Soydaşlarımızın haqlı tələbi eşidiləcəkmi?
Məlum olduğu kimi, Qərbi Azərbaycan İcması Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelə məktub ünvanlayıb. Məktubda vaxtilə Qərbi Azərbaycandan – öz tarixi torpaqlarından qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə doğma yurdlarına qayıtmalarına Avropa İttifaqının dəstək verməsi xahiş olunur.
Müraciətdə Qərbi Azərbaycan İcması Avropa İttifaqının Ermənistandakı missiyasını da Ermənistandan qovulmuş azərbaycanlıların hüquq və təhlükəsizliyi ilə məşğul olmağa, o cümlədən, onların öz evlərini, qəbiristanlıqlarını, müqəddəs yerlərini və mədəni abidlərini ziyarət edə bilmələrinə şərait yaratmağa çağırıb.
Qərbi Azərbaycan İcması bu müraciətlə Avropa İttifaqını tarixi ədalətin bərpasında aktiv olmağa səsləməklə yanaşı, bu qurumun Ermənistandakı missiyasını da fakt qarşısında qoyub. Belə ki, Avropa İttifaqı icmanın xalqımızın iradə və istəyini əks etdirən çağırışlarını nəzərə almaq, soydaşlarımızın qayıdışına dəstək verməklə, bütövlükdə regionda sülh və təhlükəsizlik prosesinə töhfə verə bilər. Təbii, belə bir addım qurumun özünün də dünyadakı nüfuzuna müsbət təsir edər, ona olan inam və etimadı daha da artırar.
Avropa İttifaqı missiyası üçün “ədalət testi”
Soydaşlarımızın Qərbi Azərbaycana qayıdışında Aİ-nin Ermənistandakı missiyasının iştirakı ilə bağlı çağırış regionda yeni siyasi situasiyanın formalaşmasına adekvatlıq nümunəsidir. Belə ki, bugünə qədər rəsmi İrəvanın çağırışı ilə Ermənistan–Azərbaycan sərhədlərinin müşahidəsini özünün əsas işi hesab edən missiya, bundan sonra öz fəaliyyət istiqamətlərinə yenidən nəzər salmalı olacaq.
Missiya ya Qərbi Azərbaycan İcmasının səsləndirdiyi çağırışların icrası istiqamətində əməli addımlar atmaqla həqiqətən də gərəkli və faydalı olduğunu sübut edəcək, ya da passiv müşahidəçilik mövqeyindən çıxış edərək Minsk qrupu kimi heç nəyə yaramadığını təsdiqləyəcəkdir. Bu, missiyanın bitərəfliyinin, obyektivliyinin təsbiti baxımından da mühüm addım olacaq. Odur ki, Qərbi Azərbaycan İcmasının irəli sürdüyü təklif bir növ “ədalət testi”dir.
Aİ-nin bu testdən uğurla çıxması on minlərlə soydaşımızı doğma ata-baba yurduna qovuşdurmaqla yanaşı, Azərbaycan-Avropa İtifaqı əlaqələrinin inkişafında da yeni bir səhifə aça bilər. Bu baxımdan, ikincinin sözügedən müraciət ilə bağlı alacağı qərar həlledici olacaq.
Ümumən, Qərbi Azərbaycan İcmasının belə bir təşəbbüslə çıxış etməsi olduqca təqdirəlayqidir və xalqımızı narahat edən problemin beynəlxalq müstəviyə daşınması, Ermənistanın deportasiya siyasətinin ifşası deməkdir.
İsrarçılıq Ermənistanı Avropa İttifaqı ilə üz-üzə qoya bilər
30 il işğalda saxladğı Azərbaycan torpaqlarını yalnız 44 günlük Vətən müharibəsindən sonra qoyub qaçmağa məcbur olan Ermənistanın, soydaşlarımızın Qərbi Azərbaycana qayıdışına da imkan verməyəcəyi, bu məsələdə israrçı mövqe sərgiləyəcəyi məlumdur. Rəsmi İrəvanın mövqeyinin arxasında başqa xalqlara qarşı nifrət və diskrimnasiya siyasəti dayanır. Ermənistanın monolit dövlət olması faktı buna nümunədir.
Bundan başqa, rəsmi İrəvan yaxşı bilir ki, Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtması Ermənistanın bu torpaqlarda xalqımıza, onun tarixi-mədəni irsinə qarşı törətdiyi cinayətlərin bütün çılpaqlığı ilə üzə çıxmasına, bununla bağlı çoxsaylı foto-video faktların ictimaiyyiləşməsinə səbəb olacaq. Bu isə rəsmi İrəvan üçün hər mənada böyük zərbədir.
Ancaq Avropa İttifaqı vaxtilə Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızın sülh yolu ilə geriyə qayıtması ilə bağlı qətiyyətli mövqe ortaya qoyarsa, bu, dünyada bəşəri ideyaların təntənəsinə, dinc və birgəyaşam ideyalarının təbliğinə böyük töhfə olar. Hərçənd buna inamımız çox azdır. Hər bir halda biz Qərbi Azərbaycana qayıdışı müstəsna konseptual əhəmiyyət daşıyan məfkurə halına gətirməliyik.
Seymur ƏLİYEV

