Bu günlər Azərbaycanda Heydər Əliyev adına Hərbi İnstitutun yaranmasının 105-ci ildönümü qeyd olunur. İnstitut Azərbaycan Prezidenti İlham Əliyevin 10 mart 2004-cü il tarixli fərmanına əsasən, ümummilli lider Heydər Əliyevin adını daşıyır. Prezidentin 24 dekabr 2015-ci il tarixli sərəncamına əsasən, Azərbaycan Ali Hərbi Təyyarəçilik və Azərbaycan Ali Hərbi Dənizçilik məktəbləri ləğv edilərk, Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə və Hərbi Dəniz Qüvvələri fakültələri yaradılmaqla Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə birləşdirilmişdir. Xüsusi təyinatlı tədris müəssisələri şəbəkəsinin fəaliyyətini təkmilləşdirmək məqsədilə Prezident İlham Əliyevin 5 mart 2022-ci il tarixli, 1626 nömrəli fərmanı ilə Heydər Əliyev adına Ali Hərbi Məktəbin əsasında Heydər Əliyev adına Hərbi İnstitut yaradılaraq Milli Müdafiə Universitetinin tabeliyinə verilib.
Hərbi tədris ocağı özünün böyük tarixi ərzində zəngin və şərəfli yol keçib. Heydər Əliyev adına Azərbaycan Hərbi İnstitutunun tarixi 1918-ci il fevral ayının 6-da Müsəlman Korpusunun komandiri general-leytenant Əliağa Şıxlinskinin Zaqafqaziya komissarlığına məktubla müraciət etməsi və Milli Hərbiyyə Məktəbinin açılması haqqında icazə istəməsi ilə başlayır. 1918-ci il mart ayının 1-də Tiflis şəhərində Milli Hərbiyyə Məktəbinin açılmasına icazə verilir. Cahangir bəy Zeynalbəy oğlu Nəsirbəyov onun rəisi təyin edilir və məktəbə kursant qəbuluna başlanır. 1918-ci il aprel ayının 2-də korpus komandiri Əliağa Şıxlinskinin əmri ilə Milli Hərbiyyə Məktəbi Tiflisdən Gəncəyə köçürülür.
1918-ci ilin aprelində bolşevik-daşnak qoşunlarının Gəncəyə hücumu ilə məktəb fəaliyyətini müvəqqəti olaraq dayandırır və yalnız Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasından sonra, 1918-ci il mayın sonu–iyunun əvvəllərində yenidən bərpa edilir. Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra, 1920-ci il mayın 25-də Hərbiyyə Məktəbi Azərbaycan Birləşmiş Hərbiyyə Məktəbi adlandırılıb. 1923-cü ildə Əliağa Şıxlinski, 1924-cü ildə isə Səməd bəy Mehmandarov məktəbdə müəllim işləməyə cəlb edilib. Sonrakı illərdə tədris ocağı Bakı Piyada Məktəbi və digər adlarla fəaliyyətdə olub.
1941-ci il iyunun 12-də məktəbi bitirən gənc zabitlər təyinatı üzrə xidmət yerlərinə yola düşüblər və bundan 10 gün sonra Böyük Vətən Müharibəsi başlayıb. Müharibənin üçüncü günü 579 kursant və müəllim könüllü olaraq cəbhəyə gedib. Məzunlar birbaşa döyüşən orduya göndərilib, Stalinqrad cəbhəsində vuruşublar. Alman ordusunun Qroznı şəhərinə yaxınlaşması ilə əlaqədar məktəb avqustun axırında Gürcüstana, 17 oktyabr 1942-ci ildə isə Bakıya köçürülüb. Məktəbin 22 məzunu müharibədə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Onlardan üçü azərbaycanlı olub: Həzi Aslanov, Ziya Bünyadov və Aslan Vəzirov.
Amma sonrakı illərdə məktəbdə milli kadrların sayı artmağa başlayıb. 1952-ci il buraxılışında məktəbin zabit kadrlarının 34 faizini azərbaycanlılar təşkil edib. 1958-ci ilin ortalarında SSRİ Nazirlər Sovetinin qərarı ilə məktəbin adı dəyişilərək Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbi adlanıdırılıb. 28 noyabr 1966-cı ildə əldə etdiyi yüksək nailiyyətlərə görə məktəbə Azərbaycan SSR Ali Sovetinin adı verilib.
1992-ci ilin aprelindən isə məktəb müstəqil Azərbaycan Respublikasının hüquqi tabeliyinə keçirilib, motoatıcı qoşunlar üçün zabitlərdən başqa, on üç peşə üzrə zabitlər hazırlamağa başlayıb. Məktəbin kursantları erməni təcavüzkarlarının törətdiyi Qarabağ müharibəsində, müstəqil Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin qorunmasında fəal iştirak ediblər. 1993-cü ilin fevralında ümumqoşun fakültəsinin ikinci kursundan 72 nəfərdən ibarət bölük yaradılaraq, Ağdərəyə göndərilib, döyüş tapşırığını yerinə yetirərkən 8 nəfər həlak olub, 5 nəfər isə itkin düşüb. Məktəbin zabit və kursantları 1994-cü ilin qış və yaz döyüş kompaniyalarında iştirak edib, Murovdağ istiqamətində erməni təcavüzünə sinə gərib, verilən döyüş tapşırıqlarını layiqincə yerinə yetiriblər. Məzunlardan bir qismi döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycanın Milli Qəhrəmanı və başqa fəxri adlara layiq görülüb.
Sonralar Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi adlandırılan hərbi tədris ocağı 1992–1997-ci illərdə zabit kadrlarının hazırlanmasında böyük rol oynayıb. Tədris prosesi əvvəlcə keçmiş Sovet İttifaqının hərbi tədris sisteminə əsasən həyata keçirilsə də, 1996-cı ildən sonra Türkiyə ilə Azərbaycan arasında imzalanmış protokola əsasən, Türkiyə Silahlı Qüvvələri zabitlərinin köməyi ilə məktəbdə müasir standartlara uyğun tədris sisteminə keçid üçün müvafiq işlər aparılıb.
Bu günlərdə Müdafiə Nazirliyinin rəhbər heyəti də Heydər Əliyev adına Hərbi İnstitutun 105 illiyi ilə əlaqədar geniş tədbir keçirib. Tədbirdə institutun tarixi, əsas fəaliyyət istiqamətləri, eləcə də məzunların əldə etdikləri nailiyyətlər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, məzunların qəhrəmanlığı ölkə rəhbərliyi tərəfindən hər zaman yüksək qiymətləndirilib, onlardan 7 nəfəri Azərbaycanın Milli Qəhrəmanı, 46 nəfəri Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb, 43 nəfər isə general ali hərbi rütbəsinə qədər yüksəlib.
Biz də “Xalq qəzeti” olaraq, şərəfli hərbi və döyüş yolu keçmiş institutu 105 yaşı münasibətilə təbrik edir, ölkəmizin sabitliyi, bütövlüyü və rifahı naminə fəaliyyətində uğurlar arzulayırıq!..
Paşa ƏMİRCANOV, “Xalq qəzeti”


