Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

post-img

Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Ulu Öndər Heydər Əliyevin, Vətən uğrunda mübarizədə canından keçən şəhidlərin xatirəsinin yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Yığıncaqda açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev siyasi və hüquqi əsası ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Qərbi Azərbaycan məsələsinin Prezident İlham Əliyevin qətiyyəti nəticəsində dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini qeyd edib. O, 2022-ci il dekabrın 24-də Prezident İlham Əliyevin öz ailəsi hesab etdiyi Qərbi Azərbaycandan olan ziyalılarla görüşünü tarixi hadisə adlandırıb, bu görüşün Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə öz doğma torpaqlarına qayıtmaq inamını daha da möhkəmləndirdiyini bildirib.

Ə.Vəliyev Prezident İlham Əliyevin tapşırığı ilə Qərbi Azərbaycan İcması tərəfindən hazırlanaraq qəbul edilmiş Qərbi Azərbaycana sülhsevər qayıdışın konseptual əsası olan “Qayıdış Konsepsiyası”nın İcmanın fəaliyyətinin əsasını təşkil etdiyini, bu konsepsiyaya uyğun olaraq ölkə daxilində və xaricdə genişmiqyaslı işlər görüldüyünü deyib.

“İcma yüz minlərlə üzvünün hüquqlarının müdafiəsi və onların doğulduqları torpaqlara qayıdışının baş tutması üçün əzmlə çalışır. Bunun nəticəsidir ki, Qərbi azərbaycanlıların haqq mübarizəsini təkcə bütün dünya azərbaycanlıları deyil, tərəqqipərvər dünya ictimaiyyəti də dəstəkləyir. Bu il dekabrın 5-6-da keçirilən “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” adlı II Beynəlxalq Konfransa dünyanın 51 ölkəsindən 100-dən çox xarici qonağın, ölkəmizdə akkreditə olunan diplomatik korpusun nümayəndələrinin qatılması bunun əyani göstəricisidir”, - deyə Ədalət Vəliyev əlavə edib.

Administrasiya rəsmisi dövlətimizin başçısının tədbir iştirakçılarına müraciət ünvanlamasını və İcmanın bir qrup fəal üzvünü təltif etməsini növbəti tarixi hadisə kimi səciyyələndirib, 10 ölkədən 16 nəfərin İcmanın fəxri üzvlüyünə qəbul edilməsinin təqdirəlayiq hal olduğunu vurğulayıb.

Sonra çıxış edən İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov İdarə Heyətinin və İcma aparatının hesabatını təqdim edib. Ə.Ələkbərov bildirib ki, cari il ərzində İcmanın çoxşaxəli fəaliyyətinin əsas məqsədi soydaşlarımızın öz doğma yurdlarına qayıdışı, indiki Ermənistan ərazisində dağıdılan tarixi-mədəni abidələrimizin qorunması, deportasiyalar nəticəsində ciddi zərər görmüş qeyri-maddi mədəni irsimiz üçün ədalətin təmin edilməsi olub. Natiq bundan sonra da soydaşlarımızın təməl hüquqlarının təmin olunması istiqamətində fəaliyyətlərini daha da genişləndirəcəyini deyib, bu işdə İcmanın fəaliyyətinə dəstək olan bütün qurumlara təşəkkürünü bildirib.

İcmanın Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov, Müşahidə Şurasının sədri, AMEA-nın müxbir üzvü Misir Mərdanov, Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov, Ziyalılar Şurasının sədri, professor Elxan Hüseynov, Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Gənclər Şurasının sədr müavini, Milli Məclisin deputatı Kamal Cəfərov müvafiq şuraların hesabatlarını təqdim edib, iştirakçıların suallarını cavablandırıblar.

Daha sonra Ədalət Vəliyev İcma üzvlərindən Prezident İlham Əliyevin sərəncamları ilə “Şöhrət” ordeni ilə təltif olunmuş Fikrət Əliyevə, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuş İsmət Abbasova, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunmuş Dilarə Seyidzadə və Vaqif Şadlinskiyə, həmçinin Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüş Həsən Həsənova mükafatları təqdim edib.

Qeyd edək ki, İcmanın Nizamnaməsinə uyğun olaraq hər il keçirilən Ümumi Yığıncağın məqsədi təşkilatın illik fəaliyyətinin qiymətləndirilməsi, görülmüş işlərə dair hesabatların dinlənilməsi, o cümlədən, növbəti ildə qarşıda duran prioritetlərin müəyyən edilməsidir.







Sosial həyat