Prezident Baydenin Qafqazda “unutduğu” reallıqlar

post-img

Qərb Azərbaycanın “sabitlik adası”na çevrilməsini niyə istəmir?

Hər şey hamıya gün kimi aydındır. 44 günlük müharibədən sonra regionda reallığı tamamilə fərqli müstəviyə tranformasiya edən Azərbaycanın qlobal proseslərə fəal qoşulması, hətta bu müstəvidə də təşəbbüsü ələ alması “kollektiv Qərb”in, ABŞ-nin siyasi dairələrində əməlli-başlı narahatlıq yaradıb. Onlardan ötrü iki qitənin qovşağında yerləşən Azərbaycanın nüfuzunun artması Qafqazdakı “strateji maraqlarına” zərbə vurur. Hələ də gündəmdən düşməyən transmilli layihə – Zəngəzur dəhlizi kimi perspektiv planı da bu narahatlığın üstünə gəlsək, ermənipərəst düşərgənin radikallaşmasının səbəbləri tam aydınlığa çıxar. Bütün bunlar, eləcə də digər amillər Ağ Evi Azərbaycana qarşı beynəlxalq hüquqa və diplomatik etiketə sığışmayan addımları ilə müşayiət olunmaqdadır.

Ağ Ev başqa Azərbaycan görmək istəyirdi

Qarşılıqlı münasibətlərdə qeyri-səmimi davranan tərəfin sevgisinin səmimiliyinə inanmaq çətindir. Xarici siyasətində ən çirkin diplomatik üsullara üstünlük verən rəsmi Vaşinqton son dörd ildə Bakıya qarşı “üzdə mələk, altda kələk” taktikasını var gücü ilə yeritməyə çalışdı. Dünyanın supergücü olması ilə fəxr etmiş, amma indiki çoxqütblü dünyamızda səsi kifayət qədər avazımış, nüfuzu aşağı düşmüş ABŞ-nin Azərbaycanı sevməsi üçün əlində heç bir “əsası” yoxdur. Axı, o, Ermənistandan fərqli olaraq, müstəqil siyasət yürüdən, yalnız milli maraqlarından çıxış edən, bölgəyə öz bayrağını sancmaq istəyən

ABŞ-nin məkrli ssenarilərinə boyun əyməyən Azərbaycanı necə sevsin?! Azərbaycan hakimiyyəti 30 il işğal altında qalan torpaqlarını azad edəndə, öz ərazisində separatizmin kökünü kəsəndə, məgər Vaşinqtondan icazə almışdı? Almamışdı. Amma nəzərə almamışdı ki, Bayden adminstrasiyasının sevgi ünvanlarının statusu onun vassalı olmaqdan kənara çıxmamalıdır. İndi Azərbaycan bu “qırmızı xətti” keçmiş, onun oyun qaydalarını qəbul etməmiş “arzuolunmaz” ölkələrin siyahısındadır. ABŞ rəsmi Bakını ram etmək üçün hansı üsullara əl atmadı?! Aşkar hay sevdalısı Fransadan fərqli olaraq, özünün ermənipərəst mövqeyini pərdələməyə çalışan Ağ Ev son dörd ildə Azərbaycana qarşı çoxsaylı çirkin kampaniyaların başında dayandı. Fəqət heç vaxt istəyinə nail ola bilmədi.

Azərbaycan həmişə ABŞ-ni özünə etibarlı tərəfdaş sayıb. Rəsmi Vaşinqton isə yalnız sözdə özünü ölkəmizin yaxın müttəfiqi elan etdi. Bakının tam şəffaf və səmimi münasibətinin qarşılığında Vaşinqton qeyri-səmimi, ikiüzlü davrandı. Qarşısında “sevmək” istədiyi Azərbaycanı görməyəndə ona arxa çevirdi.

Vaşinqtonun “bağda ərik” söhbəti

ABŞ-nin Qafqaza, xüsusilə də Azərbaycana münasibətdə sərgilədiyi mövqeyi bəzən anlaşılmaz xarakteri ilə diqqəti cəlb edir. Sanki, “supergüc”ün xarici diplomatiya idarəsinin başbilənləri İrəvanın taktiki gedişlərindən bəhrələnirlər. Yəni, onlar Qərbə xas olmayan “saman altından su yeritmək” üsuluna əl atırlar. Üzdə vasitəçi kimi Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında sülh danışıqlarına evsahibliyi edir, neytral aktor kimi bəyanatlar verir, arxada isə Qərbdəki tərəfdaşları ilə birləşib İrəvana təhlükəsizlik məsələləri ilə bağlı yardımlar ayırır. Son iki il ərzində Co Baydenin İlham Əliyevə ünvanladığı tərəflərin sülh təşəbbüslərindən məmnunluğunu ifadə etdiyi məktublarının sayını itirmişik. Ağ Evin Dövlət katibi Antoni Blinkenin cari ilin 7 ayında dövlətimizin başçısına 6 dəfə zəng vurması, telefon danışıqlarında səsləndirdiyi təqdirəlayiq fikirlərdən sonra ABŞ-nin Fransa ilə birləşib BMT-də Azərbaycana qarşı tutduğu mövqe arasında yerlə göy qədər fərq var.

“Biz eyni narahatlığı Fransa hökumətinə və Bayden administrasiyası dövründə Cənubi Qafqaz ölkələrinə balanslı yanaşmasını dəyişərək Ermənistana birtərəfli dəstək yolunu tutan Birləşmiş Ştatların rəhbərliyinə də çatdırırdıq. Təhdidlərin kifayət qədər ciddi olduğunu göstərən çoxlu misallar var”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü il iyulun 20-də II Şuşa Qlobal Media Forumundakı çıxışında bildirib.

Cənab Prezident son 4 il ərzində Antoni Blinkenin rəhbərlik etdiyi ABŞ Dövlət Departamentinin Azərbaycanın daxili işlərinə müdaxilə ilə məşğul olması səbəbindən sözügedən dövrün bir çox dönəmlərdə dostluq və əməkdaşlıq ilə yadda qalan Azərbaycan–ABŞ münasibətləri üçün itirilmiş illər kimi qiymətləndirib. Dövlətimizin başçısı forumda Azərbaycan–ABŞ əlaqələri, onun görünən və görünməyən tərəflərinə toxunaraq deyib: “Donald Trampın prezidentliyi dövründə bizim çox səmərəli əməkdaşlığımız olub. Bu əməkdaşlıq qarşılıqlı hörmət üzərində qurulmuşdu və qarşılıqlı dəstəyin yüksək qiymətləndirilməsindən ibarət idi. Bizim ABŞ ilə münasibətlərimiz demək olar ki, hər zaman sabit olub. Əlbəttə ki, müəyyən enişli-yoxuşlu dövrlər olub və o da bizim günahımız deyildi. Çünki bəzən Azərbaycanla bağlı müəyyən şişirdilmiş gözləntilər olub. Digər tərəfdən, onlar bizim siyasi həyatımıza müdaxilə etməyə çalışıblar, siyasi müxalifəti maliyyələşdirmək cəhdləri ediblər. Bu cəhdlər birbaşa və ya müəyyən QHT-lər vasitəsilə olub”.

Dövlət başçımız çıxışında Əfqanıstan əməliyyatlarında Azərbaycanın ilk qeyri-NATO ölkəsi kimi ABŞ-yə verdiyi dəstəyi də yada salıb: “Ölkəmiz Əfqanıstanda həmin əməliyyatlara qoşuldu və oradan sonuncu çıxdı. ABŞ qoşunları ölkəni tərk edəndə, daha dəqiq desək, oranı qoyub qaçanda biz hələ də orada idik. Biz Türkiyənin Silahlı Qüvvələri ilə birlikdə hava limanını tərk edən sonuncu ölkələr olduq. Bu idi bizim tərəfdaşlığımız. Əfqanıstanla bağlı onların bizə ehtiyacı var idi. Mən xatırlayıram ki, ABŞ-nin yüksəkrütbəli məmurları və nəqliyyat komandanlığı, Müdafiə Nazirliyinin nəqliyyat komandanı Azərbaycana dəfələrlə gəlirdilər və bizə minnətdarlıq bildirirdilər ki, Azərbaycan “Şimal şəbəkə” adlandırılan bir dəhliz idi və biz onun tərkib hissəsi idik. Ancaq Əfqanıstanda missiya başa çatdıqdan sonra onların etdikləri nə oldu? Yenidən bizə qarşı sanksiyanı bərpa etdilər. 907-ci düzəlişdən danışıram. Həm də heç bir məntiqi əsaslandırma və izah təqdim etmədən. Bu da onların bizə təşəkkürü. Uzun illər onlar üçün etdiklərimizin, yaxşı tərəfdaş olduğumuzun müqabilində Azərbaycan xalqı bu administrasiya haqqında nə düşünə bilər?”

Söhbət Bayden administrasiyasından gedir. Azərbaycana qarşı, necə deyərlər, “Bağda ərik var idi, salam-əleyk var idi, bağda ərik qurtardı, salam-əleyk qurtardı” məntiqi ilə hərəkət edən bu administrasiya postsovet məkanındakı bütün respublikalara, o cümlədən, Azərbaycana yuxarıdan aşağı baxırdı.

İnsan haqlarının saxta ixracatçısı

Ağ Evin “azadlıq və demokratiya ixracı” pərdəsi altında Afrikaya, müsəlman dünyasına gətirdiyi savaşları, məhrumiyyətləri görürük. ABŞ-nin, əslində, müasir müstəmləkəçilik siyasəti yeritdiyini görmək üçün siyasi savada ehtiyac yoxdur. O cümlədən, insan haqları kontekstində, demokratiya şüarı altında sırıdıqları “məhsul” heç də ixraca yaramır. Onlar bir şeyi unudurlar ki, Azərbaycan güclü dövlətdir və özünün suverenlyini qoruyur, onun qayğısını çəkir. Bu isə onların xoşlamadığı presedent yaradır. Vaşinqtonun vaxtaşırı Bakını sıxışdırmaq, ona problem yaratmaq məqsədilə verdiyi bəyanatlar, Dövlət katibi Blinkenin müavini Ceyms O'Braynın məlum canfəşanlığı, onun Azərbaycana səfəri və burada aldığı layiqli cavabı xatırlatmaq yerinə düşər.

Planetin “baş arbitri” roluna iddialı olan ABŞ Dövlət Departamentinin hər il açıqladığı dünyada dini azadlıqların vəziyyətinə dair hesabatlarında Azərbaycanla bağlı həqiqətdən uzaq iddialar öz əksini tapır. Bunun açıq-aşkar qərəzli mövqe olduğu hər kəsə bəllidir. Çünki həmin “məruzələrdə” hayların barbarlığı barədə bir cümləyə deyil, bir sözə də rast gəlmək mümkün deyil. Həmin hesabat və məruzələr ikiüzlü Ağ Evin yalanlarının və məkrli diplomatik gedişlərinin, Bakıya təhdidlərinin göstəricisidir.

Cari il dekabrın 10-da Beynəlxalq İnsan Haqları Günü münasibətilə ABŞ Dövlət Departamentində “tanınmış” insan haqları müdafiəçilərinə mükafatlar təqdim olundu. Azərbaycana qarşı siyasi təzyiqlərin Ağ Ev səviyyəsində koordinasiya edildiyini yaxşı bilirik. Bu qeyri-demokratik, ermənipərəst kampaniyanın başında şəxsən Dövlət katibinin dayandığına da şübhəmiz yoxdur. “Kollektiv Qərb”in, haypərəst səlibçilərin insan haqlarını əllərində bayraq edərək Azərbaycanın üstünə yerimək cəhdləri daha bizi təəccübləndirmir.

Əgər rəsmi Vaşinqton sülh təşəbbüsləri adı altında Bakıya “insan haqları, siyasi məhbuslar” ritorikası ilə siyasi təzyiq göstərmək cəhdlərindən əl çəkməyibsə, bu, artıq Baydenin və onun komandasının problemidir. Bir aydan sonra onlar bu qayğılardan, eləcə də erməni diasporunun şantajından canlarını qurtarıb, “rahat nəfəs alacaqlar”.

Etibarsız “demokratlar”

“Biz hazırkı ABŞ administrasiyasının fəaliyyətindən, hərəkətlərindən dərindən məyus olmuşuq. Bu, birtərəfli yanaşmadır. Qafqazda ayırıcı xətlərin çəkilməsi olduqca təəccüblüdür. Bildiyiniz kimi, ABŞ Dövlət katibi, Avropa Komissiyasının prezidenti və onların bir növ xarici işlər naziri hesab edilən ali komissarı Brüsseldə görüşdülər. Bu görüşdə onlar Ermənistanın hərbi baxımdan maliyyələşdirilməsi məsələsini müzakirə etdilər. Onlar hərbi sahədə maliyyə ayırmaq məqsədini güdürlər və bu, bizim üçün tamamilə qəbuledilməzdir”.

Prezidentin İlham Əliyev beş ay bundan əvvəl II Şuşa Qlobal Media Forumunda ABŞ-nin Azərbaycanın maraqlarını görməzdən gəlməyə çalışmasını da vurğulayıb: “Biz əlbəttə ki, ABŞ-də prezident seçkilərinin nəticələrindən asılı olmayaraq anti-Azərbaycan fəaliyyətin bir hissəsi prezident seçkiləri ilə bağlıdır. Onlar ermənilərin səslərini qazanmaq istəyirlər. Ona görə də zənnimcə, məqsəd məhz elə bundan ibarət idi. Mən tamamilə obyektiv olmağa çalışıram. Ümid edirəm ki, seçkidən sonra ABŞ-də və Avropada Azərbaycan haqqında, bizim potensialımız, rolumuz haqqında daha yaxşı anlayış olsun. Yəni, biz şou qurmuruq, öyünmürük. Biz bilirik potensialımız nədən ibarətdir və bunu bizimlə əməkdaşlıq edən hər kəs bilir. Bu potensialdan xoş niyyət, xoş məram, konsolidasiya, tərəfdaşlıq üçün istifadə edilməlidir və biz demonizasiya qurbanı olmamalıyıq”.

On üç il əvvəl “Ərəb baharı”nı alovlandıran, amma sonda istəyinə nail ola bilməyən ABŞ Azərbaycanda da “çevriliş” cəhdlərinin ilhamvericisi və sponsoru kimi çıxış edib. Təkcə Yaxın Şərqdə deyil, Latın Amerikasında, Afrikada müstəqil siyasət yürüdən dövlətlərdə milli hakimiyyətlərə qarşı iğtişaşlar təşkil edən, qarşıdurmaya və qanlı toqquşmalara rəvac verən Vaşinqton eyni ssenarini Cənubi Qafqazda da sınaqdan keçirməyi düşünürdü. Amma alınmadı. Bayden administrasiyasının erməni lobbisinin təşkil etdiyi anti–Azərbaycançı şəbəkəyə hər cür dəstək verməsi də eyni məqsədə xidmət edirdi. Ağ Evin ideoloqlarının ölkəmizdə “QHT” çətiri altında fəaliyyət göstərən qeyri-milli, destruktiv qüvvələri davamlı olaraq Azərbaycanın dövlət maraqlarına qarşı çıxmağa, daxildə çaxnaşma salmağa sövq etmələri də sübuta yetirilmiş həqiqətdir.

Bu gün Azərbaycandakı daxili sabitlik, ölkəmizin artan nüfuzu dünya dövlətlərinin, xüsusən də böyük investorların ölkəmizə olan diqqətini daha da artırır. Bütün bu reallıqları şərtləndirən Prezident İlham Əliyevin siyasi iradəyə və humanizm prinsiplərinə əsaslanan siyasətidir. Məhz Azərbaycan Prezidentinin yürütdüyü tam müstəqil siyasət ölkəmizi dünyada etibarlı tərəfdaş kimi tanıdıb. Azərbaycana qarşı təşkil olunan məkrli oyunların, “qara piar” kampaniyalarının səbəbi də məhz budur. Bizim uğurlarımıza sevinməyi bacarmayan qüvvələr çirkin əməllərindən əl çəkmək istəmirlər. Fəqət, onlarınn “siyasi texnologoyaları” daha işə yaramır. Ona görə ki, İlham Əliyevin memarı olduğu qüdrətli Azərbaycan istənilən xarakterli təzyiq və təhdidlərin qarşısını almağa qadirdir. Dövlət başçımızın dediyi kimi, “bu gün dünyada elə bir qüvvə yoxdur ki, hanısa qərarı bizə aşılasın, yaxud da bizə nəyisə diktə edə bilsin. Belə qüvvə yoxdur və nə qədər ki, mən Prezidentəm, belə qüvvə olmayacaqdır”.

İndi dünyanın Azərbaycanla hesablaşdığı dönəmdə Vaşinqtonun xarici siyasətində korrektələr etmək zəruriliyini anlaması lazımdır. Məsələyə məhz bu bucaq altından yanaşanda əminliklə deyə bilərik ki, son dörd ildə Fransanın “Qara qitə”də üzləşdiyi və haqq etdiyi uğursuzluq zolağını Bayden administrasiyası Qafqazda davam etdirdi. İnanmaq istərdik ki, Ağ Evin yeni sahibi – respublikaçı Donald Tramp supergücün son dörd ildə xarici siyasətdə, xüsusilə Qafqaza münasibətdə yol verdiyi yanlışlıqları təkrarlamayacaq, əksinə, ölkə diplomatiyasını Baydenin saldığı “Bermud üçbucağı”ndan dartıb çıxarmağı bacaracaqdır.

İmran BƏDİRXANLI
XQ



Siyasət