Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq.
Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin Qoşulmama Hərəkatının COVID-19 -a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündəki çıxışından
Bakı, 2 mart 2023-cü il
Dövlət başçımızın bu tədbirdəki çıxışına qulaq asan professor Ağaverdi Paşayev redaksiyamıza zəng edərək belə bir sual verdi: “İşğalçı Ermənistanla Azərbaycan arasındakı, artıq tarixin arxivinə göndərilmiş münaqişənin həll edilməsi üçün yaradılan Minsk qrupuna XXI əsrdə müstəmləkəçilik siyasətini davam etdirən ölkənin həmsədrlik etməsindən hansı ədaləti gözləmək olardı?”
Əlbəttə, o fəaliyyətdə heç bir obyektivlik ola bilməzdi və olmadı. Üstəlik, 44 günlük İkinci Qarabağ müharibəsi dövründə rəsmi Paris, sözün həqiqi mənasında, işğalçını dəstəklədi, beynəlxalq hüququn təməl prinsiplərini ayaq altına atdı, Azərbaycana və Türk dünyasına düşmən münasibətini gizlətmədi.
Beynəlxalq ictimaiyyət son zamanlar yeni QH görür
Dövlət başçımızın istənilən çıxış, nitq və ya müsahibəsində oxucuları maraqlandıran məqamlar həmişə olub. Ancaq bu çıxış tamamilə yeni tezislər əsasında qurulmurdu. Əvvəla ona görə ki, Azərbaycanın sədrliyi Qoşulmama Hərəkatını, sözün həqiqi mənasında, əvvəlki illərdəki fəaliyyət prinsiplərindən xeyli uzaqlaşdırmışdır. İndi artıq beynəlxalq ictimaiyyət BMT-nin xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış edən, öz katibliyi, parlament və gənclər şəbəkəsi olan, beynəlxalq təşkilat statusuna iddialı Qoşulmama Hərəkatı ilə üz-üzədir.
İkincisi, dövlət başçımızın çıxışındakı müxtəlif məqamlar, o cümlədən, “peyvənd millətçiliyi”nin aradan qaldırılması təklifi müstəsna beynəlxalq əhəmiyyət kəsb edir. Cənab İlham Əliyev artıq dünya ictimaiyyətini çox narahat edən, olduqca mühüm məsələləri gündəliyə gətirir. Dövlət başçımız xatırladır ki, son bir neçə onillikdə mövcud olan beynəlxalq təhlükəsizlik arxitekturası hazırda köklü dəyişikliklərlə üzləşir, beynəlxalq hüququn norma və prinsiplərinin aşınması beynəlxalq düzəni daha da təhdid edir.
XXI əsrdə ölkələrin suverenliyinin və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilə halları mütəmadi müşahidə olunmaqdadır. Aparıcı beynəlxalq təşkilatların qərarları isə ya icra olunmur, ya da selektiv yanaşma və ikili standartlar tətbiq edilir. Ölkəmizin lideri bunlara xüsusi nəzər salır.
XXI əsrdə müstəmləkəçilik rüsvayçılıqdır
QH sədrinin qətiyyətli qənaəti belədir ki, bəzi dövlətlər, o cümlədən, Fransa köhnə əməllərinə, yəni müstəmləkəçilik siyasətinə, əli altında saxladığı ölkələrdə törətdiyi cinayətlərinə görə üzr istəməli, yeni müstəmləkəçilik siyasətindən əl çəkməlidir. Prezident narahatlıq ifadə edir ki, son zamanlar yeni dünya düzəni formalaşması zamanı Şərq – Qərb qarşıdurmasının şahidinə çevrilirik. Ona görə həmin proseslərin qarşısının alınması üçün Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi, dünya arenasında daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir.
Prezident təəssüf hissi ilə bildirir ki, dünya bu gün neokolonializm meylinin artdığını müşahidə edir. Tarixi müstəmləkəsizləşdirmə prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı isə bəşəriyyətin bu rüsvayçı səhifəsinin tamamilə aradan qaldırılması istiqamətində səylərini birləşdirməlidir.
120 dövlətin adından çıxış edən Azərbaycan Prezidenti xatırladır ki, Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləmişdir: “Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin Fransanı Afrika, Cənub – Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq.”
BMT-nin Təhlükəsizlik Şurası zamanın tələblərinə cavab vermir
Ötən yazılarımızda da qeyd etmişdik ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev BMT Təhlükəsizlik Şurasının həm strukturunda, həm də qəbul edilmiş qərar və ya qətnamələrinin icra mexanizmində islahatlar aparılmasını israrla tələb edirlər. Dövlət başçımız dünənki şıxışında da həmin məsələni yenidən qabardaraq dedi ki, BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir. Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun.
Cənab İlham Əliyev bu ədalət üçün kifayət qədər yetkin əsasa malik təşəbbüs irəli sürməklə Qoşulmama Hərəkatının nüfuzunu vurğulayır. Dövlətimizin başçısı bəyan edir ki, Təhlükəsizlik Şurasının tərkibində bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir, quruma sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır: “Mən Qoşulmama Hərəkatına üzv ölkələri bu məsələ ilə bağlı məsləhətləşmələrə başlamağa və öz fikirlərini BMT-nin müvafiq komitəsinə təqdim etməyə çağırıram. Biz Təhlükəsizlik Şurasında Afrikaya da daimi yerlərin verilməsi fikrini dəstəkləyirik”.
Bəşəri dəyərlərə ehtiram nümunəsi
Dövlət başçımızın digər təklifləri də tədbir iştirakçıları tərəfindən razılıq və məmnunluqla qarşılandı. Məsələn, QH sədri olan Azərbaycan lideri təklif edir ki, yeni hədəflərə çatmaqda geriləmənin qarşısını almaq və 2030-cu il gündəliyinin icrasına vaxtında nail olmaq üçün qlobal səylər gücləndirilməlidir. Başqa bir təklif isə tam siyasi məzmunludur: “Biz suverenliyə, milli sahibliyə, bərabərliyə və qarşılıqlı mənafeyə hörmət prinsiplərini rəhbər tutan Cənub–Cənub əməkdaşlığını daha da gücləndirməliyik. Həmin gündəlik Cənub ölkələrinin özləri tərəfindən öz milli ehtiyac və prioritetlərinə uyğun olaraq təşkil edilib. Bu, kənardan məcburi qaydada qoyulmuş bir gündəlik deyil”.
Dövlət başçımızın iqlim dəyişikliyini, kiçik ada ölkələrinin həmin dəyişikliyin təsirlərinə daha həssas olduqları üçün Yer üzündən silinmək təhlükəsi ilə üzləşməsindən yaranan narahatlığı ifadə etməsi və bir sıra digər məqamları dilə gətirməsi növbəti dəfə sübut etdi ki, Qoşulmama Hərəkatı, sözün həqiqi mənasında, bəşəri proseslərdə iştirak edir və edəcək.
İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

