Xalqımızın ümummilli lideri, müstəqil dövlətimizin qurucusu, ölkəmizin bugünkü uğurlarının, nailiyyətlətinin təməlini qoyan ulu öndər Heydər Əliyevin şərəfli adı və əziz xatirəsi qəlbimizdə və yaddaşımızda əbədi yaşayır. O, milli qürur və iftixar mənbəyimiz, Azərbaycanın bütün dünyada qəbuledilən rəmzidir. Anadan olmasının 100 illik yubileyi ərəfəsində ulu öndərin milli mənafelərimizin təmin olunmasında misilsiz xidmətlərini bir daha dönə-dönə xatırlamaq, milli sərvətimiz olan zəngin və çoxşaxəli irsini öyrənmək, təbliğ etmək, qurub-yaratdığı müstəqil dövlətimizi göz bəbəyi kimi qorumaq və inkişaf etdirmək indiki və gələcək nəsillər qarşısında mənəvi və vətəndaşlıq borcumuzdur.
Möhtərəm Prezident cənab İlham Əliyevin xalqımızın yekdil rəyini və istəyini əsas götürərək 2023-cü ili “Heydər Əliyev İli” elan etməsi şanlı tariximizə və müstəqil dövlətçilik ideallarımıza ehtiramın bariz təzahürüdür. Azərbaycanın bugünkü nailiyyət və qələbələrinin təməlində ulu öndərin möhtəşəm siyasi-dövlətçilik fəaliyyətinin nəticələri dayanır, onun parlaq zəkasının sönməyən nuru inkişaf yollarımızı işıqlandırır.
Görkəmli tarixi şəxsiyyət və dövlət xadimi kimi Heydər Əliyevin irsi elə zəngin və çoxşaxəlidir ki, öyrəndikcə tükənmir, illər keçdikcə, məna və əhəmiyyətini daha da artırır. Hələ sovet dövründə öz xalqının və ölkəsinin gələcək müstəqilliyini görən, bunun uğrunda misilsiz xidmətlər göstərən ulu öndərin siyasi müdrikliklə söylədiyi fikirlərin, irəli sürdüyü ideyaların necə gerçəkliyə çevrildiyinin şahidiyik. “Azərbaycan heç kimdən asılı olmayacaqdır, özü öz taleyini həll edəcəkdir”, – deyən dahi şəxsiyyət doğma xalqın birliyi və dəstəyi ilə qurduğu müstəqil dövlətçiliyin əbədiliyinə, dönməzliyinə, sarsılmazlığnı əmin idi. Çünki onun möhkəm təməlini yaratmış, onu daha da möhkəmləndirməyə və irəli aparmağa layiq davamçılar yetişdirmişdi.
Yalnız güclü iqtisadiyyatla qüdrətli dövlət qurmağın mümkünlüyünü yaxşı bilən Heydər Əliyev müstəqilliyi yeni bərpa olunmuş Azərbaycanda siyasi rəhbərliyə gəldikdən sonra bu sahədə zəruri tədbirlər həyata keçirməyə başladı. O zaman qarşıda duran ən mühüm vəzifələr mövcud siyasi böhranın aradan qaldırılması, iqtisadi tənəzzülün dayandırılması, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, torpaqlarımızın işğalının qarşısının alınması, məğlub vəziyyətə düşən ordunun yenidən formalaşdırılması idi. Ulu öndər iqtisadi islahatlar üçün iki strateji istiqamət seçdi – uzunmüddətli və qısamüddətli islahatlar. Hər iki istiqamət üzrə tədbirlər müəyyənləşdirərək həyata keçirdi.
Qısamüddətli sosial-iqtisadi tədbirlərə əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması, yeni iqtisadi münasibətlərə keçidin başlanması, iqtisadi geriləmənin dayandırılması daxil idi. Sonrakı dönəmlərdə kənd təsərrüfatında aparılan islahatlar, torpaq islahatları, özəlləşdirmə ölkədə uzunmüddətli iqtisadi tədbirlərə xidmət edirdi. Məhz həmin dövrdə Müstəqil Dövlətlər Birliyində ilk dəfə olaraq Azərbaycanda torpaq islahatları həyata keçirildi, torpaq öz sahibinə – kəndliyə qaytarıldı. Ulu öndərin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar ölkəyə xarici investisiyaların cəlb edilməsinə, kapital axınına, yeni iş yerlərinin yaradılması ilə əmək qabiliyyətli əhalinin məşğulluğunun təmin edilməsinə, yoxsulluğun və işsizliyin azaldılmasına gətirib çıxardı. İndi də fəxrlə xatırlayırıq ki, məhz ulu öndərin apardığı islahatların nəticəsi olaraq Azərbaycan postsovet məkanında ən çox xarici kapitalın cəlb edildiyi ölkələr sırasında yer alıb.
Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqil Azərbaycan dünya birliyinə daha sürətlə inteqrasiya etdi və milli iqtisadiyyatın potensialından səmərəli istifadə olunmasına şərait yaradan beynəlxalq müqavilələr imzalandı.
Gələn il 30 illiyi qeyd olunacaq “Əsrin müqaviləsi”, bütövlükdə, Azərbaycanın gələcək taleyini həll etdi. Bundan əvvəl də zəngin neft ehtiyatları ilə tanınmasına baxmayaraq, Azərbaycan hasilat sənayesində zəruri iqtisadi mexanizm qura, sovetlər şəraitində öz mənafeyini təmin edə bilməmişdi. Ulu öndərin rəhbərliyi ilə “Əsrin müqaviləsi” hazırlanıb imzalanarkən müstəqil dövlətimizin və xalqımızın mənafeləri tam təmin olundu: milli maraqlarımıza uyğun pay bölgüsü aparıldı. Dünyanın güclü şirkətləri ilə birgə müəssisələr yaradıldı, neftdən əldə edilən gəlirlər hesabına milli iqtisadiyyat quruldu, ölkənin düçar olduğu sosial-iqtisadi çətinliklər aradan qaldırıldı. “Əsrin müqaviləsi” sayəsində inşa edilən yeni neft kəmərləri Azərbaycanı dünya ilə birləşdirərək, ölkəmizin beynəlxalq aləmdə siyasi nüfuzunun artmasını şərtləndirdi. Geosiyasi proseslərdə müstəqil dövlətimizin maraqlarının istənilən səviyyədə nəzərə alınması sonrakı dövrdə onun həm iqtisadiyyatının, həm də siyasi gücünün möhkəmlənməsinin əsaslarını təşkil edə bildi.
Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi xəttin, sosial-iqtisadi strategiyanın möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən ardıcıllıqla və uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin dinamik inkişafı təmin olundu, beynəlxalq miqyasda nüfuzu daha da artdı. Bu strateji xətt dünya sivilizasiyasının qəbul etdiyi bazar iqtisadiyyatı prinsiplərinə, azad sahibkarlığa, beynəlxalq iqtisadi əməkdaşlığın dərinləşməsinə, sosialyönümlü iqtisadi siyasətin həyata keçirilməsinə əsaslanır. Ulu öndər əmin idi ki, onun axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri cənab İlham Əliyev başa çatdıra biləcəkdir və uzaqgörənliklə söylənmiş bu fikir ötən iyirmi ildə tam gerçəyə çevrildi.
Möhtərəm Prezident cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan həm iqtisadi, həm də siyasi nöqteyi-nəzərdən inkişaf edən dövlətlər sırasındadır. Qürurverici haldır ki, ölkəmizin vüsətli yüksəlişi beynəlxalq təşkilatların hesabatlarında da əksini tapır.
Bu gün biz Azərbaycanda güclü neft sənayesinin formalaşdığından danşırıqsa, “Əsrin müqaviləsi”nin icra müddətinin daha əlli ildə artırılmasının şahidi olduqsa, bunun əsası 1994-cü ildə ulu öndər tərəfindən qoyulub.
Bu gün Azərbaycan nəhəng neft-qaz kəmərlərinin keçdiyi bir mərkəzə çevrilibsə, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayırsa, bu, məhz Heydər Əliyev neft strategiyasının nailiyyətidir.
Bu gün biz Azərbaycanı BMT-də, Avropa Şurasında, ATƏT-də çox böyük nüfuz sahibi olan dövlətlər sırasında görürüksə, deməli, ulu öndərin müəyyənləşdirdiyi xarici siyasət xətti uğurla davam etdirilir.
Heydər Əliyev siyasətinə sadiqlik və onun davamlılığı üçün siyasi iradə nümayiş etdirməklə cənab İlham Əliyev Azərbaycanı daha güclü bir dövlətə çevirib. Bu gün ölkəmiz özünün iqtisadi potensialı və ehtiyatları ilə fəxr edir: iqtisadi inkişaf göstəricilərinə görə dünyada ilk iyirmibeşlikdə yer alan respublikamızın valyuta ehtiyatları 55 milyard dolları keçib. Ümumi daxili məhsulumuz valyuta ehtiyatlarımıza bərabərdir. Əgər vaxtilə Azərbaycanın dövlət büdcəsi yüz milyon manatlarla ölçülürdüsə, indi milyard manatlarla ölçülür. Bu, Heydər Əliyev siyasi xəttinə sadiqliyin ən bariz təzahürlərindəndir.
Ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın işğaldan azad olunması, bu məqsədlə güclü ordu yaradılması istiqamətində ulu öndərin axıra çatdıra bilmədiyi işləri də möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyev başa çatdırdı və öz rəşadətli ordusu ilə birlikdə xalqımıza böyük Zəfər bəxş etdi. Otuz ilə yaxın müddətdə məcburi köçkün vəziyyətində olan həmvətənlərimizin yurd həsrəti hazırda bitmək üzrədir. Böyük Qayıdış başlanıb və tezliklə daha geniş vüsət alacaqdır.
Qaçqınlarla və məcburi köçkünlərlə iş sahəsində ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət siyasəti ötən dövr ərzində möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Bu kateqoriyadan olan insanların sosial müdafiəsi təmin olunub, yaşayış şəraitlərinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üçün məqsədyönlü tədbirlər görülüb.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məcburi köçkünlərin problemlərinin həllinə dəstəyi onların hər birində minnətdarlıq hissi doğurur. Hazırda Qarabağda, Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri məcburi köçkünlərin doğma yurda qayıdışının və ata-baba torpaqlarında daimi məskunlaşmasının sürətləndirilməsinə istiqamətlənib. Dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın prioritet məqsədləridir.
Dövlətimizin başçısının 16 noyabr 2022-ci il tarixdə təsdiqlədiyi Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planında nəzədə tutulan işlərin icrası nəticəsində qarşıdakı dörd ildə 34.500 nəfər əhali işaldan azad edilmiş ərazilərdə salınan və hər cür müasir infrastrukturu olacaq yeni yaşayış məntəqələrinə köçürüləcəkdir.
Təbii ki, torpaqlarımızın dirçədilməsi, həmvətənlərimizin doğma yurda qayıtması üçün ən mühüm şərtlərdən biri təhlükəsizliyin təmin olunmasıdır. Ulu öndər Heydər Əliyevin vəsiyyətlərinə sadiq olan Azərbaycan xalqı öz müzəffər sərkərdəsinin, Prezident İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında düşməni məğlub edib.
Ümid edirik ki, “Heydər Əliyev İli” həm də yaşadığımız Cənubi Qafqaz coğrafiyasında sülh ili kimi tarix səhifəsində öz yerini tutacaq, güclü iqtisadiyyata malik qalib Azərbaycan Respublikası regionda təhlükəsizliyin dayağı olduğunu bir daha sübuta yetirəcəkdir.
Mahir ABBASZADƏ,
Milli Məclisin deputatı

