Müsavat TV və Səs TV haker hücumuna məruz qalıb. Media orqanlarının emailləri ələ keçirilib, bazaları silinib. Azərbaycan Mətbuat Şurası buna görə bəyanatla çıxış edib. Şura ciddi narahatlığını ifadə etdiyi bəyanatında hadisənin, demək olar, eyni vaxtda baş verməsinə diqqət çəkərək, belə qənaətə gəlib ki, ölkəmizin digər aparıcı kütləvi informasiya vasitələri də oxşar xoşagəlməz aqibətlə üzləşə bilər.
Mətbuat Şurası bəyanatında baş vermiş hadisənin kiber hücumlara qarşı mübarizəyə ciddi yanaşmağı aktuallaşdırdığını vurğulayıb: “Hadisə, eyni zamanda, kiber təhlükəsizliyin təminatına yönələn məqsədyönlü, ardıcıl və təxirəsalınmaz tədbirlərin görülməsi, hazırda həyata keçirlən işlərin gücləndirilməsi zərurətini doğurmaqdadır. Yalnız adını çəkdiyimiz media orqanlarının deyil, ümumilikdə, milli resurslarımızın bazalarının qorunması, həm də ölkəmizin informasiya təhlükəsizliyinin mühüm komponentidir”.
Şura baş vermiş hadisə ilə bağlı aidiyyatı dövlət orqanlarını həssas yanaşmağa, onun araşdırılması, tez bir zamanda hüquqi qiymətin verilməsi, müqəssirlərin tapılaraq məsuliyyətətə cəlb edilməsi ilə bağlı operativ tədbirlər həyata keçirməyə çağırış edib. Bu çağırış, həmçinin müvafiq strukturların digər media orqanlarımızın da eyni xoşagəlməz hallarla üzləşməmələri üçün tədbirlər görməsinə yönəlib.
Bəyanatdan aydın olur ki, Mətbuat Şurası belə mənfi təmayüllərin təkrarlanmaması üçün media orqanlarımızın öz bazalarını milli resurslarda yerləşdirmələrini zəruri sayır. “Ötən illərin də təcrübəsi bu baxımdan xarici ölkələrdəki xidmətlərdən istifadənin kifayət qədər effektiv olmadığını, maksimum təhlükəsizliyə zəmanət vermədiyini söyləməyə əsas verir. Mətbuat Şurası ölkəmizin aparıcı media qurumlarını bunu nəzərə almağa, mövcud istiqamətdə fərdi tədbirlər görməyə çağırır”, – deyə bəyanatda vurğulanıb.
***
Qeyd edək ki, baş vermiş hadisə ölkəmizin informasiya təhlükəsizliyi məsələsini aktuallaşdırmaqdadır. Nəzərə alaq ki, Müsavat TV və Səs TV Azərbaycanın kifayət qədər populyar media vasitələrindəndir və onların ictimai rəyin formalaşmasına təsirləri var. Deməli, hücum məqsədlidir. Düşünmək mümkündür ki, baş vermiş hadisə terrordur. Əlbəttə, burada siyasi motivlər də axtarmaq mümkündür. Nəzərə alaq ki, son yarım ildə Azərbaycanın media seqmenti İranla bağlı kifayət qədər kəskin ritorikaya üstünlük verir. Üstəlik, hadisədə Ermənistanın, Qərbin müəyyən dairələrinin “fəaliyyət” izləri üzərində də dayanmaq olar. Əlbəttə, bunlar ehtimallardır. Ümid edirik ki, hüquq-mühafizə orqanları məsələyə ciddi yanaşıb əsl həqiqətləri üzə çıxaracaqlar.
***
Bəli, dediyimiz kimi, baş vermiş hadisə ölkəmizin milli təhlükəsizliyinin mühüm seqmenti sayılan informasiya təhlükəsizliyi ilə bağlı məsələləri aktuallaşdırmaqdadır. Azərbaycan qanunvericiliyi buna diqqət yetirir. Amma...
Qanunvericilik sırf informasiya təhlükəsizliyinə ayrıca yanaşmır. Məsələn, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” 1998-ci ildə qəbul edilmiş qanunda “Kritik informasiya infrastrukturunun təhlükəsizliyi” məsələsi yer alır. Sənədin bununla bağlı ayrı-ayrı müddəalarında “kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydası”, “kritik informasiya infrastrukturu obyektləri”, “kritik informasiya infrastrukturunun informasiya təhlükəsizliyini idarəetmə sistemi” və sair məqamlar var. Bundan başqa, həmin sənəddə informasiyanın mühafizəsinə dair məsələlər də nəzərdə tutulub ki, bura informasiya ehtiyatları və prosesləri sahəsində mühafizənin məqsədləri, informasiyanın mühafizəsinin təşkili, mövcud sahədəki subyektlərin hüquq və vəzifələri, informasiyalaşdırma mühitində onların hüquqlarının müdafiəsi kimi müddəalar daxildir.
***
Ancaq bütün bunlar, eləcə də digər hüquqi sənədlərdəki ayrı-ayrı məqamlar problemə kompleks yox, daha çox texniki yanaşmanın göstəriciləri olaraq meydana çıxır. Məsələyə ideoloji müstəvidən baxışa gəlincə, ölkə Prezidentinin 23 may 2007-ci il tarixli 2198 nömrəli sərəncamı ilə təsdiq edilmiş Azərbaycanın Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasına diqqət yetirə bilərik. Şübhəsiz, sənəd kifayət qədər əhatəlidir və orada milli təhlükəsizliklə bağlı məsələlər dolğun şəkildə əksini tapıb.
Ümumən, konsepsiyaya diqqət yetirərkən, oradakı ayrı-ayrı müddəaları informasiya mühitinə də, belə demək mümkünsə, interpretasiya etmək mümkündür. Yəni, indiki halda informasiya təhlükəsizliyinə yanaşma yalnız ümumi təhlükəsizliyik mühitinin obyektiv durumu olaraq meydana çıxa bilər. Məsələn, deyilə bilər ki, konsepsiyadakı “dünya azərbaycanlılarının bölüşdüyü dəyərlərə əsaslanan milli özünəməxsusluğun və həmrəyliyin möhkəmləndirilməsi” özündə həm də prosesin informasiya tərəflərini əhatə edir. Bunda mövzumuz baxımından konkretlik varmı?..
Mövzunu bir qədər də dərinləşdirərək, sənədin “Azərbaycan Respublikasının milli təhlükəsizliyinə təhdidlər” müddəasına nəzər salaq. Adından da göründüyü kimi, söhbət milli təhlükəsizliyə təhdidlərdən gedir. Bu sırada Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu əleyhinə qəsdlər, qanunun aliliyinə nail olunması, ictimai asayişin qorunması, insan hüquq və əsas azadlıqlarının müdafiəsi sahəsində dövlət funksiyalarını yerinə yetirməyə qarşı fəaliyyət, separatçılıq, etnik, siyasi və dini ekstremizm, həmçinin terrorçuluq və kütləvi qırğın silahlarının yayılması, regional münaqişələr və transmilli mütəşəkkil cinayətkarlıq, ölkəmizin enerji infrastrukturuna qarşı fəaliyyət, peşəkar insan ehtiyatlarının çatışmazlığı, regional hərbiləşdirmə, ekoloji problemlər və s. sadalanır. Yəqin, diqqətli oxucularımız nəzər yetirərlər ki, konsepsiyada milli təhlükəsizliyimizə təhdid olaraq sırf informasiya təhlükəsizliyinə təhdid təsbit edilməyib.
Əlbəttə, sözügedən sənədin “Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin əsas istiqamətləri” adlı 4-cü maddəsində, konkret olaraq, “Təhlükəsizliyin daxili siyasət vasitələri ilə təmin edilməsi” hissəsində “informasiya təhlükəsizliyi siyasəti”ndən bəhs olunur. Bildirilir ki, ölkəmizin informasiya təhlükəsizliyi siyasəti dövlət, ictimai və fərdi informasiya ehtiyatlarının qorunmasından, informasiya sahəsində milli maraqların müdafiəsinə yönəlmiş tədbirlər kompleksinin həyata keçirilməsindən ibarətdir. Burada, Azərbaycanın informasiya sahəsində milli təhlükəsizliyinin təmin olunması üçün ölkədə informasiyanın, dövlət informasiya ehtiyatlarının müdafiəsi sahəsində milli sistem və informasiya infrastrukturunun inkişaf etdirilməsindən və möhkəmləndirilməsindən, dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qərarların qəbul edilməsinin informasiya təminatının həyata keçirilməsindən, məxfi informasiyanın mühafizəsinin koordinasiyasından və digər məqamlardan söz açılır.
***
Gələk 29 iyun 2004-cü ildə qəbul edilmiş “Milli təhlükəsizlik haqqında” Qanuna. Qanunun 20-ci maddəsi bilavasitə informasiya sahəsində milli təhlükəsizliyin təmin olunması ilə bağlıdır. Burada informasiya sahəsində milli təhlükəsizliyin təminatının dövlət, ictimai və fərdi informasiya ehtiyatlarının qorunmasından, informasiya sahəsində milli maraqların müdafiəsinə yönəlmiş tədbirlərin kompleksinin həyata keçirilməsindən ibarət olduğu önə çəkilir. Eyni zamanda, həmin maddədə digər təbirlərlə yanaşı, ölkəmizin informasiya sahəsində milli təhlükəsizliyinin naminə dövlət sirlərinin qorunmasının hüquqi mexanizmlərinin təkmilləşdirilməsi, o cümlədən, kibercinayətlərə qarşı mübarizə, informasiya təhlükəsizliyinin və azadlığının təmin olunması vurğulanır.
***
Təbii, bütün bunlar informasiya təhlükəsizliyinin ayrı-ayrı elementləri barədə təsəvvür formalaşdırmaq baxımından mühüm əhəmiyyətə malikdir. Ancaq məsələyə belə baxış yetərlidirmi? Hər halda, informasiya təhlükəsizliyi özü kifayət qədər böyük anlayışdır. Bu, öz yerində. Nəzərə alaq ki, informasiya təhlükəsizliyinin təminatındakı metodlar, milli təhlükəsizliyin təminatındakı forma və üsullardan fərqlidir.
Digər tərəfdən, informasiya texnologiyalarının vüsət aldığı, sosial şəbəkələrin insanların həyatlarına daha çox daxil olduğu hazırkı dövrdə həm informasiya təhlükəsizliyi ilə bağlı alətlər genişlənib, həm də bu müstəvidəki təhdidlərin arealı. Deməli, ortaya daha fundamental yanaşma zərurəti çıxır ki, bu da informasiya təhlükəsizliyi ilə bağlı ayrıca konsepsiyanın, yaxud başqa bu ağırlığı vurğulayan sənədin qəbulunu, bir növ, sosial sifarişə çevirməkdədir.
Həm də ona görə ki, kiber cinayətkarlıq və digər bu kimi hallar artıb. Üstəlik, beynəlxalq təhdidlər özünü daha çox informasiya müstəvisində göstərməkdədir. Qlobal müharibələr artıq aparılma forma və üsullarını dəyişib. Çox zaman düşmən informasiya cəbhəsində fəallıq göstərir. Onu da nəzərə alaq ki, ümumən, informasiya texnologiyalarının sürətlə inkişafı mövcud sahədəki təhlükəsizliyin təmin edilməsi zərurətinə həm də insan hüquq və azadlıqlarının dərinləşməsinə dəstək kontekstində yanaşır.
***
Bəli, Azərbaycanda informasiya təhlükəsizliyi ilə bağlı konsepsiya, doktrina və sair fundamentallığı təsdiqləyən ayrıca sənədin qəbuluna ehtiyac hər ötən gün artmaqdadır. Hesab edirik ki, problemə ayrıca yanaşma qlobal dünyada ölkəmizin maraq və mənafelərinin daha səmərəli və adekvat qorunması ehtiyacından irəli gəlməkdədir.
Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”

