Azərbaycan özünün karbohidrogen ehtiyatlarını dünya bazarına çıxarmaq üçün şaxələndirilmiş boru kəmərləri sisteminə malikdir. Bunun da iqtisadi səmərəsi olduqca yüksəkdir. Ötən il fəaliyyəti dayandırılmış Qərb ixrac boru kəməri (Bakı–Supsa) ilə neft ixracının yenidən bərpa olunması da bunu təsdiqləyir.
Xatırladaq ki, 1999-cu ilin yazında istifadəyə verilən Bakı–Supsa kəməri Rusiya–Ukrayna müharibəsi səbəbindən 2022-ci ilin mayında bağlanmışdı. Son 10 ayda ilk dəfə Xəzər dənizindəki “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan çıxarılan neftin bu kəmərlə nəqli qısa müddətə bərpa edilib.
“Eurasianet” informasiya agentliyinin yaydığı məlumata görə, həm AÇG yataqlar blokunu, həm də Bakı-Supsa boru kəmərini idarə edən BP şirkəti axının bərpa olunduğunu təsdiqləyib. Şirkətdən onu da bildiriblər ki, Supsa limanından bir tanker ötən həftəsonu xam neftlə yüklənib, yaxın günlərdə isə daha bir tankerlə Azərbaycan nefti dünya bazarına yola salınacaq.
Yeri gəlmişkən, Qərb ixrac boru kəmərinin fəaliyyəti ötən ilin mart ayında müvəqqəti olaraq, mayda isə Qara dənizdə naviqasiya təhlükəsizliyi ilə bağlı tam dayandırılmışdı. Bundan sonra Bakı–Supsa ilə nəql olunan neft həcmi də Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəmərinə yönləndirilmişdi. Bu isə ayda, təxminən, 3 milyon barel neft deməkdir.
BP-dən o da bildirilib ki, Supsaya axın yalnız fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ fonunda bu ölkənin Aralıq dənizi sahilindəki Ceyhanda BTC boru kəmərinin ixrac terminalının 6 günlük bağlanması nəticəsində bərpa edilib.
Yeri gəlmişkən, hazırda BTC əsas ixrac neft kəməri sutkada 1,2 milyon barel xam nefti nəql etmək gücündədir. Bununla belə, kəmərin ötürmə qabiliyyətini sutkada 1,6 milyon bareldən 2,2 milyon barelə qədər artırmaq mümkündür.
“Xalq qəzeti”

