Azərbaycan – dinlərarası qarşıdurmanı sivilizasiyalar alyansına çevirən ölkə

post-img

Müasir dövrün geniş yayılmış bəlalarından biri də irqi ayrı-seçkiliyin, dini dözümsüzlüyün, nifrət məzmunlu nitqlərin sayının artması, zorakılığın, şiddətin çoxalmasıdır. Bunu bəşəri bəla adlandırmaqla əsla mübaliğəyə yol vermirik, çünki ayrı-seçkilik bütün mümkün formaları və ifadələri ilə birlikdə insan hüquqlarının pozulmasının və istismarının ən geniş yayılmış formalarından biridir. Hər gün bütün dünya üzrə milyonlarla insan ayrı-seçkiliyə məruz qalır və bunu müəyyənləşdirmək ən çətin problemlərdən biridir. Ayrı-seçkilik və dözümsüzlük bir-biri ilə çox yaxın əlaqəli anlayışlardır. Dözümsüzlük nifrət dolu danışıqlardan tutmuş fiziki xəsarətə və hətta qətlə qədər bir sıra hərəkətlərdə özünü göstərə bilir.


BMT-nin 1963-cü il tarixli İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Bəyannaməsində 4 əsas məsələ qeyd olunur:
- İrqi ayrı-seçkiliyə əsaslanan hər hansı üstünlük fəlsəfəsi elmi cəhətdən saxta, əxlaqi cəhətdən çirkin, sosial cəhətdən ədalətsiz və təhlükəlidir və ona nə nəzəri, nə də praktik baxımdan bəraət qazandırılmır;
- İrqi ayrı-seçkilik və irqi üstünlük və ya nifrətə əsaslanan dövlət siyasəti əsas insan hüquqlarını pozur, millətlər arasında dostluq və sülh münasibətlərinə və əməkdaşlığa, habelə beynəlxalq sülh və təhlükəsizliyə mane olur;
- İrqi ayrı-seçkilik yalnız onun obyektləri olan şəxslərə deyil, həmçinin onu təcrübədən keçirənlərə də zərər verir;
- Nifrət və təfriqə yaradan faktorlar olan irqi ayrı-seçkilik və seqreqasiyadan azad bir dünyanın qurulması ­BMT-nin əsas məqsədidir.
Bu bəyannamə BMT Baş Assambleyasının daha sonra – 1965-ci ildə qəbul olunmuş İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın əsasını təşkil edir.
Yeri gəlmişkən qeyd edək ki, hər il martın 21-i Beynəlxalq İrqi Ayrı-seçkiliyin Aradan Qaldırılması Günü kimi qeyd edilir. 1960-cı ilin bu günündə Cənubi Afrika Respublikasınn Şarpevil qəsəbəsində aparteid rejiminin afrikalıları məcburi pasportlaşdırmasına qarşı keçirilən dinc nümayişdə polis atəş açaraq, 69 nəfəri öldürüb, 180 nəfəri yaralayıb. 1966-cı ildə bu günü elan edən BMT Baş Assambleyası beynəlxalq ictimaiyyəti irqi ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaq üçün səylərini ikiqat artırmağa çağırıb. 1979-cu ildə BMT Baş Assambleyası bütün dövlətlərin hər il martın 21-dən etibarən irqçilik və irqi ayrı-seçkiliyə qarşı mübarizə aparan xalqlarla həmrəylik həftəsi keçirməsini tövsiyə edib. Beləliklə, həmin tarixdən hər il bir həftə ərzində İrqçilik və irqi ayrı-seçkiliklə mübarizə aparan xalqlarla həmrəylik həftəsi keçirilir.
***
Göstərilən səylərə, edilən çağırışlara baxmayaraq, dünyada dözümsüzlük halları nəinki azalmır, əksinə, artır. Maraqlıdır ki, dözümsüzlüyün nümunələrini yaradanlar əsasən Qərb dünyasını təmsil edən islamofob dairələrdir. Yanvar ayında danimarkalı ifrat sağçı siyasi fəal Rasmus Paludanın “Quran”ın yandırılması ilə bağlı Türkiyənin Stokholmdakı səfirliyi qarşısında bir neçə aksiya keçirməsi bunun bariz nümunəsi sayıla bilər. Bəs, Rasmus Paludan istisnadırmı? Ondan öncə (2010-cu ildə) bu addımı atmağa hazırlaşan, bu məqsədlə müqəddəs dini kitabdan 200 nüsxə toplayan, lakin son anda edilən çağırışlara görə, bundan imtina edən floridalı mühafizəkar keşiş Terri Consu, ­2011-ci ilin martında elə Consun iştirakı ilə keşiş Ueyn Sappın bu əməli həyata keçirməsini unutmaq olarmı? Norveçli terrorçu Anders Breyvik 2011-ci il iyulun 22-də 77 nəfəri qətlə yetirmiş, 151 nəfəri yaralamışdı. Bundan sonra o, açıq şəkildə lüteran inancına mənsubluğunu və “Müqəddəs Olaf” mason lojasının üzvü olduğunu bəyan etmişdi. Bu kimi faktların sayı-hesabı yoxdur və əvvəldə qeyd etdiyimiz kimi, təəssüf ki, onların sayı artmaqdadır.
***
Dünyada, əsasən də, Qərb ölkələrində irqi ayrı-seçkiliyin və dini dözümsüzlüyün hökm sürdüyü belə bir durumda bir də göz önündə müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkə – Azərbaycan canlanır. Sirr deyil ki, Odlar yurdunda ayrı-ayrı etiqad və inanclara malik etnosların min illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında Azərbaycan xalqına xas olan humanizm və çoxmillətlilik dəyərlərin müstəsna rolu var. Müxtəlif dinlərə, irqlərə və millətlərə dözümlü yanaşma Azərbaycan xalqına xas olan ən ülvi keyfiyyətlərdəndir. “Oksford ingilis dili lüğəti”ndə “əcnəbilərə və ya xarici ölkələrə qarşı pataloji qorxu” kimi müəyyən edilən ksenofobiya burada yoxdur.
Azərbaycan sivilizasiyalararası toqquşmanı sivilizasiyaların alyansına çevirməyi bacaran nadir ölkələrdəndir. Dini müxtəliflik və dinlərarası hörmət burada ən yüksək səviyyədədir. BMT Baş Assambleyasının 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi elan etməsinin bir illiyi ilə əlaqədar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və G20 Dinlərarası Dialoq Forumunun birgə təşkilatçılığı ilə martın 15-16-da Bakıda keçirilən “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransın bölmə iclaslarından birinin “Dini müxtəlifliyi və dinlərarası hörməti təşviq etməklə harmonik cəmiyyətlərin qurulması”ına həsr olunması heç də təsadüf sayılmamalıdır. Çünki Azərbaycan dünyaya nümunə ola biləcək multikutural dəyərlərə həmişə sadiq qalıb və buna böyük önəm verib.
Mədəniyyətlərası, sivilizasiyalararası hörmət və harmonik cəmiyyətin qurulması, əlbəttə, tolerantlığa və əks fikrə dözümlülük prinsipinə əsaslanır. Təsadüfi deyil ki, 2009-cu il oktyabrın 13-dən 15-dək Azərbaycanın uğurla evsahibliyi etdiyi İslam ölkələri mədəniyyət nazirlərinin konfransı çərçivəsində “Mədəniyyətlərarası dialoq” mövzusunda keçirilmiş “dəyirmi masa”da “Bakı Prosesi – Sivilizasiyalar arasında dialoqa yeni çağırış” adlı sənəd qəbul edilib.
Ermənistanla müharibədə on minlərlə şəhid verməyimizə, məscidlərimizin və digər tarixi abidələrimizin yerlə-yeksan edilməsinə, təhqir olunmasına baxmayaraq, erməni kilsəsinin hələ də Bakının mərkəzində toxunulmaz şəkildə qalması xalqımızın tolerantlığına ən bariz nümunədir. Bu gün artıq Azərbaycanın siyasətinin tolerantlıq, irqi və dini dözümlülük mühitinin gücləndirilməsi, çağdaş dəyərlərin möhkəmləndirilməsi kimi prinsiplərə əsaslandığını dünya etiraf edir.


Səxavət Həmid, 
“Xalq qəzeti”

Siyasət