Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərilə təmaslar üzrə məsul şəxs Milli Məclisin deputatı Ramin Məmmədovun martın 1-də Rusiya sülhməramlı kontingentinin qərargahında ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə keçirdiyi görüş onu göstərir ki, Azərbaycan tədricən öz istəklərinə nail olur.
Mövcud vəziyyət belədir ki, Azərbaycan Laçın yolunda nəzarəti gücləndirir. Aksiya başlanandan bəri yoldan ancaq humanitar təyinatlı maşınlar və məhsullar keçirilir. Azərbaycanın sivil siyasəti və ekofəalların etirazına tab gətirə bilməyən separatçı Ruben Vardanyan artıq oyuncaq postu – “dövlət naziri” vəzifəsi ilə vidalaşıb. Prosesə əngəl törədən qüvvələr müqavimətin mənasız olduğunu başa düşüblər. Azərbaycanın tələbləri masa üzərindədir, rəsmi Bakı öz məqsədləri uğrunda inamla irəliləyir. Yox, əgər müqavimət davam edərsə, Azərbaycan adekvat tədbirlər görə bilər.
Etiraz edən Azərbaycan gənclərinin istəklərindən biri də Laçın yolunda nəzarət-keçid məntəqəsinin yaradılmasıdır.
Qeyd edək ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Laçın–Xankəndi yolunda keçirilən etiraz aksiyası 82 gündür davam edir. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan aksiya yerində indiyədək heç bir insident baş verməyib. Onlar etirazlarını yüksək əhval-ruhiyyə ilə davam etdirirlər. Aksiya iştirakçılarının tələbləri ilk gündən dəyişməz olaraq qalır. Ekofəallar və gənc könüllülər dəyişməz şüarları ilə Azərbaycan cəmiyyətinin haqlı narazılığını dilə gətirir, ekoloji terrora son qoyulmasını, faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını tələb edirlər. Aksiya iştirakçılarının təhlükəsizliyini əraziyə cəlb edilmiş Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbçiləri və polislər yüksək səviyyədə təmin edirlər.
Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtomobillər hər zaman olduğu kimi dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edirlər. Dünən də digər günlərdə olduğu kimi, humanitar təyinatlı avtomobillərin keçidinə şərait yaradılıb. Belə ki, 100-ə yaxın avtomobil aksiya ərazisindən maneəsiz keçib. Onların sırasında Rusiya sülhməramlılarına məxsus Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən səkkiz yanacaqdaşıyan avtomobil də olub.
Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı ekofəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının təşkili, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.
Fərhad MEHDİYEV,
beynəlxalq hüquq üzrə ekspert:
Laçın yolu Azərbaycan ərazisidir. Bu, birmənalı şəkildə deməyə əsas verir ki, həmin yolla bağlı şərtləri Azərbaycan diktə etməlidir. Bu, son imzalanmış sənədlərdə də öz əksini tapıb.
Aksiyanı qeyri-hökumət təşkilatları, könüllülər keçirirlər. Etirazlar dinc vətəndaşlarımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasıdır. Laçın yolu Azərbaycan ərazisinin tərkib hissəsi olduğundan vətəndaşlarımızın dinc etirazı onların konstitusiyon hüququdur. Heç bir dövlət və təşkilat bu hüququ Azərbaycan vətəndaşlarının əlindən ala bilməz. Ekofəallar öz etirazlarında tamamilə haqlıdırlar. Onlar təbii sərvətlərimizin talanmasına son qoyulmasını, ekologiyanın çirkləndirilməsinin qarşısının alınmasını, monitorinqlərin keçirilməsini tələb edirlər. Yol açıqdır, humanitar təyinatlı yüklərin daşınmasına mane yoxdur.
Bu qənaətdəyəm ki, Laçın yolu üzərində Azərbaycanın nəzarət-buraxılış məntəqəsi mütləq qurulmalıdır. 10 noyabr Bəyanatında Azərbaycan humanitar yüklərin təhlükəsiz şəkildə keçidinə dair öhdəlik götürüb. Buna zəmanətin səmərəliliyi sərhəddə Azərbaycanın nəzarət-buraxılış məntəqəsi qurmasına əsas verir.
Müharibədən əvvəl Qarabağda yaşamış ermənilərin orada Azərbaycan qanunları altında yaşamaq hüququ var. Azərbaycan hökuməti buna etiraz etmir.
Rizvan FİKRƏTOĞLU, “Xalq qəzeti”


