Ötən il xeyli vətəndaşın cəlb olunduğu kibersövdələşmə-kiber maliyyə piramidasına cəlb edilməsi, MİDA-da baş verən hadisələr təhlükəsizliklə bağlı görüləcək işlər həllini tələb edir. 2018-ci il iyulun 18-də Mingəçevir Su Elektrik Stansiyasında ölkə miqyasında elektrik enerjisinin kəsilməsi hadisəsi ilə bağlı kritik infrastruktura təhdidlərin qiymətləndirilməsi bu sahədə ciddi strateji problemləri üzə çıxardı və Azərbaycanın milli təhlükəsizliyini diqqət mərkəzinə gətirdi.
"Xalq qəzeti" xəbər verir ki, bu fikirləri "Azərbaycanda kibercinayət və kibertəhlükəsizlik barometri. Ölkə üzrə kibertəhlükəsizliyə və kibercinayətlərə ictimai münasibətlər" konfransında Sosial Tədqiqatlar Mərkəzi (STM) İdarə Heyətinin və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
Z.Oruc bildirib ki, “Heydər Əliyev Beynəlxalq Hava limanı bulud texnologiyalarına tamamilə keçid edib və dünyada ilk nümunədir: "Xüsusilə hərbi-strateji sahədə proqram təminatlarının düşmən ölkələrdən alınması 2000-ci illərdən ölkəmizə qarşı başlayan kiberhücumların coğrafi, qüvvə və texnoloji vasitələrini öyrənməyi tələb edir. Beləliklə, kibertəhlükəsizlik nədir, təhdidlər ölkənin milli təhülkəsizliyi üçün hansı çağırışları meydana çıxarır. Nə üçün virtual sərhədləri qorumaq və kiberhücumlardan özünü müdafiə etmək dövlətlər üçün vacibdir".
Milli Məclisin deputatı bildirib ki, kibercinayət kompüter cihazları və internetdən istifadəni əhatə edən cinayətdir və həm fərdə-bir qrup insana, həm də hökumət və özəl təşkilatlara qarşı törədilə bilər. Bir qayda olaraq, insanların nüfuzuna xələl gətirmək, fiziki və ya mental zərər yetirmək, ya da hansısa fayda qazanmaq, pul əldə etmək, nifrət məzmunlu mətnləri və terrorizmi yaymaq və s. məqsədilə həyata keçirilir.
"Ölkədə kiberhücumlar tarixinin tədqiqi göstərir ki, 2000-ci ilin yanvarında erməni hakerlər tərəfindən Azərbaycanın 20-yə yaxın dövlət saytı ilə yanaşı, ABŞ-nin Azərbaycandakı səfirliyi və bir sıra beynəlxalq təşkilatların internet saytlarının hədəf alınması Qafqaz regionunda rəqəmsal münaqişələrdən xəbər verirdi. 2012-ci ilin yanvarında dövlət və xəbər agentliklərinin internet saytlarında dövlət əleyhinə fikirlərin yayılması məqsədilə hücuma məruz qalmışdı.
Hazırda Azərbaycanda vətəndaşlara vacib xidmətlərin böyük bir qismi rəqəmsallaşdırılıb. Vətən müharibəsində və ondan sonra fişinq hücumları, Botnet və “Emotet” adlı troyan geniş yayılan təhlükələr kimi müxtəlif virüs və haker hücumları sistemə daxil olub sonra onun ələ keçirilməsi, ödəniş kartı nömrələrinin, internet bankçılığında login (detalları, sosial media və elektron poçt ünvanı məlumatlarının ələ keçirilməsinə aid hallardır. Kibercinayətkarlar bu məqsədlərin reallaşdırılması üçün saxta sms və WhatsApp mesajları, həmçinin, fişinq, yəni, saxta nüfuzlu qurumdan daxil olan zənglə/mesajlarla şəxsi məlumatların öyrənilməsi) vasitələrindən istifadə ediblər", - deyə STM sədri bildirib.
Zahid Orucun fikrincə, dünyada analoq sistemdən rəqəmsal sistemə keçid xəstələrə dərmanların tətbiqindən təhlükəsizlik sisteminə qədər hər cür fəaliyyət artıq rəqəmsallaşdırılıb. Uzaqdan başqalarına zərər yetirmək imkanları böyüyüb.
Özəl sektorda isə kibertəhlükələr reputasiya və mənfəət itkisi kimi qəbul edilir.
Rizvan FİKRƏTOĞLU,
Elşən AĞALAR (foto),
"Xalq qəzeti"