranır ki, sülh prosesinin bütün tərəfləri razılaşdı­rılacaqdır. Elə isə meydana sual çıxır: Moskvaya getməyə ehtiyac qalacaqmı?

Ancaq görünən budur ki, ehtiyac var. Həm də ona görə var ki, nazirlərin müəyyən fasilədən sonra Vaşinqtonda danışıqlar masası arxasına əyləşmələri Birləşmiş Ştatların Cənubi Qafqazdakı vəziyyətin nizamlanması üçün vasitəçi­lik səyləri yolunda hələ də ruslara təzyiq göstərə bildiyinin nəticəsi kimi qiymətlən­dirilməkdədir. Hər halda ekspertlər bu qə­naətdədirlər. Deməli, necəsə Moskvanı da razı salmaq, ona da dividend qazan­dırmaq lazımdır. Axı bölgəyə yaxın olan Rusiyadır. 

Digər tərəfdən, regionda vasitəçilik uğrunda qlobal güclərin yarışı gedir. Bir məqamı da vurğulayaq ki, Rusiya XİN sözçüsü M.Zaxarova tərəflərin Moskva­da danışıqlar aparmağa razılaşdıqlarını daha əvvəl bildirmişdi. Yəni, nazirlərin Vaşinqtondakı görüşü rəsmən təsdiqlən­məmişdən əvvəl. Zaxarova belə bir tə­masın yaxın gələcəkdə baş tutacağını da iddia etmişdi. Burada sual yaranır: dialoq iştirakçıları Rusiyanı deyil, ABŞ-ı üstün tutdular? Bəs haqqında söz açdığımız ehtiyac?

*** 

Onu da vurğulayaq ki, Rusiya bir il­dən çoxdur Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iştirakı ilə üçtərəfli danışıqlar təşkil edə bilmir. Sonuncu belə görüş hələ ötən ilin dekabrında keçirilmə­li idi. Lakin o zaman Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvaya yollanmaqdan qətiyyətlə imtina etdi. Qə­rarını Moskva üçün müəyyən mənada al­çaldıcı sayılacaq məntiqlə əsaslandırdı. O bildirdi ki, Laçın-Xankəndi yolundakı problemi həll etmək üçün səylər göstərdi­yindən, Rusiyaya getməyə vaxtı yoxdur. Bu, sanki, Moskvanın tənzimləmə prose­sində olmadığının vurğulanması effekti yaratdı. Rusiya Prezidenti Vladimir Pu­tinin iştirakı ilə ən yüksək səviyyədə üç­tərəfli danışıqlara gəlincə, sonuncu belə təmas 2022-ci ilin oktyabrında Moskvada gerçəkləşib və heç bir ciddi razılaşma əldə olunmadan başa çatıb.

Maraqlıdır ki, həmin görüşdən cəmi bir neçə gün sonra Azərbaycan və Ermə­nistan liderləri Avropa İttifaqı Şurasının sədri və Fransa prezidentinin iştirakı ilə Praqa sammitində mühüm razılaşmalar əldə etdilər. Çexiyanın paytaxtında tərəf­lər MDB-nin yaradılması haqqında 1991-ci il Almatı sazişinə söykənərək, bir-bi­rilərinin ərazi bütövlüyünü tanıdıqlarını bildirdilər. Nəticədə Ermənistan, faktiki olaraq, keçmiş Dağlıq Qarabağ bölgəsini Azərbaycanın tərkibində rəsmən tanıdı. Əlbəttə, sonra İrəvan tərəfindən spekul­yasiyalar da baş verdi ki, bu da ayrıca müzakirə mövzusudur. Ancaq Rusiyanın siyasi və diplomatik dairələrinin Praqa sazişinə reaksiyası da vurğulanmalıdır. Məlum olduğu ki, münasibət kifayət qə­dər aqressiv idi. Hərçənd, bu aqressivli­yin daha da körüklənməsi Fransa Prezi­denti Emmanuel Makronun Azərbaycan və Rusiya əleyhinə səsləndirdiyi qəbule­dilməz fikirləri ilə də bağlıdır. 

***

Necə deyərlər, olanlar keçmişdə qa­lıb. Bəs indi? Nəzərə alaq ki, Bayramov və Mirzoyan Vaşinqtondadırlar və ABŞ öz nizamlama missiyasının əlahiddəliyi görüntüsü yaratmaqdadır. Konkret olma­sa da, cəmiyyətə danışıqların detalları ilə əlaqədar bilgilər sızdırmaqdadır. Eks­pertlər isə bildirirlər ki, hər şey bu ssenari üzrə getsə, Cənubi Qafqazda uzunmüd­dətli sülhün təmin olunması üçün bütün məsuliyyəti Rusiya deyil, Qərb öz üzərinə götürəcək. 

Belədə Rusiyanın regiondakı rolu Ermənistandakı hərbi mövcudluğu və Qarabağdakı sülhməramlı kontingenti ilə məhdudlaşacaq. Üstəlik, Bakı ilə İrə­van arasında sülh yaransa, bu, Ermənis­tan-Türkiyə münasibətlərin normallaşma­sına mane olan bütün maneələrin aradan qalxması olacaqdır. Onu da nəzərə alaq ki, bu, Rusiyanın 102-ci hərbi bazasının Ermənistanın Gümrü şəhərindən çıxarıl­masının qaçılmazlığı anlamına da gələ bilər. 

***

Sonda yenidən Azərbaycan və Ermə­nistan XİN rəhbərlərinin Vaşinqton görü­şü üzərinə gələk. Belə gözləmək müm­kündür ki, nazirlər sülh sazişinin mətnini yekunlaşdırmağa çalışacaqlar. Mövcud xüsusda “yol xəritəsi”nin müzakirə ediləcəyi də bildirilməkdədir. Diplomatik mənbələr, həmçinin tərəflərin, xüsusən, sərhədlərin delimitasiyasını özündə əks etdirən daha əhatəli sülh sazişi layihəsi üzərində artıq işlədiklərini də bildirirlər. 

O da məlumdur ki, sözügedən “yol xəritəsi”nin razılaşdırılması Azərbaycan və Ermənistan liderlərinin yekun sülh sazişinin imzalamaları üçün daha mün­bit perspektiv doğuracaqdır. Bütün qeyd etdiklərimizi nəzərə alsaq, hər zamankı kimi, bir sual yenə də gündəmə gəlmək­dədir: Ermənistan hökumətinin regionda yekun sülhə nail olmaq üçün siyasi iradə­si çatacaqmı?

Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”

Siyasət