Vatikan muzeylərində günəş panelləri quraşdırılıb.
AZƏRTAC xəbər verir ki, Vatikanda qeyd olunacaq Müqəddəs Yubiley İli ərəfəsində muzey kompleksinin girişindəki “Cortile delle Corazze” zalında yeni günəş paneli damının açılışı olub. Bildirilib ki, bu layihə Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin iyun ayında açıqladığı Vatikanla bağlı “yaşıl vizyon”un tərkib hissəsidir. Həmçinin Vatikandakı anbarın damında da günəş panelləri quraşdırılır və bu işlər gələn ilin ilk aylarında yekunlaşacaq. Digər layihə isə Vatikanda elektriklə işləyən avtomobillər üçün enerji doldurma məntəqələrinin tikintisi ilə bağlıdır.
“Vatikan Dövlətinin beynəlxalq arenada üzərinə götürdüyü öhdəliklər var. Biz onları nəinki yerinə yetiririk, eyni zamanda, digər beynəlxalq reallıqlar üçün nümunə təşkil edirik. Bu barədə COP29-da beynəlxalq səviyyədə məlumat vermişik. 2030-cu il üçün hədəfləri qeyd etmişik və onlara əməl edirik”, - deyə Vatikanın İnfrastruktur və Xidmətlər İdarəsinin rəisi Salvator Farina bildirib.
Qeyd edək ki, Vatikan “yaşıl enerji”yə keçid və davamlı enerji resurslarının əldə edilməsi üçün bərpaolunan mənbələrə və innovativ layihələrə diqqət ayırır.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan