Bakı daha bir nüfuzlu beynəlxalq platforma qazanır

post-img

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın inkişaf etməkdə olan səkkiz ölkə­nin İqtisadi Əməkdaşlıq Təşkilatı­na (D-8) üzv olmaq üçün müraciət etdiyini bildirib. “Haber Türk” te­lekanalına müsahibə verən M.Ça­vuşoğlu deyib ki, qardaş ölkələrlə, xüsusilə də Azərbaycanla əlaqələ­rin inkişafı həyati əhəmiyyət kəsb edir: “Türk Dövlətləri Təşkilatını qlobal aktora çevirməliyik. Bizə D-8 təşkilatını D-20 etmək lazım­dır. İndi Azərbaycan da müraciət edib. Təsisçisi və mühüm aktorları olduğumuz bütün regional təşki­latları qlobal aktora çevirəcəyik”.

***

Qeyd edək ki, D-8 İqtisadi Əmək­daşlıq Təşkilatının yaranması ideyası İslam Əməkdaşlıq Təşkilatının 1996-cı ilin oktyabrın 22-də İstanbulda keçirilmiş toplantısında Türkiyənin sabiq Baş naziri Nəcməddin Ərbakanın təşəbbüsü ilə irəli sürülüb. Toplantıda bununla bağlı qərar qəbul olunub. Təşkilat 1997-ci il iyunun 15-də ölkələrin dövlət və hökumət başçı­larının iştirakı ilə keçirilən zirvə görüşün­də İstanbulda, Türkiyənin dönəm sədrliyi altında rəsmi olaraq fəaliyyətə başlayıb.

Öz ətrafında 8 müsəlman ölkəsini birləşdirdiyi üçün təşkilatın adındakı “8” rəqəmi buna işarədir. Yarandığı dövrdən bəri dəyişməyən həmin üzvlər bunlardır: Türkiyə, Pakistan, Banqladeş, Malayzi­ya, İndoneziya, İran, Misir və Nigeriya. Təşkilatın üzvlərindən ikisi – Türkiyə və İndoneziya “Böyük İyirmilər”in (G-20) üz­vüdür. Onu da qeyd edək ki, Türkiyənin sədrliyi dövründə Azərbaycan “Böyük iyirmilər”in toplantılarında, o cümlədən 2015-ci ilin noyabr ayında Antalya şəhə­rində keçirilən zirvə görüşündə xüsusi statuslu qonaq kimi iştirak edib.

Üzvlərinin hamısı müsəlman ölkəsi olduğundan bu təşkilatı “İslam İttifaqı” adlandıranlar da var. Təsadüfi deyil ki, təşkilatın üzvləri həm də İslam Əməkdaş­lıq Təşkilatında təmsil olunurlar. Adındakı “D” hərfi isə ingilis dilindəki “developing” (inkişaf etməkdə olan) sözündən götürü­lüb və onun qısaldılmış formasıdır. D-8-in fəaliyyətinin əsas məqsədi üzv ölkələr arasında iqtisadiyyat, ticarət, nəqliyyat, turizm və mədəni-humanitar əməkdaşlığı inkişaf etdirməkdir.

Dünyanın inkişaf etməkdə olan müsəlman ölkələrinin bir araya gəlmə­sindən yaranan D-8-in qarşıya qoyduğu başlıca hədəf imperializmin istismarı­na qarşı dirəniş göstərmək, əl-ələ verib müasir dünyanın amansız rəqabətindən üzüağ çıxmaqdır. Bu, D-8-in bayrağında­kı ulduzlarla simvollaşdırılmış prinsiplə­rində də öz əksini tapıb: təşkilatın bayra­ğında 6 ulduz var. Hər ulduz bir prinsipi əks etdirir. D-8-in qarşıya qoyduğu əsas prinsiplər isə bunlardır:

Münaqişələr əvəzinə sülh;

Mübahisələr əvəzinə dialoq;

İstismar əvəzinə kooperasiyalar;

İkili standartlar əvəzinə hüquq;

Zülm əvəzinə demokratiya;

Diskriminasiya əvəzinə hüquqi bərabərlik.

D-8 üzvləri inkişaf etməkdə olan ölkələr sayılsalar da, onların birgə bö­yük iqtisadi potensialı və siyasi gücü mövcuddur. Təşkilatda yer alan ölkələrin ümumilikdə 1 miyarda yaxın əhalisi var. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğa­nın ittifaq üzvlərinin sayını 20-yə çatdır­maq hədəfi baş tutarsa, bu rəqəmin xeyli artacağını və dünya əhalisinin önəmli hissəsini ətrafında toplayacağını güman etmək olar. Bu isə perspektivdə iqtisadi əməkdaşlığın arzuolunan səviyyədə qu­rulması nəticəsində böyük işçi potensialı deməkdir. Bəzi müsəlman ölkələrinin de­mokratikləşməsi, insan hüquq və azad­lıqlarının tam təmin olunması iqtisadi böyüməyə yol aça bilər ki, D-8-in başlıca prinsipləri arasında bu da var.

Yeri gəlmişkən, qeyd edək ki, Pakis­tan təşkilata sədrliyi dövründə (2014-сü ildə) D-8 BMT-də müşahidəçi status əldə edərək beynəlxalq səviyyədə mövqeyini gücləndirib. 2017-ci ilin iyunun 15-də İs­tanbulda – Çırağan Sarayında təşkilatın 20 illiyi qeyd edilib.

***

Onu da bildirək ki, 2017-ci ilin oktyab­rın 20-də İstanbulda D-8-in “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altın­da IX Zirvə görüşü keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezi­dentinin dəvəti ilə xüsusi qonaq qismində həmin görüşdə iştirak edib. Cənab İlham Əliyev hər beynəlxalq tədbirdə olduğu kimi bu zirvə görüşünün tribunasından da Azərbaycan həqiqətlərinin çatdırılma­sı üçün istifadə edib. Həmçinin qeyd edib ki, Azərbaycan İslam həmrəyliyinə xüsusi əhəmiyyət və öz töhfəsini verir: “2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi ili” elan olunub. Eyni zamanda, bu il Azərbay­canda 54 müsəlman ölkəsindən gələn 3 minə yaxın idmançının iştirak etdiyi IV İs­lam Həmrəyliyi Oyunları keçirilib. Biz bu gün dünyada ən ciddi təhlükələrdən biri olan islamofobiyaya qarşı fəal mübarizə aparırıq. Özünü müsəlman ölkələrinin dostu kimi qələmə verməyə çalışan Er­mənistan Qarabağ və ətraf bölgələrdə məscidləri və dini abidələri dağıdıb. Məs­cidləri dağıdan ölkə heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz”.

***

Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan dünyəvi, demokratik dövlət olmaqla bərabər, öz dini və milli ənənələ­rinə hər zaman sadiqliyi ilə seçilib. Azər­baycan xalqı İslam dünyasının ayrıl­maz parçasıdır. Ölkəmizdə milli-mənəvi dəyərlər İslam dəyərləri əsasında forma­laşıb. Prezident İlham Əliyev 2017-ildə keçirilən “İslam Həmrəyliyi ili: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusun­da beynəlxalq konfransın açılış məra­simindəki nitqində İslam dəyərlərinin milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olduğunu vurğulayıb. Azərbaycan Avro­pa Şurasının, ATƏT-in, UNESCO-nun üzvü olmaqla bərabər, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və İSESCO kimi nüfuzlu beynəlxalq təş­kilatların da üzvüdür. Müsəlman ölkələri arasında həmrəylik və əməkdaşlıq Azər­baycanın dövlət siyasətinin prioritet is­tiqamətlərindəndir. Hazırda müsəlman dünyasının əvvəlki dövrlərdə heç olmadı­ğı qədər daha çox birliyə və həmrəyliyə ehtiyacı var. Bu baxımdan Azərbayca­nın bu təşkilatda təmsil olunması həm təşkilatın özünün güclənməsi, resursla­rının daha artması, həm Azərbaycanın yeni tribuna əldə etmək və təşkilata üzv ölkələrlə əlaqələri möhkəmləndirmək, həm də bütövlükdə İslam həmrəyliyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Asim MOLLAZADƏ,
Milli Məclisin deputatı

Azərbaycan İslam ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlığı inkişaf et­dirir. Yaradılması Türkiyənin adı ilə bağlı olan D-8 təşkilatına daxil olmaq üçün Azərbaycan da müra­ciət edib. Bu təşkilatda təmsil olun­maq Azərbaycana öz həqiqətlərini çatdırmağa imkan verəcək. Ölkə­miz yeni beynəlxalq platformada iştirakçı ölkələrdən dəstək qaza­nacaq. Məqsəd bundan ibarət­dir. Azərbaycan geniş, çoxşaxəli əməkdaşlığa hazırdır. Bir məsələ də ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın İslam dəyər­lərini dünyaya yaymaqda böyük təcrübəsi var. Bakı 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının ev sahibi olub, bir sıra beynəlxalq muzeylərdə ölkəmiz İslam mədə­niyyətini təşviq edib. İslam ölkələri ilə iqtisadi, siyasi sahələrlə yanaşı, mədəni-humanitar əməkdaşlığın da Azərbaycan üçün böyük önəmi var.

Səxavət HƏMİD, “Xalq qəzeti”



Siyasət