Yeddi ay bundan əvvəl hicabını atmış iranlı gənc qızın polis idarəsində döyülərək öldürülməsinə etirazla başlayan aksiyalar bu gün Tehranın molla rejiminnə qarşı ən radikal siyasi tələb-şüarlarla ölkənin dayaqlarını silkələməkdədir. “Diktaturaya yox!”, “Diktatora ölüm!” şüarları altında davam edən mübarizəyə İrandakı qeyri-fars xalqlar mütəşəkkil şəkildə qoşulublar.
Ötən ilin sentyabrında İranda başlayan kütləvi etiraz aksiyaları bu gün də davam edir. Aksiyalarda səsləndirilən şüarlar da özünün siyasi xarakteri və kəskinliyi ilə fərqlənir. Qərbi və Şərqi Azərbaycan, Kürdüstan, Mazandaran, Xuzistan və digər əyalətlərdə on minlərlə insanın etiraz aksiyası səngimək bilmir. İranın azərbaycanlıların çoxluq təşkil etdiyi şəhərlərində gənc fəallar üçrəngli milli bayrağımızı qaldırıblar. Əgər bu vaxta qədər etirazçılar sadəcə olaraq “Diktatora ölüm!” şüarını səsləndirirdisə, bu gün artıq “Azərbaycan milləti – çəkəməz bu zilləti!”, “Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq!”, “Xameneiyə ölüm!”, “Qadın, Həyat, Azadlıq!” kimi radikal şüarlar da səsləndirirlər.
Ayları binadan atan rejim
Bir müddət əvvəl Təbrizdə etirazlar zamanı öldürülən Tibb Universitetinin tələbəsi Aylar Həqqinin dəfnində iştirak edən xeyli sayda soydaşımız bu qətlə etirazlarını bildirib. Oxucularımıza xatırladaq ki, azərbaycanlı gənc tələbə SEPAH-ın etirazçılara qarşı zorakılığından, güc tətbiq etməsindən sonra yaxınlıqdakı binalardan birinə sığınıb. Onları təqib edən bir qrup xüsusi təyinatlı qızın arxasınca binaya girib və Aylar Həqqini oradan aşağı atıb. Nəticədə ağır bədən xəsarətləri alan gənc qız elə hadisə yerindəcə canını tapşırıb. Bu, azmış kimi, güc strukturları Aylar Həqqinin rabitə idarəsində çalışan atasına dəfn mərasimini tamamilə səssiz keçirmək, onu ictimailəşdirməmək barədə xəbərdarlıq ediblər.
Əslində, Tehranın müstəbid rejiminə qarşı aksiyalarda ölkədəki bütün millət və xalqların nümayəndələri iştirak etsələr də, nədənsə, cəzalandırılan, repressiyaya uğrayan daha çox qeyri-fars kökənli vətəndaşlardır. Rejim səbr kasası dolmuş insanların qarşısına çıxaraq, onların dərdini dinləmək, problemlərdən çıxış yolları aramaq əvəzinə, etirazçılara divan tutmağa qərar verdi.
Kütləvi həbslərə və edamlara xeyir-duasını verən yaşıl tiranlar bu günədək 200-dən çox etirazçını edam etmiş, 500-dən çox insanı isə zindanlara atmışlar. Rəisi hakimiyyətinin feodal təfəkkürlü daxili siyasəti yerli xalqların müqavimət gücünü daha da artırır, vəziyyət isə gərginləşməkdə davam edir. Təbrizdə keçirilən Təbiət Günündə gənc qızın ictimaiyyət qarşısında başıaçıq Azərbaycan rəqsini ifa etməsi, başqa bir hicablı qadının ona təşəkkür etməsi, Xuzistan əyalətində Qaşqay türkləri tərəfindən 13-cü Bədr mərasiminin rəqs və şənliklə qeyd olunması, bu zaman hicablı və hicabsız qadınların, kişilərin yanaşı durması xalqın molla rejiminin yasaqlarından cana doymasının göstəricisi idi. Güneyli soydaşlarımızın səsinə səs verən Kürdüstan Müəllimlər Birliyi müəllim fəal Süleyman Abdinin həbsi ilə bağlı Tehrana ultimatum ünvanlayıb. İndi onlar Saqqız şəhərindəki təhsil müəssisəsinin binası qarşısında etiraz aksiyası düzənləməyə hazırlaşırlar. Müəllim Abdinin günahı isə aksiyada iştirakı və gənc qızın polis tərəfindən öldürülməsinə etiraz etməsi olub.
Qeyri-farsların koalisiyası qurulur
Yuxarıda qeyd etdiyimiz kimi, İranda yaşayan yerli xalqlar fars-molla istibdadına qarşı mübarizədə birləşməyə qərar veriblər. Bu inqilabi hərəkata əhalinin 40 faizindən çoxunu təşkil edən Azərbaycan türkləri rəhbərlik edirlər. Fəqət, bu ölkədəki mövcud rejimi dəyişməyin başqa yolunun qalmadığını azsaylı etnik qruplar da anlamağa başlayıblar. Bəli, artıq güneyli soydaşlarımızla yanaşı, bəluclar, kürdlər daxil olmaqla, bütün qeyri-farslar vahid mərkəzdən idarə olunmaqla mübarizəni davam etdirirlər. Son məqsəd hamıya məlum olduğundan, artıq qeyri-farsların, müxtəlif xalqların koalisiyasından danışmaq mümkündür. Hadisələrin hansı sonluğa gətirib çıxaracağını isə zaman göstərəcək. İndi İranda siluetləri açıq görünən reallığı hamı görür və başa düşür. Bu ölkənin heç bir perspektivini görmədyindən İranı tərk edənlərin sayı isə hər gün artır. Hələ etiraz aksiyalarından əvvəl İranı hər il 60 mindən çox insan tərk edərək, əsas etibarilə Kanada və ABŞ-ə üz tuturdu. Pandemiya başa çatdıqdan sonra belələrinin sayı kəskin artıb.
Brüsseldən əks-səda
Tehran rejiminin haqq və ədaləti tələb edənlərə divan tutmasına etiraz əlaməti olaraq 500-ə qədər güneyli soydaşımız və onların tərəfdarları Brüsseldə Avropa Parlamentinin binası qarşısında etiraz aksiyası keçirdi. Güney azərbaycanlı fəallar tərəfindən təşkil olunan, “İran üçün Azadlıq və Ədalət toplantısı” şüarı altında düzənlənən aksiyaya İranda yaşayan qeyri-fars xalqların nümayəndələri, Ukrayna diasporunun üzvləri, Azlıqların Müdafiəsi üzrə Avropa jurnalistləri və Avropa Assosiasiyasının təmsilçiləri qatılıblar. Dinc nümayişin məqsədlərindən biri də Güneydəki azərbaycanlıların İİR-in qeyri-fars xalqları idarəetmədə və siyasi sahədə qərar qəbul edilməli bütün sahələrindən kənarlaşdırmaq, onlar haqqında dezinformasiya yaymaq kimi ideoloji siyasətini ifşa etmək olub. Aksiya iştirakçıları “İran daxilindəki bütün qeyri-fars xalqlar, eləcə də SEPAH zorakılığının qurbanı olmuş qadınlar və gənclər üçün ədalət və azadlıq” tələb edib. Mitinq iştirakçıları molla rejimi tərəfindən etirazçıların həbsini və siyasi dissidentlərin edamını, Ukraynada mülki şəxslərə qarşı İranın pilotsuz uçuş aparatlarından istifadə olunmasını pisləyib, habelə Avropa İttifaqını İranın nüvə silahı əldə etməsinin qarşısını almağa çağırıblar.
44 il ərzində ölkəni özü boyda xalqlar həbsxanasına çevirən İranın fars-molla rejimi məhz bu səbəbdən üzləşdiyi kütləvi etirazın təşkilatçılarını kənarda deyil, daxildəki zorakı idarəetmədə, cəza sistemində, milli ayrı-seçkilik siyasətində axtarsa, ona çıxış yolunu göstərəcək cavabı daha tez tapmış olar.
Yeganə Hacıyeva,
politoloq:
– Ötən ilin sentyabrından İranda vüsət almış etirazların bir neçə təməl əsasları var. Əsas səbəb heç də hicab taxmayan qadının əxlaq polisi tərəfindən döyülərək öldürülməsi deyil, ümumilikdə, əhalinin siyasi rejimdən narazılığıdır. Rəsmi Tehranın cəmiyyətə qarşı apardığı repressiyaların xronologiyasına baxmaq kifayətdir ki, cəmiyyətin özünümüdafiəyə məcbur olmasını başa düşək.
Mövcud olduğu 44 ildə Tehranın təqib və repressiyalarına məruz qalanlar ən çox məhz milli azlıqlar olub. Təqib olunanların da önündə Azərbaycan türkləri gedir. Molla rejimi, misal üçün, ermənilərə göstərdiyi diqqət və qayğını heç vaxt bəluclara, kürdlərə, yaxud digər müsəlman xalqlarına, yaxud azlıqlara göstərməyib. Baxmayaraq ki, güneyli soydaşlarımızla müqayisədə ermənilər nəinki azsaylı xalq, heç etnik qrup qədər saya malik deyillər. Amma son zamanlar ard-arda qadınların, uşaqların öldürülməsi İran cəmiyyətini xeyli qıcıqlandırdı.
Hazırki prezident, mühafizəkar İbrahim Rəisi isə öz sələfləri ilə müqayisədə cəza mexanizmini sərtləşdirdi. O, prezidentliyinin ilk altı ayında son on ildə öldürülənlərdən daha çox insanı qətlə yetirdi. Buna görə Qərbdə onu “ölüm mələyi” adlandırdılar. Maraqlıdır ki, bu və ya digər səbəbdən edam edilənlərin doxsan faizindən çoxu qeyri-fars millətindən olan xalqların nümayəndələridir. Yəni, rejim etiraz aksiyalarını etnik qruplara qarşı repressiya üçün bəhanə bildi. Burada böyük say Azərbaycan türklərinin payına düşür. Sonrakı yerlərdə kürdlər, sonra bəluclar, onlardan sonra isə ərəb mənşəlilər gəlir. İndi etnik qrupların rejimə qarşı birlikdə mübarizə aparmasının səbəblərini burada axtarmaq lazımdır.
Tehran etirazçıların ehtirasını soyutmaq üçün ictimai rəyə əxlaq polisini buraxacağı ilə bağlı informasiya ötürsə də, SEPAH-a bağlı bu qurumun ləğvi mümkün deyil. Yəni, mövcud rejimin dəyişilməsindən savayı çıxış yolu görünmür.
İmran BƏDİRXANLI, “Xalq qəzeti”