Güneydə erməni soyqırımları

post-img

Birinci dünya müharibəsi dövründə Cənubi Azərbaycan ərazisi Rusiya və Osmanlı hərbi qüvvələrinin toqquşma meydanına çevrildi. 1916-ci ildə demək olar ki, bütün Cənubi Azərbaycan ərazisi Rusiya qoşunları tərəfindən işğal olundu. 

Həmin il Osmanlı dövlətinin Hakkari bölgəsində yaşayan xristian assuriyalılar (aysorlar) Rusiyanın dəstəyinə arxalana­raq öz dövlətinə qarşı qiyam qaldırdılar. Lakin onlar Osmanlı qüvvələrinin qarşı­sında uzun müddət davam gətirə bilmə­dilər. Rusiyanın köməyilə on minlərlə ay­sor (yerli əhali onları “cilov” adlandırırdı) öz ailələri ilə birgə Cənubi Azərbaycanın Urmiya və Səlmas bölgəsinə köçürüldü. 

Brest-Litovsk müqaviləsinin şərtlərinə əsasən Rusiya qoşunlarının Şimali İran­dan, yəni Cənubi Azərbaycandan geri çəkilməyə başlaması 1917-ci il oktyabr çevrilişi nəticəsində ölkədə başlanan vətəndaş müharibəsi və siyasi qarışıqlıq dövrünə təsadüf edirdi. Belə vəziyyətdə düzəni və birliyi pozulan, hətta təchizatı­nı belə təmin edə bilməyən rus əsgərləri soyğunçuluğa başladı. Onlar keçdikləri bölgələri qarət edərək evləri yandırır əha­liyə ciddi zərər vururdular.

Təəssüf ki, Cənubi Azərbaycan bölgə­sində baş verən qanlı hadisələr iri dövlət­lərin dəstəyi ilə həyata keçirilirdi. Belə ki, rus qoşunlarının Cənubi Azərbaycandan təxliyə edilməsi ilə eyni zamanda müttəfiq dövlətlər (İngiltərə, Fransa və ABŞ) ermə­ni, aysor və Cənubi Azərbaycanda qalan rus qüvvələrdən ibarət xristian ordusu ya­radaraq azərbaycanlılara qarşı xaç yürü­şü həyata keçirdilər.

Rus qoşunlarının İrandan geri çəkil­məsi Rusiya işğalı altında olan Cənubi Azərbaycanın müxtəlif bölgələrində rus, ingilis, erməni və aysor təhlükəsini daha da artırdı. İngilislər rus qoşunlarının İran­dan geri çəkilməsindən sonra bir tərəfdən Urmiya bölgəsindəki erməni və aysorlar­la birləşərək Osmanlı Dövlətinin önünü kəsməyi planlayır, digər tərəfdən Teh­ran-Qəzvin yolu ilə Rəşt bölgəsini, oradan da Xəzər dənizi sahilində yerləşən Ənzəli limanını ələ keçirərək dəniz yolu ilə Bakı­ya girmək və o dönəmdə şəhəri əllərində saxlayan ermənilərlə birləşərək şəhəri iş­ğal etməyi planlaşdırırdı. 

Urmiya bölgəsində erməni və aysor­ları təşkilatlandırma məsələsində ABŞ və Böyük Britaniya konsulluqları birgə fəaliy­yətə başlamış, xüsusi hərbiçilərdən ibarət dəstələr yaratmışdı. Urmiyadan Qara dənizə qədər silahlanan ermənilər isə öz məkrli niyyətlərinə çatmaq üçün rusların xristian təəssübkeşliyi ilə Cənubi Azərbay­can ərazisində yerləşdirilən aysorlardan istifadə edirdilər. Hətta, Anadolu bölgə­sindən geri çəkilən rus qoşunlarının tərki­bində olan ermənilər də Urmiya bölgəsinə gələrək buradakı erməni və aysorlarla bir­ləşmişdi. Onlar rus ordusuna məxsus si­lahları ələ keçirərək Urmiya, Səlmas, Xoy və Cənubi Azərbaycanın digər bölgələ­rində yerli əhaliyə hücum edərək onları məhv etməyə başladılar.

1918-ci ilin əvvəlindən başlayaraq er­məni və aysor silahlı birləşmələrinin Cə­nubi Azərbaycanda türk-müsəlman əha­liyə qarşı görünməmiş vəhşiliklə həyata keçirdikləri qətliamlar intensivləşdi. “1917-1918-ci illərdə Urmiya bölgəsində azər­baycanlılara qarşı soyqırımı” (ATASE-nin sənədləri əsasında) kitabında ilk kütləvi qətliamların 1918-ci il fevralın əvvəllərin­də Urmiya şəhərində birləşmiş xristian ordusu tərəfindən azərbaycanlıların məhv edilməsi ilə başlandığı qeyd olunur. 

22 fevral cümə günü Urmiya əhalisinin 3 günlük fasiləsiz olaraq qırğını başlandı. Qırğının 1-ci günü Urmiya şəhərinin Əs­gərxan məhəlləsi məhv edildi. Xristian ordusu azərbaycanlıların evlərinə hücum edirdilər. 

1918-ci ilin fevral-mart aylarında er­məni-aysor birləşmələrindən təşkil olun­muş xristian ordusu Sovuçbulaq bölgəsin­də geri çəkilən rus qoşunlarının silahlarını ələ keçirdilər. Rusiya və Amerika Birləş­miş Ştatları kimi iri dövlətlərin himayəsinə arxalanan erməni-aysor hərbi birləşmələri Urmiya şəhəri ətrafında hərbi mövqe tu­taraq, yerli əhalini soyub-talayır, gündüz barışığa vəd versələr də, gecələr şəhərin ayrı-ayrı məhəllələrini yandırıb, viran qo­yurdular.

Həmin dəhşətli hadisələr zamanı yüz­lərlə günahsız azərbaycanlı vəhşicəsinə qətliam edilmişdir. Soyqırımın baş verdiyi dövrdə yaşayan Əhməd Kəsrəvi həmin hadisələrdə 130 mindən artıq insanın er­məni və aysorlardan ibarət xristian qoşu­nu tərəfindən qətlə yetirildiyini yazır.

Erməni və aysorların Urmiya bölgə­sində Azərbaycan türklərini qətl etməsi Osmanlı dövlətinin VI və III ordusuna məxsus hərbi hissələrinin Urmiyaya doğru qərb istiqamətindən hərəkətə başlaması­na səbəb oldu. Osmanlı Dövləti Urmiya bölgəsində günbə–gün artan erməni və aysorların qanlı fəaliyyətlərini yaxından izləmiş və bu hadisələrin qarşısını almaq üçün görüləcək bütün tədbirləri əsasən VI ordu yerinə yetirmişdi.

Cənubi Azərbaycan, əsasən də Ur­miya bölgəsində azərbaycanlılara qarşı törədilmiş kütləvi cinayətlər əslində ermə­nilərin Cənubi Qafqaz, Şərqi Anadolu və İran ərazisində türk-müsəlman əhalisini soyqırımına məruz qoymaqla gələcəkdə türksüz “Böyük Ermənistan” yaratmaq planının tərkib hissəsi idi. 

Bu qiymətli sənədlər ermənilərin 1917-1918-ci illərdə Cənubi Azərbaycan, əsasən də Urmiya bölgəsində törətdikləri cinayətləri bir daha təsdiq edir. 

 

Güntəkin NƏCƏFLİ,
AMEA Tarix İnstitutunun dosenti,
Dövlət mükafatı laureatı

Sosial həyat