Sektorlar baxımından bank sferası daha yüksək risk daşımaqla, hücumlara ən çox məruz qalan sektordur. Banklar və maliyyə şirkətləri adından edilən fişinq zənglərinin və göndərilən məktubların son vaxtlar artması iştirakçılar tərəfindən daha çox qeyd edilir. 12-16 yaşlı gənclər ciddi formada risk qrupunu təşkil edir.
"Xalq qəzeti" xəbər verir ki, bu fikirləri "Azərbaycanda kibercinayət və kibertəhlükəsizlik barometri. Ölkə üzrə kibertəhlükəsizliyə və kibercinayətlərə ictimai münasibətlər" konfransında Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
STM-in sədri qeyd edib ki, yeniyetmə oğlanların oyunlara böyük marağı kibercinayətkarlar tərəfindən qurulan tələlərə düşməyə səbəb olur. Kiberrisk ümumi əhali üçün ən təhlükəlisi e-ticarət və İnstaqram və on-line platformalarda satışların risk daşımasıdır.
"Hesabların müdafiəsi DİN və DTX tərəfindən həyata keçirilir, lakin qanunvericilik bazasına baxdıqda Cinayət-Prosessual Məcəllə kibercinayətkarlığın yeni növlərinə uyğunlaşdırılmadığı üçün DTX bu sahədə klassik cinayət kəşfiyyatı və istintaq üsullarına müraciət etməli olur. Beləliklə, Kibertəhlükəsizliyə dair məlumatlılıq səviyyəsi, problemi dərketmə, dünyagörüş boşluğunun, “qavrayış uçurumunun” aşkara çıxarılması qabaqcıl və hərtərəfli kibertəhlükəsizlik siyasətinə kəskin ehtiyacı, müvafiq dövlət siyasətinin və ictimai fəaliyyətin gücləndirilməsini diktə edir", - deyə Zahid Oruc bildirib.
Milli Məclisin deputatı çıxışında qeyd edib ki, kibercinayətkarlıqla mübarizədə hüquqi- qanunverici əsaslar həm effektiv cinayət mühakiməsi, həm də dövlətin kibertəhlükəsizlik siyasətinin vəhdətinə söykənir: "Bu baxımdan məhkəmə, özəl təşkilatlar, o cümlədən informasiya xidməti təminatçıları arasında əməkdaşlıq labüddür. Müasir təhlükəsizlik siyasəti, qanunlar, standartlar, kibermüdafiə məhsulları, həllərin hazırlanması deməkdir. Maraqlı qüvvələr Azərbaycan gəncləri arasında yad dini-ideoloji təbliğatda yeni texnologiyalardan istifadə edirlər. Virtual məkan burada sui-istifadə edilir. Bir çox faktlar göstərir ki, uşaq və gəncləri hədəfə alan məqsədyönlü fəaliyyətlər çoxluq təşkil edir"
STM sədri təklif edir ki, cəmiyyətimizi kibertəhlükəsizlik sahəsində maarifləndirmək üçün bütün sektorların, təhsil müəssisələrinin, özəl və dövlət qurumlarının birgə fəaliyyət planları hazırlansın.
"Kibercinayətkarlıqla mübarizə üzrə güclü və operativ ixtisaslaşdırılmış bölmələr, “kiberordular”, “kiberkönüllülər” formatında resursların yaradılması ictimai gündəliyə daxil edilsin. Mövzu ilə bağlı milli müzakirə forumları, dinləmələr kibercinayətkarlıqla bağlı real durumun dərk edilməsinə, ictimai rəyin diqqətinin yönəlməsinə maksimum şərait yaratmağa kömək edə bilər. Azərbaycanda ali təhsil müəssisələrində kibertəhlükəsizliklə bağlı bakalavr və magistr proqramları təklif olunmur və bu sahə mövcud proqramlara daxil edilməlidir.
Vətən müharibəsində qələbədən sonra yeni milli kibertəhlükəsizlik strategiyasının qəbul edilməsinə ehtiyac sürətlə inkişaf edən informasiya infrastrukturu fonunda kibertəhlükəsizlik məsələlərinə diqqətli baxış nisbətən ləngiyir.
Bir sözlə, kiberqanunvericiliyin, adekvat təhlükəsizlik standartlarının qəbul edilməsi, kibertəhlükəsizlik mərkəzlərinin yaradılması, ölkənin kiberməkanda mövqeyinin gücləndirilməsi son nəticədə Azərbaycana çoxşaxəli və çoxmənbəli kiberhücumlara effektiv şəkildə müqavimət göstərə bilən “kiberqalxanı” formalaşdırmağa imkan verə bilər".
Çıxışının sonunda Zahid Oruc vurğulayıb ki, indi Laçın və bütün coğrafi sərhədlərimizdə qurulan istehkamlar virtual sərhədlərimizin qorunması ilə birlikdə aparılmalıdır.
Rizvan FİKRƏTOĞLU,
"Xalq qəzeti"