Məlum olduğu kimi, ilk sənaye inqilabı 1760-1840-cı illərdə baş verdi. Buna buxar maşınının ixtira edilməsi, dəmir yollarının çəkilməsi səbəb olmuşdur. İstehsal mexaniki hala gəldi. İkinci sənaye inqilabı XIX əsrin sonlarından XX əsrin əvvəllərinədək davam etmişdir. Elektrik və konveyerin ixtirası kütləvi istehsala səbəb oldu. Üçüncü sənaye inqilabı 1960-cı illərdə başlamışdır. Yarımkeçiricilərin, elektron kompüterlərin (1960-cı illər), fərdi kompüterlərin (1970-1980-ci illər) və Ümumdünya Şəbəkəsinin (1990-cı illər) yaradılması katalizatora çevrildiyi üçün ona kompüter və ya rəqəmsal əsri deyilir.
Bu gün dünya iqtisadiyyatında önəmli yer tutan ABŞ, İngiltərə, Fransa, Almaniya, İtaliya, Kanada və Yaponiya məhz sənayecə inkişaf etmiş ölkələrdir. İnkişaf etməkdə olan ölkələr kateqoriyasına daxil olmaq üçün də sənayenin müəyyən həddə inkişafı əsas şərtlərdən biridir. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra qarşıya qoyulan əsas hədəf inkişaf etmiş sənaye ölkəsinə çevrilməkdir. Şübhəsiz, bu, çətin və böyük zəhmət tələb edən bir prosesdir. İnkişaf etmiş ölkələr buna nail olmaq üçün uzun və çətin bir yol keçmişlər. Ancaq, bu, bizim üçün çox da çətin olmayacaq. Əsas səbəb də odur ki, indi dünyada yeni texnika və texnologiyaların transferi çətin deyil. İkincisi, ölkəmiz sənayenin inkişafı istiqamətində müəyyən yol qət etmişdir. Belə ki, ulu öndər Heydər Əliyevin səyi ilə Azərbaycan Sovetlər dönəmində inkişaf etmiş sənayeyə sahib olan müttəfiq respublikalardan biri idi.
Azərbaycan SSRİ dövründə nəinki İttifaqda, hətta dünyada neft sənayesinin inkişafına görə sayılıb-seçilən respublika idi. Sovet İttifaqındakı neft-maşınqayırma sənayesinin 72 faizi Bakıda cəmləşmişdi. Burada fəaliyyət göstərən müəssisələr daxili tələbatı ödəməklə yanaşı, dünya bazarına da neft-maşınqayırma avadanlıqları göndərirdi. Bununla yanaşı, ölkəmizdə sənayenin mürəkkəb sahələri olan alətqayırma, dəzgahqayırma, kimya sənayesi, neft emalı, elektrotexnika, həmçinin yüngül və toxuculuq sənayesi, eləcə də digər sahələr inkişaf etmişdi. İndi sənayeni müasir tələblərə uyğun yenidən bərpa etmək üçün geniş tədbirlərə başlamışıq.
Klaus Şvab əmindir ki, Dördüncü sənaye inqilabı gözümüzün qarşısında baş verir. Onun əlamətləri hər yerdə yayılmış İnternet, kiçik və güclü sensorlar, süni intellektdir. Tərəqqinin mühüm göstəricisi innovasiyaların tətbiqi ilə bağlı dəyişikliklərin miqyasıdır. Cəmiyyətin və iqtisadiyyatın transformasiyası heç vaxt bu qədər əhəmiyyətli olmamışdı. Amma inqilab bir prosesdir. İnternet müəyyən müddətdə bütün planetə yayıldı.
1993-cü ilin ortalarına doğru Azərbaycan Respublikasının az qala dünya xəritəsindən silinməsi kimi böyük fəlakətlərə gətirib çıxara bilərdi.
Bəli, dahi Heydər Əliyevin hakimiyyətə qayıdışı – Azərbaycanda qurtuluş anının və Dördüncü sənaye inqilabının başlanğıcı oldu! Qısa vaxt ərzində respublikada ictimai-siyasi vəziyyət sabitləşdi, yeni texnologiyalar həyatı, inancları və dəyərləri dəyişdirdi.
Birincisi, inkişaf tempi sürətləndi. Hər bir ardıcıl yenilik getdikcə daha səmərəli texnologiya yaratdıqca, inqilab inkişaf etdi. Bəşər tarixində heç vaxt dəyişiklik bu qədər sürətlə baş verməmişdi.
İkincisi, dəyişikliklərin ölçüsü genişləndi. Real və virtual dünyalar bir-birinə nüfuz edərək, qovşağında sıçrayışlı həllərin yaranmasına səbəb oldu. Transformasiyalar həm şaquli, həm də üfüqi istiqamətdə baş verdi. Nəticədə bütün səviyyələr insan, cəmiyyət, dövlət inkişaf etdi.
Üçüncüsü, bütün sistemlər dəyişdi. Texnologiyalar sistemlərin daxili və xarici komponentlərinə təsir göstərdi.
Dördüncüsü, süni intellekt insanların rifahına təsir edəcək əmək bazarında qlobal dəyişikliklərlə əlaqədar inkişaf etdi.
“İnqilab” sözü həyat tərzimizdə qəfil və dramatik dəyişiklik deməkdir. Onlara yeni texnologiyalar səbəb olur.
Heydər Əliyevin məharətli idarəçilik üslubu ilə artıq 1998-ci ilin əvvəlində Azərbaycanda Dördüncü sənaye inqilabının inkişafının daha yüksək sürətini təmin etmək baxımından kifayət qədər möhkəm zəmin yarandı.
Makroiqtisadi sabitləşmə və sənayenin dinamik inkişafı sahəsində qazanılan uğurlar ölkə vətəndaşlarının yaşayış səviyyəsinin nəzərəçarpacaq dərəcədə yüksəlməsinə imkan vermişdir ki, bu da ümummilli lider Heydər Əliyevin əsas məqsədlərindən biri idi. Onun bütün fərmanları, sərəncamları və tapşırıqları son nəticədə Azərbaycan vətəndaşının maddi rifahının durmadan yaxşılaşdırılmasına yönəlmişdi.
Ulu öndərin dünyanın aparıcı ölkələrinin rəhbərləri arasında qazandığı yüksək nüfuzu bir çox dövlətlərin, beynəlxalq təşkilatların və iri şirkətlərin Azərbaycanla əməkdaşlığa maraq göstərməsinə səbəb oldu. Bu gün Azərbaycan artıq 40-a yaxın beynəlxalq siyasi, iqtisadi, maliyyə-bank, mədəni, humanitar təşkilatın tamhüquqlu üzvüdür. Bütün bu nailiyyətlər bilavasitə ümummilli lider Heydər Əliyevin böyük xidmətlərinin nəticəsidir.
Müdrik xalqımızın XX əsrdə dünya siyasi arenasına bəxş etdiyi nadir şəxsiyyət kimi, ümummilli liderlik zirvəsinə ucalmış Heydər Əliyev bu gün həm də müstəqil respublikamızın Dördüncü sənaye inqilabı modelinin banisi kimi ehtiramla xatırlanır. Ümummilli lider mərkəzi planlaşdırma və bölgü prinsiplərinin hakim olduğu bir ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini irəli sürərək, onun həyata keçirilməsinə çalışmışdır. Sənaye sahəsində həyata keçirilən islahatların əsasında bazar iqtisadiyyatının formalaşdırılması yolu ilə ümumi daxili məhsul istehsalını artırmaq, qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək məqsədi dayanmışdır.
Ümummilli liderin rəhbərliyi altında həyata keçirilmiş struktur islahatları Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafına, o cümlədən, yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə, rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan vermişdir. Ulu öndər respublika iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsində özəl sektoru sosial-iqtisadi inkişafın başlıca təminatçısı kimi dəyərləndirmiş, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışmışdır. İnvestisiyaların təşviqi üçün respublikada daha münbit şərait yaratmaq, daxili və xarici sərmayəni stimullaşdıran səmərəli metodlardan istifadə etmək, xarici kapital qoyuluşunun başlıca istiqamətini regionların, qeyri-neft sektorunun inkişafına yönəltmək, habelə maddiləşən işgüzar fəallığı gücləndirmək üçün kompleks tədbirlər həyata keçirilmişdir.
Ümumilikdə, 1993-2003-cü illərdə ölkədə həyata keçirilən siyasət deməyə əsas verir ki, Heydər Əliyev milli ideyanın təcəssümü olan məqsədlərin gerçəkləşməsi, ələlxüsus, müstəqillik amilinin praktik şəkildə bərqərar olması baxımından, ilk növbədə, iqtisadiyyatda çoxşaxəli islahatların aparılmasını, davamlı inkişaf üçün bazisin formalaşmasını vacib saymışdır. Ulu öndərin müstəqil Azərbaycana rəhbərliyi illərində milli iqtisadiyyatda köklü islahatlar aparılmış, sosialyönümlü bazar iqtisadiyyatına keçidin ümdə prinsipləri müəyyənləşdirilmiş, torpaq islahatı kimi çətin və ağrılı proses, habelə özəlləşdirmənin birinci mərhələsi uğurla başa çatdırılmış, milli sahibkarlığın inkişafı üçün zəruri qanunvericilik aktları qəbul edilmiş, respublikanın dünya təsərrüfat sisteminə inteqrasiyası sürətlənmişdir.
İslahatlarda müasirləşmə və novatorluq əsas yer tutmuşdur.
Heydər Əliyevin bu siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev dəfələrlə bildirmişdir ki, ölkənin əsas hədəfi Azərbaycanı inkişaf etmiş sənaye ölkələri səviyyəsinə qaldırmaqdır. Bunun üçün ölkəmiz sənayeni inkişaf etdirməli, neft-qazdan asılılığı aradan qaldırmalıdır. Hazırda addım-addım bu məqsədə doğru irəliləyirik. Artıq bu sahədə böyük uğurların qazanıldığını da söyləmək mümkündür. Məsələn, Azərbaycanın kosmik ölkə olması böyük uğurumuzdur. Cənubi Qafqaz ölkələrində istehsal olunan sənaye məhsullarının 80 faizinin bizim payımıza düşməsi də adi bir fakt deyil.
Prezident İlham Əliyev Azərbaycanı dünyanın inkişaf etmiş sənaye ölkələrindən birinə çevirməklə bağlı gördüyü tədbirlər ardıcıl xarakter daşıyır. Dövlət başçısının 6 yanvar 2021-ci il tarixli fərmanı ilə yaradılmış Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi də yeni reallıqlar şəraitində ölkəmizin mövqeyini gücləndirmək, qabaqcıl texnoloji imkanlardan maksimum yararlanmaq, bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlıq və koordinasiya həyata keçirmək məqsədinə xidmət edir. Mərkəz Azərbaycanın Dördüncü sənaye inqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığını və bu sahədə əlaqələndirməni, həmçinin rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların və layihələrin təhlilini və koordinasiyasını həyata keçirir.
2020-ci il yanvarın 21-də İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda Prezident İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Azərbaycan Mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu imzalanmışdır. Beləliklə də, Azərbaycanda Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Mərkəzi yaradılmışdır ki, bu da ölkəmizi rəqəmsal və texnoloji mərkəzə çevirmək imkanı verir. Azərbaycandakı mərkəz MDB məkanında yaradılan ilk belə qurumdur.
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi 2021-ci il aprelin 1-dən yeni mərkəzin fəaliyyətini də koordinasiya edir. Mərkəz Dünya İqtisadi Forumunun süni intellekt və maşın öyrənməsi, əşyaların interneti və şəhər transformasiyası, eləcə də rəqəmsal ticarət və iqtisadiyyat platformaları ilə əməkdaşlıq edir. Bu platformalar çərçivəsində iqtisadiyyatın bir çox sahəsində müxtəlif istiqamətlərdə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, Dördüncü sənaye inqilabı Şəbəkəsinin müxtəlif ölkələrdə (Türkiyə, BƏƏ, İsrail, Yaponiya) yaradılmış mərkəzləri ilə sıx əməkdaşlığın qurulması və genişləndirilməsi üçün müəyyən işlər aparılır. Dördüncü sənaye inqilabı fiziki, rəqəmsal və bioloji müstəvilər arasındakı sərhədlərin çulğalaşmasını təsvir etmək üsuludur. Bu, süni intellekt (AI), robototexnika, əşyaların interneti (IoT), 3D çap, gen mühəndisliyi, kvant hesablamaları və digər texnologiyalarda irəliləyişlərin birləşməsidir.
Könül ƏLİYEVA,
Azərbaycan Memarlıq və İnşaat Universitetinin “İctimai fənlər” kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent