Bununla həm də neytrallığını qoruyub saxlamış oldu
Avropanın göbəyində yerləşən bu ölkə iki əsrdir ki, neytrallığını qoruyub saxlayır. Bu statusu ona xüsusi hörmət və etimad gətirib. Amma məlum olur ki, yalançı fəryadları, “əzabkeş” moizələri ilə Fransa başda olmaqla Avropanın bir çox ölkələrini və xalqlarını zinhara gətirmiş haylar sonda bu neytral məmləkətə – İsveçrəyə də yol tapa biliblər. Bəs, dünyada özünü əbədi bitərəf ölkə sayan İsveçrə nədən erməni məsələsində tərəf saxlamaq qərarına gəlmişdi? Sualımızı ona görə keçmiş zamanda veririk ki, ermənilərin bu siyasi avantürası baş tutmadı.
Əvvəlcə onu deyək ki, bu günlərdə İsveçrə parlamentinin aşağı palatası “Dağlıq Qarabağ”la bağlı qətnamə layihəsinin müzakirəyə çıxarılması barədə qərar qəbul etmişdi. Senatın “Dağlıq Qarabağ: Sülh Konfransı” adlı qətnamə layihəsinin müəllifi deputat Erix Fontobel idi. Ölkənin xarici işlər naziri İqnasio Kassisin də iştirak etdiyi müzakirələrin sonunda qətnamənin lehinə 96, əleyhinə 80 nəfər səs verib, 16 nəfər isə bitərəf qalıb.
Beləliklə, erməni lobbiçilərin Avropanın neytral ölkəsində anti-Azərbaycan təxribatı baş tutmadı. İsveçrənin baş diplomatı İqnazio Kassis parlamentin Aşağı Palatasının “Dağlıq Qarabağ” mövzusunda “beynəlxalq konfrans” çağırmaq təşəbbüsünü rədd edib.
Bu məqamda qeyd etmək istərdik ki, İsveçrə ilə Azərbaycan arasında bütün sahələrdə münasibətlər yüksələn xətlə inkişaf edir. Azərbaycanın neytrallığı ilə fəxr edən, rəsmi dörd dildə danışan bu ölkə ilə iqtisadi, siyasi, ticari, diplomatik və mədəni sahələrdə ciddi əməkdaşlıq əlaqələri mövcuddur. Bu gün əgər İsveçrə parlamentinin Aşağı Palatasında “Dağlıq Qarabağ: Sülh Konfransı” adlı qətnamə qəbul edilibsə, deməli, iki ölkə arasında münasibətlərə yenidən baxılmasına ehtiyac yaranıb. Həmin ehtiyacı xarici işlər naziri məlum jesti ilə təsdiqləmiş oldu.
Məsələnin bir qədər geniş izahına ehtiyac duyuruq. Deməli, isveçrəli bəzi parlamentarilər hökumətə Qarabağı könüllü olaraq tərk etmiş ermənilərin geri qaytarılması ilə bağlı müzakirələrin aparılması məqasədilə 2025-ci ildə konfrans keçirmək təklifini irəli sürüblər. Artıq qeyd etdiyimiz kimi, hökumət bu təklifi rədd edib. Bununla bağlı xarici işlər naziri İqnazio Kassis açıqlama yayıb: “Nə Ermənistan, nə də Azərbaycan “sülh forumu” istəyir. Ona görə də belə bir konfransın keçirilməsi münasib sayılmır, hətta onun əks-effekti ola bilər”.
Siyasi məntiq bizə onu deyir ki, demokratik elementləri olan federal məclis – müstəqil direktor respublikası sayılan İsveçrə parlamentinin aşağı palatasında Azərbaycan əleyhinə qəbul edilmiş qətnamə layihəsində yer almış şər-böhtan xarakterli iddialar, hansısa “sülh forumunun çağırılması” kimi cəfəng çağırışlar ona səs verənlərin neytral mövqedən deyil, fərqli maraqlardan çıxış etdiklərini göstərir. Onların Avropa İttifaqının adlarına mülki müşahidəçilər deyilən, əslində, Ermənistanla Azərbaycanın şərti sərhədində kəşfiyyatla məşğul olan fransız-alman missionerlərdən təlimat aldıqları istisna edilmir. Yəni, bir qisim deputat şərti sərhədin o üzündən Azərbaycan tərəfə binoklla baxan təxribatçı diplomatlarla birlikdə hərəkət etməyə cəhd göstəriblər. Axı, bunlar da onlar kimi fransız və alman dillidirlər. İndi xarici işlər nazirinin onlarla iki dildə izahat işi apardığını güman edirik.
Onu da bildirək ki, qətnamə layihəsini dəstəkləyən, siyasi cəhətdən korəfəhm deputatların ermənilərin Qarabağa qayıdışını qabartdıqları zaman Qərbi azərbaycanlıların hüquqlarını “unutmaları” təəccüb doğurmamalıdır. Çünki onlardan ötrü əzabkeş ermənilərin yalanlarına inanıb onların hallarına yanmaları, təəssüblərini çəkmələri təbii hisslərdir. Məgər onların eynilə “miatsumu” tanıyan Avropanın bəzi haypərəst parlamentariləri kimi 109 il əvvəl Anadoluda nələrin baş verdiyindən xəbərləri var?! Sadəcə, küyə düşüb getmək istədilər, yaxşı ki, yarı yoldan qaytardılar...
İ.HƏSƏNQALA
XQ