İslamofobiya ilə mübarizədə akademik platforma

post-img

Bakıda keçirilən mötəbər beynəlxalq konfrans başa çatdı. Dünyanın 30-dan çox ölkəsindən gəlmiş elm adamları, tanınmış icitmai-siyasi və din xadimləri bir araya gələrək, islamofobiya problemini müzakirə etdilər, mövzuya dair fikir mübadiləsi apardılar. Ən əsası, konfrans iştirakçıları çıxışlarında dünyaya birmənalı mesaj da göndərdilər: İslamofobiya təhlükəli səviyyəyə yüksəlir və birgə əməkdaşlıq edərək bu qlobal təhdidin qarşısını almaq lazımdır. 


İki gündür ki, Azərbaycanda Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilir. Bu gün “Müstəmləkəçilik, yeni imperializm və islamofobiyanın kəsişməsi: tarixi və müasir perspektivlər” mövzusunda keçirilən plenar sessiyada natiqlər bir sıra maraqlı məqamlara toxundular, metropoliya-müstəmləkə ölkə münasibətləri fonunda islamofobiyanın doğurduğu problemlərdən danışdılar. 
İraqın Strateji Araşdırmalar üzrə Respublika Mərkəzinin sədri Mats Muhi Əbdülhəmid çıxışında Emənistanın Azərbaycana qarşı apardığı soyqırımı siyasətinə toxundu. Bildirdi ki, ermənilərin Qarabağda azərbaycanlılara qarşı törətdikləri soyqırımları onların qəddar olduğunu göstərir. Xatırlatdı ki, Azərbaycan da islomofobiyanın Ermənistanın idelogiyasına çevrildiyini dəfələrlə bildirib. Onun sözlərinə görə, ermənilər belə bir siyasəti həyata keçirmək üçün Qərbdən dəstək alıblar. İraqlı qonaq işğaldan azad olunmuş ərazilərə getdiyini vurğulayaraq əlavə etdi ki, məscidlərin dağıdıldığını, bəzi ibadət yerlərinin donuz fermalarına çevrildiyini öz gözlərilə görüb: “Azərbaycanın məscidləri təhqirlərə məruz qalıb, tövlələrə çevrilib. Ermənilər yandırdıqları kilsələri də Azərbaycanın əməli kimi qələmə verməyə çalışırlar”. M.Əbdülhəmid işğaldan azad edilmiş ərazilərdə tarixi abidələrin, məşhur şəxslərə aid məzarların dağıdıldığını diqqətə çatdırdı.
Kanadanın “Wilfrid Laurier” Universitetinin Sosiologiya və Müsəlmanşünaslıq üzrə professoru Jasmin Zin isə bildirdi ki, islamofobiya hazırda dözülməz həddədir. Bir çox ölkələrdə müsəlmanlar qətlə yetirilir və ya təhqiredici hərəkətlərə məruz qalırlar. Onun sözlərinə görə, bəzi ölkələrdə qadınlar daha çox hədəfə alınır. O, bildirdi ki, müsəlmanlar Fransa və bəzi ölkələrdə mənfi obrazda təqdim olunurlar: “Gender məsələsində, həmçinin müsəlman qadınlarının geyimləri terrorist geyimi kimi qələmə verilir və cəmiyyətə aşılanır”. J.Zin bunun yolverilməz hal olduğuni diqqətə çatdırdı. Belə mənfi tendensiyaya qarşı əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğuladı.
Jasmin Zin sonra dedi: “1 yanvar 2019-cu il və 6 iyun 2021-ci il tarixlərində baş verən hadisələri xatırlayırsınızmı? Hər iki faciəli hadisədə hicablı müsəlman qadınlar olub. Yəni müsəlman qadınlar öz dini inanclarına xas olan paltar geyinirlərsə, onsuz da müəyyən təzyiqlərə, təqiblərə, müəyyən qədər zorakılığa məruz qalırlar. Bütün bunlar müsəlmanlara, müsəlman qadınlara qarşı nifrətin təzahürüdür”.
Dünya Müsəlman İcmaları Şurasının (DMİŞ) baş katibi Məhəmməd Beçəri dedi ki, islamofobiyaya qarşı səmərəli mübarizə aparmaq üçün beynəlxalq ictimaiyyətin tanıyacağı mühüm sənədlərin qəbul edilməsinə çalışmaq lazımdır. Onun sözlərinə görə, islamofobiya ilə mübarizənin effektivliyi üçün BMT və AP-də sənədlərin qəbul edilməsinə nail olunmalıdır. Cənab Beçəri islamofobiyanın yayılmasında Qərb KİV-ini günahlandırdı. Onun fikrincə, Qərb ölkələrində fəaliyyət göstərən KİV İslam və müsəlmanlar haqqında stereotiplərin yaranmasına və dolayısı ilə İslama qarşı nifrətin yaranmasına səbəb olub. 
DMİŞ-in baş katibi islamofobiya ilə mübarizədə birgə səylərin artırılmasının vacibliyini vurğuladı. Birgəyaşayış dəyərlərinin möhkəmləndirilməsi, dinlərə nifrətin və ümumiyyətlə, nifrətə təşviqin qarşısının alınması üçün Qərb ölkələrinin qanunvericiliklərində müəyyən dəyişikliklərin edilməsinin də vacib amil olduğunu diqqətə çatdırdı.   
Konfrans çərçivəsində “Dini müxtəlifliyi və dinlərarası hörməti təşviq etməklə harmonik cəmiyyətlərin qurulması” mövzusunda keçirilən aralıq sessisyada iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) ­Şeyxülislam Allahşükür Paşazadə çıxışında Azərbaycanda multikultural dəyərlərə böyük önəm verildiyini bildirdi. Onun sözlərinə görə, Azərbaycanda bütün din mənsubları qardaşlıq münasibətində yaşayır və dövlətin onlar üçün yaratdığı bütün şəraitdən istifadə edirlər. Bununla yanaşı, o, təəssüflə bildirdi ki, son zamanlar Avropada, xüsusilə də  Fransada islamofobiya meyilləri kəskinləşir. Şeyxülislam Allahşükür Paşazadə konfrans iştirakçılarının diqqətinə çatdırdı ki, Fransa islamofobiyanın tüğyan etdiyi ölkə kimi seçilir. O, qalmaqallı nüfuza malik “Charlie Hebdo” jurnalının təxribat xarakterli fəaliyyətinə toxunaraq, nəşrin xəstə təfəkkürlü şüarlarının Fransanın gerçəkliyini əks etdirdiyini vurğuladı. QMİ sədri erməni terror şəbəkəsinin əsasının da Fransada qoyulduğunu xatırlatdı.
Xatırladaq ki, konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisinin əksəriyyəti müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır. Xüsusilə konfransda İslamofobiya ilə mübarizədə kəsişən yanaşma, bəzi Avropa ölkələrində islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya mövzularında müzakirələr aparıldı. 

 

İbrahim Yerden,
Niderlandın “MaatSchappelijke Veerkracht” (Sosial Dayanıqlıq) İnstitutunun təmsilçisi:

– “Bakıda müzairə edilən mövzu çox önəmlidir. Dünyanın gündəmində olan mövzulardan biridir. Hamı islamofobiyadan danışır, yazır və mübahisə edir, ancaq belə bir konfransın Bakıda olması vacib idi. 
Dünyanın hər yerindən alimlər, din xadimləri, KİV nümayəndələri konfransda iştirak etdilər. Tədbir iştirakçıları dünyaya bir mesaj göndərmək istədilər. Məlumdur ki, bəzi ölkələrdə İslam və terrora eyni gözlə baxmağa çalışırlar. Konfrans iştirakçıları bunun çox yanlış olduğunu bildirdilər. Natiqlər çıxışlarında birmənalı şəkildə vurğuladılar ki, İslamla terror yanaşı qoyulmamalıdır. Biz terrorun haradan gəlməsinə, istər İslam, istər xristian ölkələrindən gəlməsinə baxmayaraq, biz ona qarşıyıq. 
Amma bəziləri İslamla terroru birləşdirmək istəyirlər. Yəni, müsəlman mühacirlərə terrorçu kimi baxmağa, onları geridə qalmış insanlar kimi qiymətləndirməyə çalışırlar. Təəssüf ki, bunu şüurlu şəkildə edirlər. Bunu xüsusilə də ABŞ-da, Qərbi Avropada müşahidə etmək olar. 
Düşünürəm ki, bu ikigünlük konfransda çox şey öyrəndik. Birincisi, İslam ilə terror eyni göstərilməyə çalışılır. Buna qarşı mübarizəni birləşdirməliyik. İkincisi, islamofobiya ilə mübarizədə medianın rolu çox önəmlidir. Media hadisələri obyektiv şəkildə işıqlandırılmalıdır. Xüsusilə də İslam ölkələrindən olan KİV gözdə-qulaqda olmalıdır. Qərb mediası hadisələri birtərəfli işıqlandırır. İslam jurnalistləri bu məsələdə obyektiv mövqe tutmalı, terrorla İslamı eyniləşdirməyə çalışanlara tutarlı cavab verməlidir. Hesab edirəm ki, bu məsələdə elmi araşdırmalar aparılmalı, media da bunları işıqlandırmalıdır.  
Azərbaycan mültikultural ölkədir. Burada müsəlmanlar, xristianlar və yəhudilər rahat və dinc şəkildə yaşayırlar. Avropa da mültikulturaldır, ancaq “Köhnə dünya”da müsəlman ölkələrdən gələnlər terrorçu kimi qəbul edirlər. Buna görə də, Azərbaycan örnək olmalıdır və media bu reallığı işıqlandırmalıdır. Ümid edirəm ki, siz jurnalistlər bu işdə nümunə ola biləcəksiniz.


Səbuhi MƏMMƏDOV, 
Elşən AĞALAR (foto), 
“Xalq qəzeti”

IMG_2135.JPG

Sosial həyat