Qərbi Azərbaycana Qayıdışa intellektual dəstək

post-img

Dünən Heydər Əliyev Mərkəzində Gənclər və İdman Nazirliyinin dəstəyi, “Regional İnkişaf” İctimai Birliyi və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan: Tarixin izi ilə - intellektual oyunlar çempionatı” layihəsi çərçivəsində 16-29 yaşlı gənclər arasında “Nə? Harada? Nə zaman?” və “Kviz” oyunları keçirilib.

Yarışın açılışında çıxış edən “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Murad Qasımlı layihənin məqsədi, Qərbi Azərbaycanın tarixi-mədəni irsi, bölgədən zorla çıxarılmış soydaşlarımızın doğma yurdlarına qayıdış hüququ barədə gənclərin biliklərinin artırılmasının önəmi, bu istiqamətdə müxtəlif layihələrin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

Gənclər və İdman Nazirliyinin ictimai inkişaf sektorunun müdiri Elşən Qəhrəmanov, Qərbi Azərbaycan İcmasının müşahidə şurasının sədri Misir Mərdanov və İcmanın Ağsaqqallar şurasının üzvü Elşad Qurbanov layihənin əhəmiyyəti, Qayıdış konsepsiyasının reallaşdırılmasına gənclərin dəstəyi, bu sahədə dövlət siyasətinin mahiyyəti kimi önəmli mövzulara gənclərin bələdliyini artırmaqda belə oyunların rolunu qeyd ediblər. Azərbaycan gəncliyinin 44 gündə Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı Zəfərdən danışan natiqlər gənclərin bundan sonra da fəallıqlarını davam etdirmələrinin, Qayıdış konsepsiyasının icrasında fəal iştirak etmələrinin vacibliyini vurğulayıblar.

Sonra “Nə? Harada? Nə zaman?” və “Kviz” oyunlarına start verilib. İlkin mərhələdə qeydiyyatdan keçmiş 30 komanda “Nə? Harada? Nə zaman?” intellektual oyununda mübarizə aparıb. 4 turdan ibarət “Nə? Harada? Nə zaman?” intellektual oyununun sonunda münsiflər heyəti komandaların cavablarını qiymətləndirib. “Zəngəzur” komandası I, “Xudafərin” II və “Köhnə qvardiyaçılar” III yerə layiq görülüblər.

Növbəti mərhələdə “Kviz” oyununda 15 mövzu üzrə suallar cavablandırılıb. Bu dəfə “Zəngəzur” I, “Xudafərin” II və “Köhnə qvardiyaçılar” III olublar.

Sonda qalib komandalar müxtəlif mükafatlar və sertifikatlar ilə təltif edilib.

XQ

Siyasət