Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın içməli su təchizatı sistemlərinin yenidən qurulması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Vətən müharibəsindən dərhal sonra dövlət başçısının tapşırığı ilə şəhərin su təchizatı sistemlərinin bərpasına başlanılıb. Ötən müddətdə Şuşanın bir mənbədən asılılığını aradan qaldırmaq üçün Zarıslı sugötürücü qurğusu, 11 kilometr uzunluğunda Zarıslı-Şuşa magistral su kəmərinin qəzalı hissələri təmir olunub. Beləliklə, 2020-ci il dekabrın 20-də bu mənbədən şəhərə suyun verilişi təmin edilib.
2021-ci ili sonlarında isə Şuşa şəhərinin içməli su təchizatının yenidən qurulması layihəsinin ilkin mərhələsi üzrə işlərə başlanılıb. Layihə çərçivəsində Kiçik Kirs-Şuşa magistral su kəmərinin istismara yararsız 5,3 kilometrlik hissəsi dəyişdirilib.
Şuşa şəhərinin perspektiv inkişafı, həmçinin ilin müəyyən dövrlərində Kiçik Kirs və Zarıslı mənbələrinin tələbatı ödəməyəcəyi nəzərə alınaraq alternativ mənbənin yaradılmasına qərar verilib. Layihəyə əsasən, Şuşa rayonunun Daşaltı kəndi yaxınlığında, Zarıslı çayının məcrasında tutumu 25 min kubmetr olan sutoplayıcı bənd tikilib. Mürəkkəb relyefdə çayın qarşısında bəndin inşası ilə eyni vaxtda burada toplanan suyun şəhərə nəqli məqsədilə yüksək təzyiqə hesablanmış müasir nasos stansiyası və polad borularla 2,6 kilometr uzunluğunda kəmər inşa edilib. Nasos stansiyasında hər birinin məhsuldarlığı saatda 105 kubmetr təşkil edən 4 ədəd aqreqat quraşdırılıb.
Sutoplayıcı bənddən götürülən su nasoslar vasitəsilə 26-27 atmosfer təzyiqlə Şuşa şəhərində yerləşən anbarlara nəql olunur və buradan özüaxımlı rejimdə şəbəkəyə ötürülür. Bununla da şəhərdəki obyektlər, hotellər və digər ictimai-iaşə müəssisələri, yaşayış olan evlər və dövlət qurumlarının inzibati binaları 24 saat içməli su ilə təmin edilir.
Hazırda şəhərin relyef baxımından hündür nöqtələrində 2 mərkəzi su anbarının tikintisi intensiv şəkildə davam etdirilir. Layihələndirmə zamanı əhalinin dayanıqlı içməli su təchizatının aparılması üçün şəhər 8 müxtəlif təzyiq zonasına bölünüb, bu zonalardan 6-sı özüaxımlı rejimdə, 2-si isə hidrofor nasoslarla su ilə təmin olunacaq.
Şuşa şəhərinin içməli və tullantı su təchizatı sistemlərinin yenidən qurulmasının növbəti mərhələsində şəhərdaxili içməli və tulantı su şəbəkələrinin tamamilə yenidən qurulması, tullantı sutəmizləyici qurğunun inşası nəzərdə tutulur.
“Xalq qəzeti”

