Məsələn, dinamik inkişaf edən güclü iqtisadiyyata malik, bir sıra sənaye və texnoloji sektorlarda öndə gedən dövlətlər – Yaponiya, Almaniya, Hindistan, Türkiyə, Pakistan, Braziliya kimi ölkələr TŞ-nin daimi üzvlüyündən kənardadır. 55 müstəqil dövlətin yerləşdiyi Afrika qitəsindən heç bir ölkə TŞ-nin daimi üzvü deyil. Üzvlərinin sayına görə BMT-dən sonra ən böyük təşkilat olan Qoşulmama Hərəkatının son illərdə xüsusi çəkisi durmadan artan Türk Dövlətləri Təşkilatı ölkələrinin TŞ-də daimi üzv kimi təmsil olunmaları əvvəldə haqqında söz açdığımız qüvvələr nisbətinin nəzərə alınması və ədalətli təmsilçilik meyarlarının gözlənilməsi nöqteyi-nəzərdən aktualdır.
BMT sistemində islahatların aparılması, onun Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi məsələsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən mütəmadi olaraq qaldırılır və buna nail olunması istiqamətində praktik fəaliyyət göstərilir. Prezident İlham Əliyev dünən Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündəki çıxışında da bu məsələyə toxundu. Haqlı olaraq bildirdi ki, BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir: “Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hələ 2013-cü ildə BMT Baş Assambleyasının 74-cü Baş Assambleyasında çıxışı zamanı TŞ-dəki ədalətsizliyi tənqid edərək “Dünya beşdən böyükdür!” demişdi.
Daha sonra bu ifadə siyasətçilərin, siyasətşünasların və beynəlxalq hüquq üzrə mütəxəssislərin əsas tezislərindən biri oldu. BMT-nin sabiq Baş katibi Pan Gi Mun vaxtilə bununla bağlı qeyd etmişdi ki, təşkilatda zəruri islahatlar aparılmasının vaxtı çatıb. Amma, hələlik, bu işdə, konsensus əldə etmək mümkün olmayıb.
Göründüyü kimi, Azərbaycanın mövqeyi geniş beynəlxalq dəstək tapır. Qoşulmama Hərəkatına sədrlik edən ölkə kimi respublikamız BMT TŞ-da QH-yə bir daimi yerin verilməsi təşəbbüsü ilə çıxış edir. Prezident İlham Əliyev qaldırdığı təşəbbüsə sistematiklik gətirərək bildirir ki, Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır: “Mən Qoşulmama Hərəkatına üzv ölkələri bu məsələ ilə bağlı məsləhətləşmələrə başlamağa və öz fikirlərini BMT-nin müvafiq komitəsinə təqdim etməyə çağırıram. Biz Təhlükəsizlik Şurasında Afrikaya da daimi yerlərin verilməsi fikrini dəstəkləyirik”. Zənnimizcə, cənab İlham Əliyevin bu fikri Azərbaycanın dünyada gedən proseslərə ədalətli yanaşmasının daha bir parlaq göstəricisidir.
Fərhad Məmmədov, politoloq:
Artıq neçə illərdir ki, BMT-də islahatların aparılması məsələsi gündəmdədir. Təhlükəsizlik Şurasında veto hüququna malik dövlətlər bu hüquqdan məhrum olmaq istəmirlər. Eyni zamanda Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayının artırılması, amma onlara veto hüququnun verilməməsi kimi fərqli yanaşmalar da var. Bütün bu proseslər Rusiya–Qərb, həmçinin Çin–ABŞ ziddiyyətləri fonunda baş verir. Ona görə də BMT-nin öz funksiyasını yerinə yetirməməsi məsələsi belə təşəbbüslərin yaranmasına gətirib çıxarır. Azərbaycan da, öz növbəsində, qlobal səviyyədə iki böyük platformada təmsil olunur. Bu, üzvlərinin sayına görə BMT-dən sonra ikinci təşkilat olan Qoşulmama Hərəkatı və dünya üzrə yüz milyonlarla insanı özündə birləşdirən İslam Əməkdaşlıq Təşkilatıdır. Azərbaycanın təklifi bundan ibarətdir ki, bu iki böyük təşkilatın hərəsinə bir daimi üzvlük üçün yer verilsin. Təklifdə hansı ölkənin BMT TŞ-də veto hüquqlu üzv olacağını bu təşkilatların hər birinin özünün müəyyən etməsi nəzərdə tutulur.
Səxavət HƏMID, “Xalq qəzeti”


