“Əgər tarixi faktları araşdırmalı olsaq, onda xatırlatmalıyam ki, indiki Ermənistan ərazisi vaxtilə Azərbaycan torpaqları idi. Bir vaxtlar bu yerlər Azərbaycana məxsus olmuş, lakin 1918–1920-ci illərdə Ermənistana verilmişdir. Mən inanıram ki, bizim bölgədə hər şey Azərbaycan xalqının xeyrinə dəyişəcək, xalqımız gələcəkdə mütləq və mütləq gedib öz gözəl Göyçə torpağını, doğma dağlarını, bulaqlarını, çaylarını, ata-babalarının qəbirlərini görəcəkdir. Mən buna heç şübhə etmirəm.”
Ulu öndər Heydər Əliyevin illər öncə ifadə etdiyi bu uzaqgörənliyi Prezident İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcması ilə görüşündəki inamlı açıqlaması bir daha təsdiqlədi: “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir... Biz öz tarixi torpaqlarımıza mütləq geri qayıdacayıq”. Bu inam bir əsrdə iki dəfə Qərbi Azərbaycandan didərgin salınmış Məhərrəmovlar ailəsində dən böyük ümidlər yaratmış, doğma yurda qayıtmaq istəyini daha da qüvvətləndirmişdir.
Qərbi Azərbaycanın tanınmış ziyalılarından biri olan Məmmədəli Məhərəmovun və onun ömür-gün yoldaşı, Əməkdar müəllim Şəfiqə Avşarovanın həyat yolundan bəhs edən kitabda isə bir nəfərin və onun ailəsinin simasında soydaşlarımızın tarixi torpaqlarımızdakı çoxəsrlik mövcudluğu, rastlaşdıqları haqsızlıqlar, apardıqları mübarizə əksini tapmışdır.
Yeri gəlmişkən bildirək ki, bu il martın 16-da Qərbi Azərbaycanın tanınmış ziyalılarından biri olan, uzun müddət müxtəlif vəzifələrdə çalışaraq bədnam qonşularımızın təzyiqləri altında yaşamağa məhkum edilmiş Məmmədəli Məmmədcəfər oğlu Məhərrəmovun anadan olmasının 100 illiyi tamam olur. Bu yubileyə həsr edilmiş kitabda Qərbi Azərbaycanla bağlı qiymətli fikirlər, tarixi faktlar, fotolar və xəritələr toplanmışdır.
Bu nəşr həm də 1988-ci ildə deportasiya edilən soydaşlarımızın çəkdiyi əziyyətlərə, rastlaşdıqları haqsızlıqlara dözə bilməyib, 1989-cu ildə dünyasını dəyişmiş Məmmədəli müəllimin və onun kimi vaxtsız dünyadan köçən yüzlərlə soydaşımızın, Qərbi Azərbaycan ziyalısının xatirəsinə xalqımızın ehtiramını ifadə edir.
Xatırladaq ki, 1923-cü ildə Qərbi Azərbaycanın Türkiyə ilə həmsərhəd olan Ağbaba–Şörəyel mahalının Güllübulaq kəndində dünyaya gələn Məmmədəli Məhərrəmov kənd yeddiillik məktəbini bitirdikdən sonra əlaçı şagird olaraq məktəbdə müəllim kimi saxlanılmış, 14 yaşında olarkən iki il “savadsızlığın ləğvi” dövründə kənd sakinlərinə, oxuyub-yazmağı bacarmayan insanlara bu vərdişləri öyrətmişdir. 1939-ci ildə İrəvan şəhərindəki o dövrdə çox nüfuzlu təhsil ocağı olan Azərbaycan Pedaqoji texnikumuna daxil olmuşdur. 16 yaşlı gəncin növbəti arzusu ali məktəbə daxil olmaq idi.
Lakin 1941-ci ildə başlanan Böyük Vətən müharibəsi (II Dünya müharibəsi) bir çox gənclər kimi onun da planlarının üstündən xətt çəkdi. Texnikumu bitirən kimi – 1942-ci ildə onu cəbhəyə apardılar. Müharibənin olduqca mürəkkəb dövründə ordu sıralarına çağırılan Məmmədəli Məhərrəmov ən qaynar nöqtələrə göndərildi. Əvvəlcə Oryol ətrafında, sonra Kurskda döyüşlərdə iştirak etdi. 1943-cü ildə yaralanıb müharibədən kəndə qayıtdı, Güllübulaq kənd orta məktəbində pedaqoji fəaliyyətə başladı.
Məmmədəli müəllim İrəvandan məktəblərinə göndərilmiş ibtidai sinif müəllimi Şəfiqə xanımla tanışlığı tale yolunun qoşalaşdırılması ilə tamamlandı. 1945-ci ildə isə təhsilini davam etdirmək üçün İrəvan Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil oldu və ailəsi ilə birlikdə İrəvana köçdü. Burada təhsil ala-ala müəllimliyini davam etdirdi, öz üzərində gecə-gündüz işləməyə, daha çox öyrənməyə, daha çox oxumağa çalışdı.
1948-ci ildə Məmmədəli müəllim doğma yurdu ilə vidalaşmalı oldu. SSRİ Nazirlər Sovetinin “Kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür–Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında” 1948-ci il 10 mart tarixli qərarına əsasən, Ermənistanda yaşayan soydaşlarımız “mədəni şəkildə” deportasiya edildilər. Məmmədəli müəllim Ağdamın Əhmədağalı kəndinə sığınmalı oldu.
Məmmədəli Məhərrəmov böyük ailəsinə (artıq iki övladı dünyaya gəlmişdi, anası Eminə xanım da onlarla yaşayırdı), qaçqınlıq həyatına (o zamanlar Əhmədağalı kəndində məskunlaşmışdılar) və işinin çətinliyinə (orta məktəbdə tədris hissə müdiri idi) baxmayaraq, təhsil almaq arzusunu reallaşdıraraq, 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika-riyaziyyat fakültəsinə qəbul olundu, bununla da Güllübulaq kəndinin ilk orta ixtisas və ali təhsil alanlarından biri oldu.
1953-cü ildə Stalin vəfat etdikdən sonra ölkədə siyasi gərginlik bir qədər səngidi. Vəziyyətin yumşaldığını hiss edən, Vətən həsrəti ilə yaşayan Məmmədəli müəllim doğma yurda qayıtmaq uğrunda mübarizə aparmağa başladı. Böyük Vətən müharibəsi veteranı və döyüşlərdə əlil olduğunu, qaçqınlıq həyatında böyük çətinliklərlə üzləşdiyini və digər tələblərini də dəlil kimi göstərərək yazdığı məktublar, əyani gedib müraciət etdiyi ünvanlar, nəhayət, səmərəsini verdi. Ancaq qaçqın olarkən çıxdığı ünvana –İrəvana yox, Amasiya rayonunun Güllücə kəndinə qayıtmağa icazə verdilər.
1955-ci ildə gənc ailə üçüncü dəfə köç edərək Güllübulaq kəndinə gəldi. Azərbaycanlıların hər tərəfdən sıxışdırıldığı bir dövrdə Məmmədəli Məhərrəmov məktəb direktoru, kolxoz sədri vəzifələrində uğurla çalışdı. O, 1965-ci ildən taleyini yenidən doğma məktəbə bağladı.
Hamı xatırlayır ki, Məmmədəli müəllimin təşəbbüskarlığı, təşkilatçılığı, prinsipial mövqeyi məktəbi regionun qabaqcıl təhsil ocaqları sırasına çıxardı. O, məktəbə direktor təyin edildikdən sonra yeni məktəb binasının tikilməsi məsələsini qaldırdı. Məmmədəli müəllim məzunlar üçün bir buraxılış ilində (1965–1966) hətta 12 medal ala bildi. Məktəb regionun, hətta bütün Qərbi Azərbaycanın ən qabaqcıl təhsil müəssisələrindən birinə çevrildi. Məmmədəli Məhərrəmov yüzlərlə gəncin ali təhsil almasında insanlara həyan olmuş, onların gələcək həyatının daha firavan olmasına öz payını verdi.
Məmmədəli Məhərrəmov 7 övlad böyüdüb boya-başa çatdırmışdır, hər birinə ali təhsil, yüksək tərbiyə vermişdir. Əlbəttə, ötən əsrin 50–60-cı illərində erməni diskriminasiyasının gərgin təzyiqi altında böyük bir ailəni aclıqdan qorumaq özü bir qəhrəmanlıq idi. Ancaq Məmmədəli müəllim Şəfiqə xanımla əlbir olaraq sağlam bir ailə formalaşdırmış, övladlarının nəinki fiziki sağlamlığını, intellektini, mənəvi yetkinliyini təmin etmiş, onları həyata hazırlamış, ali təhsil diplomu ilə birgə onlara “Məmmədəli Məhərrəmovun həyat universitetinin diplomu”nu da vermişdir.
Məhz bu həyat məktəbinin, düzgün tərbiyənin və ölkəmizdə ulu öndər Heydər Əliyevin yaratdığı şəraitin nəticəsidir ki, bu ocaqda 20 ilə yaxın BDU-nun rektoru olmuş akademik Abel Məhərrəmov, 12 il Azərbaycan Respublikası Hesablama Palatası sədrinin birinci müavini olmuş Adil Məhərrəmov, 1994-cü ildən 2018-ci ilədək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul əməkdaşı olmuş Məhərrəm Məhərrəmov, III dərəcəli dövlət ədliyyə müşaviri Rauf Məhərrəmov kimi şəxsiyyətlər yetişmişdir. Bu gün də həmin məktəbin davamçıları olan nəvələrin sırasında elmlər doktorları, professorlar, səfirlər, digər yüksək rütbələrin sahibləri vardır.
1988-ci ildə digər bütün azərbaycanlılar kimi, güllübulaqlıların da vəhşicəsinə deportasiyası onu çox sarsıtdı, 1989-cu ilin yayında dünyasını dəyişdi. Parlaq xatirəsi ürəklərdə yaşayan Məmmədəli Məhərrəmov haqqında bir neçə kitab, oçerk, çoxlu məqalə yazılmışdır. Bu yazıda isə Aftandil Ağbaba və Pərvanə İbrahimovanın yazdığı “Ömür yolu” kitabında əksini tapmış zəngin və mənalı bioqrafiyadan yığcam söz açdıq.
Fikrət ŞİRİYEV,
filologiya üzrə fəlsəfə doktoru


