"Müharibələr göstərir ki, savaş torpaqla yanaşı, kritik infrastrukturlara qarşı aparılır”

post-img

Dünya əhalisinin 63 faizi, yaxud 5 milyard nəfəri qısa bir dövrdə rəqəmsal əhaliyə çevrilib, yəni internet istifadəçisidir. Hər il istifadəçilərin orta hesabla 200 milyon artımı baş verir. Bu qlobal transformasiya - İKT-dən getdikcə artan asılılıq, sahəni hədəfə alan və ya cinayətkarlıq məqsədləri ilə ondan istifadə edənlərin çoxalması kibercinayətlər kimi yeni təhdidlər gətirdi.

"Xalq qəzeti" xəbər verir ki, bu fikirləri "Azərbaycanda kibercinayət və kibertəhlükəsizlik barometri. Ölkə üzrə kibertəhlükəsizliyə və kibercinayətlərə ictimai münasibətlər" konfransında Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

Milli Məclisin deputatı bildirib ki, son illər sürətlə inkişaf edən “süni intellekt” texnologiyaları da kiber təhlükələrə qlobal xarakter verdi: "Davosda ənənəvi Dünya İqtisadi Forumu ekspertlərinin hazırladığı “Qlobal Təhdidlər”- “Global Threats 2018”- hesabatında təbii fəlakətlərdən və qlobal istiləşmədən sonra, kibercinayətlər sivilizasiya üçün ən mühüm təhlükə adlandırıldı.


XXI yüzillikdə hiss edilmədən tarix boyu mövcud olan torpaq/quru, su/dəniz və hava/kosmos kimi döyüş əməliyyatlarının aparıldığı 3 ənənəvi məkanlarla yeni biri-kiberməkan, kiberfəza – yaranıb. Son 10 ildə dövlətlərin hərbi siyasəti bu amili nəzərə almaqda, hərbi gücünü kibertəhlükəsizlik üzrə xüsusi bölmələr yaratmaqla artıqmaqdadır. Məs. ABŞ ordusu 2010-cu ildə ABŞ Kiber Komandanlığının yaradılması ilə yeni 4-cü məkan kimi kiberfəzanı rəsmi olaraq tanıdı". 


STM-in İdarə Heyətinin sədri qeyd etdi ki, “21-ci əsrin Kapitalı” əsərinin müəllifi Tomas Piketti də İT sektorunda yaranan iqtisadi dəyərin, aktivlərin gözlənilməz miqyas aldığını statistik olaraq sübut edir: "Bəli, insanların həyatını mobil rabitəsiz təsəvvür etmək qeyri-mümkündür. Xatırladaq ki, 2022-ci ilin yanvarında Azərbaycan əhalisinin 10,26 milyon nəfər olması fonunda sürətli urbanizasiya davam edir. Dünya Bankına görə ölkəmizdə ümumi əhalinin 56%-i şəhərdə və ya şəhərətrafı ərazilərdə yaşayır. Paytaxt və regionlar arasında iqtisadi və sosial imkanlar arasındakı qeyri-mütənasibliklə yanaşı, rəqəmsal disbalans da mövcuddur. 2021-ci ilin yanvarında ölkədə 8,26 milyon internet istifadəçisi qeydə alınıb. Beləliklə, 2021-ci ilin yanvarında ölkədə internet istifadəçisi olan ümumi əhali 81,1% olub. Bununla yanaşı, həmin ilin yanvarında sosial media istifadəçilərinin sayı 4,3 milyon nəfər təşkil edib ki, bu da ümumi əhalinin 42,2%-nə bərabərdir". 


Z.Orucun fikrincə, müvafiq şəkildə, 2020-2021-ci illər ərzində sosial media istifadəçilərinin sayının 600 min nəfər artması statistik faktdır. Həmin dövrdə ölkə üzrə 11,3 milyon mobil telefon istifadəçisi mövcud olub. Ümumilikdə, 2021-ci ilin yanvar ayı üzrə Azərbaycanda mobil qoşulma miqyası əhalinin 111,0%-nə ekvivalent olub. Xeyli sayda insan birdən çox mobil qoşulma əlaqəsinə malikdir və bu səbəbdən göstəricilər ümumi əhalinin 100%-dən çoxdur. 


"Vətən müharibəsində parlaq Qələbəmiz ölkənin Birinci şəxsi, Prezident İlham Əliyevin Yerdə informasiya məkanında fasiləsiz hücum əzmi ilə yanaşı, fəzada aparılan süni intellekt savaşı ilə mümkün oldu. Lakin postmüharibə reallığı-Azərbaycanın hazırkı geosiyasi mövqeyi, hərbi potensialı, fəal xarici siyasəti cari və perspektiv təhlükəsizlik təhdidlərini artırır. İşğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhərlər və kəndlər” artıq smart layihələrin reallaşdırılması texnoloji resurslardan asılı olduğu üçün, informasiya hücumlarının hədəfinə çevrilə bilər. Vətən müharibəsi dövründə Ermənistandan ölkəmizin maliyyə/bank sisteminə edilən hücumları hamıya məlumdur. Pandemiya rəqəmsallaşmanıartırdığı üçün informasiya infrastrukturunun təkmilləşməsi tələb olunur.
Davam edən Rusiya-Ukrayna müharibəsini göstərdi ki, savaş torpaqla yanaşı, daha çox kritik infrastrukturlara qarşı apaılır. İKT sektorunda baş verən sanksiya müharibələri informasiya suverenliyinin coğrafi və su məkanının toxunulmazlığı qədər vacib olduğunu göstərir. Ona görə Rəcəb Tayyip Ərdoğan coğrafi və mavi vətənlə yanaşı, kibervətəni ölkənin suveren ərazisi adlandırır. Dövlət strukturlarında xarici proqram təminatlarının, İT həllərin və antivirusların tətbiqi yeni bayraktarlar və haroplar qədər vacibdir. 
Beləliklə, ABŞ-da 1996-cı və 2003-cü illərdə, Rusiyada-2017-ci ildə, Almaniyada-2005-ci, İsveçdə-2007-ci ildə, Estoniyada-2007-ci ildə ,Gürcüstanda-2012-ci ildə, Kanada-2010-cu, Fransa-2011-ci, Türkiyə-2012-ci ildə kibertəhlükəsizliklə bağlı ayrıca qanunverici aktlar qəbul edib", - deyə Zahid Oruc vurğulayıb. 


STM sədri onu da qeyd edib ki, Prezident İlham Əliyev 17 aprel 2021-ci il tarixdə “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında” fərman imzalayıb, lakin daha əvvəl-2018-ci ildə “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının” yaradılması ilə bağlı fərman verib. Komissiya "Kibertəhlükəsizlik və bu İnformasiya Təhlükəsizliyi üzrə Milli Strategiya"nın başa çatdırılmalıdır. Həmçinin, əksər ölkələrin artıq qəbul etdiyi “Kibertəhlükəzilik” və yaxud “Süni iİntellektlə bağlı Milli Strategiyaların” hazırlanması da nəzərdə tutulur.


Rizvan FİKRƏTOĞLU,
Elşən AĞALAR (foto),
"Xalq qəzeti"

Sosial həyat