İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) təşkilatçılıği ilə “Alternativ maliyyə bazarlarının Azərbaycanda inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib.
Maliyyə və bank sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq qurumların, özəl sektor nümayəndələrinin, ümumilikdə, 200-ə yaxın şəxsin iştirakı ilə keçirilən tədbirdə kiçik və orta biznes subyektlərinin (KOB) maliyyələşdirilməsi, bu sahədə alternativ maliyyə alətləri və beynəlxalq təcrübə, alternativ maliyyələşmə mexanizmlərinin Azərbaycanda tətbiqi imkanları müzakirə edilib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov açılış nitqi ilə çıxış edərək bildirib ki, KOB subyektləri inkişaf etmiş iqtisadiyyatlarda ümumi daxili məhsulun təxminən 50 faizini, inkişaf etməkdə olan iqtisadiyyatlarda isə 35 faizini təşkil edir. Ümumi məşğulluğun isə 60-70 faizi KOB-ların payına düşür.
Qeyd olunub ki, Azərbaycanda fəaliyyət göstərən biznes qurumlarının 99 faizindən çoxu məhz KOB subyektləridir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da sahibkarların maliyyələşmə mənbəyi kimi banklara üstünlük verdiyini vurğulayan agentlik sədri bildirib ki, KOB-ların maliyyələşmə imkanlarının genişləndirilməsi və bu sahədə alternativ maliyyə alətlərinin tətbiqi KOBIA-nın fəaliyyətinin prioritetlərindəndir. “USAID ilə birgə təşkil edilmiş bugünkü tədbirin məqsədi də məhz KOB-ların maliyyə əlçatanlığının genişləndirilməsi sahəsində beynəlxalq təcrübə və alternativ maliyyə alətlərinin ölkəmizdə tətbiqi imkanlarını müzakirə etməkdir”, – deyə o əlavə edib.
USAID-in Azərbaycan üzrə missiya direktoru Maykl Nirbas çıxış edərək konfransın yeni tərəfdaşlıqlar üçün əlaqələr qurmağa imkan yaratmaq, yeni texniki biliklər qazanmaq, eləcə də digər ölkələrin borc və kapital maliyyələşməsini necə təşkil etdiyi barədə birbaşa məlumat əldə etmək baxımından vacib bir platforma olacağına əminliyini bildirib. O deyib ki, ekspertlərin iştirakı ilə reallaşacaq panellər layihə maliyyələşdirilməsi üçün müxtəlif seçimlərin aydınlaşdırılmasına da imkan yaradacaq.
Forum çərçivəsində “İslam bankçılığı və mikromaliyyəsinin inkişaf perspektivləri”, “KOB dəstək alətləri: zəmanət, aktivlərə əsaslanan maliyyələşmə və lizinq” və “Startap ekosisteminin inkişafının əhəmiyyəti” mövzuları üzrə panel müzakirələr təşkil edilib. Panel iclaslarda qeyd olunan mövzular üzrə yerli və beynəlxalq təcrübə, gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
“Xalq qəzeti”

