Nikol Paşinyanın BMT-nin Baş katibi Antonio Quterreşə Qarabağa faktaraşdırıcı missiyanın göndərilməsi ilə bağlı müraciətinin məzmunu bu təşkilatın nizamnaməsində ifadə olunan niyyət və məqsədlərə, bütövlükdə, beynəlxalq hüququn prinsiplərinə ziddir. Bəs, Bakının icazəsi olmadan həmin faktaraşdırıcı missiya Azərbaycan ərazisinə necə gələcək? Bu ritorik sual İrəvanın artıq siyasi aqoniyaya mübtəla olduğunu göstərir...
Ermənistanın baş naziri Nikol Paşinyan BMT-nin Baş katibi Antonio Quterreşə Qarabağa faktaraşdırıcı missiyanın göndərilməsi ilə bağlı artıq ikinci dəfədir müraciət edir. Guya, Laçın yolu “qanunsuz blokadaya alınıb” və “Qarabağda humanitar böhran” yaranıb. Və BMT-nin faktaraşdırıcı missiyası gəlib Laçın yolunun fasiləsiz işləməsini təmin edəcək.
Erməni saytları bu mövzunu gen-bol tirajlamaqla məşğuldur. Yazırlar ki, Paşinyanın qaldırdığı “problemin” müzakirəsini davam etdirmək barədə razılıq əldə olunub, Quterreş isə bu məsələni diqqət mərkəzində saxlayacağına söz verib. Hətta, biz az da irəli gedərək, Laçın yolundakı “blokada” ilə bağlı müvəqqəti tədbirlərin tətbiqi ilə bağlı “İrəvanın iddiasını təmin edən” Beynəlxalq Ədalət Məhkəməsinin qərarının icrasının vacibliyini önə çəkirlər. Əslinə qalsa, Paşinyanın Azərbaycanın Laçın yolunu “qanunsuz blokadaya alması” və “Qarabağda yaranmış humanitar böhranı” gündəmə gətirməsi həmin Beynəlxalq Femidanın özünün nüfuzuna xələl gətirir. Bir həftə bundan əvvəl BƏM Ermənistanın vəsatətini rədd etdi, Qarabağda yaşayan ermənilərin blokadada qalması, humanitar fəlakətə düçar olması ilə bağlı iddialarının sübutsuz və məntiqsiz olduğunu hüquqi cəhətdən əsaslandırdı.
Paşinyanın xülyası və xalqına ucuz mesajı
Tam əminliklə demək olar ki, Paşinyanın BMT-nin Baş katibinə müraciəti daha çox siyasi manevr xarakteri daşıyır. Onun məqsədi erməni ictimaiyyətinin diqqətinə “düşdüyümüz ağır duruma görə günahkar Moskvadır”, “Mən Qarabağ erməniləri üçün əlimdən gələni edirəm” kimi mesajları ötürməklə gündəmi öz xeyrinə dəyişmək, bir növ bəraət qazanmaq cəhdidir. Əgər erməni mediasının yazdıqlarına inansaq, BMT-nin Baş katibi İrəvanın müraciətinə “diqqətlə yanaşıb”... Aydın məsələdir ki, İrəvan Azərbaycanla “sərhədinə” Avropa İttifaqının 100 nəfərlik mülki missiyasını gətirəndən sonra iştahı daha da artıb və bu dəfə Azərbaycanın icazəsi olmadan BMT-nin faktaraşdırıcı missiyasını Qarabağa gətirmək xülyasına düşüb. Amma beynəlxalq hüquq, eləcə də, elementar məntiq onu deyir ki, BMT bu xarakterli faktaraşdırma missiya barədə qərarı həmin missiyanın ünvanı olan ölkənin razılığı olmadan qəbul edə bilməz. Əks təqdirdə, belə bir qərar, birincisi, beynəlxalq hüququn dövlətlərin daxili işlərinə qarışmamaq müddəasını pozur, ikincisi, həmin BMT Nizamnaməsində əks olunmuş sərhədlərin toxunulmazlığı və dövlətlərin ərazi bütövlüyü prinsipləri ilə daban-dabana ziddir. Yəni, suveren Azərbaycanın ərazisində hansısa beynəlxalq missiyanın yerləşdirilməsi planı yalnız rəsmi Bakının iştirakı və razılığı ilə müzakirəyə çıxarıla bilər.
Baş katibə xatırlatma
Əgər baş katib yaxın keçmişi unudubsa, ona bunu təkrar xatırlatmaq yerinə düşər: BMT Təhlükəsizlik Şurasının Ermənistanın torpaqlarımızın işğalı ilə bağlı qəbul etdiyi 4, Baş Assambleyasının isə 1 qətnaməsinə uzun illər məhəl qoyulmadı. Azərbaycan işğalçı üzərində hərbi Zəfəri ilə həmin qərarları icra etdi. Həm də təkbaşına! Cənab Quterreş əvvəllər BMT-nin Qaçqınlar üzrə Ali Komissarı kimi Azərbaycana səfərlər edib, 1 milyondan çox soydaşımızın erməni vandalizminin əməlləri ucbatından yurd-yuvasından didərgin düşməsinin canlı şahidi olub. Bu gün regionda yeni reallılğın yaranmasından xəbərdar olan Baş katib yəqin özü də yaxşı bilir ki, belə bir missiyanın bölgəyə göndərilməsi hər iki tərəfin razılığı ilə baş verməlidir. Bu məsələ sadəcə Paşinyanın müraciəti və arzusu ilə həll edilə bilməz. Digər tərəfdən, BMT-nin hansısa bölgəyə faktaraşdırıcı missiya göndərməsi Təhlükəsizlik Şurasının yekdil qərarı ilə həyata keçirilir. Məsələ bu müstəvidə müzakirəyə çıxarılanda isə TŞ-nın beş daimi üzvündən an azı birinin – Rusiyanın veto hüququndan istifadə edəcəyi heç kəsdə şübhə doğura bilməz. Axı, Moskvanın Qarabağda müvəqqəti yerləşdirilmiş sülhyaradanlarına alternativ qüvvəni tanıması qeyri-mümkündür. İstəsə də, istəməsə də, bu acı reallığı İrəvan da qəbul etməyə məcburdur. Amma bu boyda ciddi və “aşılmaz divara” baxmayaraq, Paşinyan iqtidarı hər vəchlə məsələni beynəlxalq gündəmə sırımaq üçün faydasız və mənasız cəhdlər göstərməklə məşğuldur.
Daxili məsələmizi özümüz həll edirik
Paşinyan və onu idarə edənlər “özfəaliyyət proqramlarını” davam etdirsinlər, biz isə Azərbaycanda yaşayan bütün azsaylı xalqların, etnik qrupların ölkəmizin vətəndaşı kimi haqqını tanıdığımız kimi, Qarabağın erməni sakinlərini də eyni statusda qəbul etməyə hazırıq. Artıq Qarabağın erməni əhalisi ilə birbaşa dialoqun ilkin ismarıcları gəlməkdədir.
Dövlət başçımızın tələbi ilə Vardanyan kartı “pas” edildikdən sonra təmasların sağlam və qarşılıqlı inam zəminində qurulması təbii proses sayılmalıdır. Və bu dialoq prosesinin əsas atributu Qarabağda doğulub-böyüyən erməni əhalisinin Bakının prinsipial mövqeyi ilə hesablaşmasıdır. Artıq vasitəçisiz, üzbəüz, canlı təmaslar başlayıb. Rəsmi Bakı Qarabağda yaşayan ermənilərlə təmaslar üzrə özünün məsul şəxsini də müəyyənləşdirib. Milli Məclisin deputatı Ramin Məmmədov Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Xocalıdakı qərargahında erməni sakinlərin təmsilçiləri ilə görüşüb.
Üzbəüz danışıqların bizim üçün məqbul, onlar üçün müsbət sonluqla bitəcəyinə indidən nikbin baxmaq olar. Əminik ki, Qarabağın erməni sakinləri Azərbaycanın səmimi və sağlam təkliflərini, təminatlı sözünü eşidəcək. Amma sonuncu söz haqqını onların ixtiyarına buraxacağıq. Vətəndaşımız olacaq ermənilər həmin sözü illərlə başlarını tovlamış separtatçıların üzünə deməlidirlər. O sözü deyəcəklər, həm də bizim eşidəcəyimiz səslə, ucadan deyəcəklər.
İmran BƏDİRXANLI, “Xalq qəzeti”

