Türkiyənin mərkəzi media yayımları Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun martın 2-də Bakıda keçirilən Zirvə görüşündəki çıxışında Fransanın müstəmləkəçilik siyasətini sərt tənqid etməsini geniş işıqlandırıb.
Anadolu agentliyinin yaydığı “Prezident Əliyev Fransanın müstəmləkəçilik siyasətini davam etdirməsinə sərt etirazını bildirdi” sərlövhəli məqalədə Azərbaycan rəhbərinin çıxışında dünyada neokolonializm meyillərinin artdığını vurğulayaraq, Fransanı sərt tənqid etdiyi qeyd olunub. Yazıda Prezident İlham Əliyevin çıxışında suverenlik və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilə hallarının artdığını, beynəlxalq təşkilatların qərarlarının yerinə yetirilmədiyini, yaxud ikili standartlarla həyata keçirildiyini bildirdiyi vurğulanıb.
“TRT Haber” kanalı “Prezident Əliyevdən Fransaya ultimatum: Soyqırımlar üçün üzr istə, o adalardan çıx” adlı yayımında dövlətimizin başçısının Qarabağın otuzillik işğalı dövründə Ermənistanı açıq şəkildə dəstəkləyən Fransaya çağırış etdiyi bildirilib, Azərbaycan Prezidentinin “Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır” ifadələri izləyicilərin diqqətinə çatdırılıb.
“Yeni Şafak” qəzetində dərc edilən məqalə isə oxuculara bu sərlövhə ilə təqdim olunub: “Azərbaycan Prezidenti İlham Əliyev qanlı müstəmləkə cinayətləri və soyqırımı əməllərinə görə Fransaya çağırış etdi”. Dövlətimizin başçısının Qoşulmama Hərəkatının Zirvə görüşündəki çıxışına dairYazıda vurğulanıb ki, Prezident İlham Əliyev Fransadan müstəmləkə cinayətlərinə və törətdiyi soyqırımlarına görə üzr istəməsini tələb edib.
Türkiyənin bir çox KİV-lərində yayımlanan xəbərlərdə də Prezident İlham Əliyevin Fransanın müstəmləkə və soyqırımı cinayətlərinə görə üzr istəməsi və cavab verməsinin vacibliyi barədə fikirləri geniş işıqlandırılıb. Qardaş ölkə mətbuatında dərc olunan məqalələrdə Azərbaycan Prezidentinin dünya düzəninin yenidən formalaşmaqda olması, “Soyuq müharibə”nin sona çatmasından bəri dünyada ən ciddi Şərq-Qərb qarşıdurmasının yaşanması, habelə BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının vacibliyi və Qoşulmama Hərəkatının Təhlükəsizlik Şurasında təmsil olunması barədə fikirlərinə də geniş yer verilib.
***
Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşü və Azərbaycan Prezidenti İlham Əliyevin tədbirdə çıxışı Rusiya KİV-lərində də geniş işıqlandırılıb.
“Lenta.ru”, “Moskovskiy komsomolets”, “Profil” nəşrləri Prezident İlham Əliyevin Zirvə görüşündə çıxışında Azərbaycan hökumətinin son 2 ildə Qarabağın bərpasına 4 milyard dollar ayırdığı, Azərbaycanın bu bərpa işlərini öz vəsaiti hesabına həyata keçirdiyi, eləcə də bu il həmin məqsədlərə daha 1,7 milyon dollar vəsait ayrılacağı barədə bəyanatını önə çəkib. Yazılarda bildirilib ki, Azərbaycan dövlətinin başçısı Qarabağda kənd və şəhərlərin sıfırdan, “ağıllı kənd” və “ağıllı şəhər” prinsipi ilə tikildiyini qeyd edib.
“TASS” agentliyinin Bakıda keçirilən Zirvə görüşündən hazırladığı informasiyalarda Azərbaycan liderinin ölkəmizin Qoşulmama Hərəkatının ehtiyacı olan üzv ölkələrinə maliyyə və humanitar yardım göstərməyə davam edəcəyi, Afrikanın və inkişaf edən kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasını dəstəkləmək məqsədilə ilk donor ölkə kimi 1 milyon ABŞ dolları məbləğində vəsait ayırması barədə bəyanatından bəhs edilir. Bundan başqa, Azərbaycan Prezidentinin Hərəkatın digər üzvlərini də bu təşəbbüsü dəstəkləməyə çağırdığı, eləcə də BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif etdiyi vurğulanıb.
Prezident İlham Əliyevin Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifi də Rusiya KİV-lərinin önə çıxardığı fikirlərdəndir.
***
Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü ərəb mediasının diqqət mərkəzindədir.
Misirin “Cairo24” informasiya portalı Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından əsas məqamları dərc edib. Materialda diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Hərəkatın son bir neçə ildə beynəlxalq münasibətlərdə mühüm aktorlardan birinə çevrildiyini, pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış etdiyini bildirib.
Liviyanın LANA agentliyinin xəbərində Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi vurğulanıb, bu münasibətlə Liviya Prezident Şurasının sədri Məhəmməd Yunis Əl-Mənfinin Prezident İlham Əliyevə təşəkkür etdiyi qeyd edilib. Xəbərdə diqqətə çatdırılıb ki, Liviya Prezident Şurasının sədri COVID-19 pandemiyasının bəşəriyyətə silahlı münaqişələrdən də çox ziyan vurduğunu deyib, bütün dövlətləri öz ölkəsində münaqişənin həllinə və sabitliyə kömək etməyə çağırıb.
İraqın INA agentliyinin xəbərində qeyd edilib ki, Azərbaycan Qoşulmama Hərəkatının tarixində ən uğurlu sədrlik edən ölkə olub və bəşəriyyət üçün ən ağır bir zamanda – COVID-19 pandemiyası dövründə mühüm və faydalı təşəbbüslərlə çıxış edib. Materialda İraq Prezidenti Əbdüllətif Camal Rəşidin Zirvə görüşündə çıxışına geniş yer verilib. Qeyd olunub ki, İraqın dövlət başçısı pandemiya ilə əlaqədar ölkəsində hələ də mövcud olan problemlərdən, iqlim dəyişikliyi ilə bağlı görülən işlərdən ətraflı bəhs edib.
“Xalq qəzeti”



