Almaniyanın “Liebherr” şirkəti Azərbaycanın “Ümid-2” qaz layihəsi (ikinci platformadan istehsal) üçün 4 yeni dəniz kranı tədarük edib.
“Offshore Engineer” jurnalının yaydığı məlumata görə, sifarişə maksimal yükqaldırma qabiliyyəti 45 ton olan iki “BOS 2600”, həmçinin yükqaldırma qabiliyyəti 50 ton olan iki “BOS 4200” kranları daxil edilib. Hər iki kran “Liebherr Litronic” idarəetmə sistemi ilə təchiz olunub.
2020-ci ilin avqustunda “Liebherr”in sifarişi ilə alınan həmin kranlar respublikamıza ötən ilin sonlarında “E-ship 1” yük gəmisi ilə göndərilib.
Qeyd edək ki, son məlumatlara əsasən, “Ümid” qaz-kondensat yatağı istismara verildiyi vaxtdan etibarən ötən il noyabrın 1-dək buradan 6 milyard kubmetrdən artıq qaz hasil olunub. Yataq 2012-ci ildə istismara verilib.
Hazırda 4 istismar quyusu fəaliyyət göstərən yataqda hesabat dövründə 950 min tondan artıq kondensat hasil olunub.
2008-ci ildə SOCAR və “Nobel Oil Exploration & Production Ltd” Xəzər dənizinin Azərbaycan sektorunda “Ümid” perspektiv strukturunda qazma işlərinin həyata keçirilməsi üçün “SOCAR-Umid” Məhdud Məsuliyyətli Cəmiyyətini yaradıb. SOCAR-ın bu şirkətdəki iştirak payı 80 faiz təşkil edib. 2017-ci ilin əvvəlində “Ümid–Babək” blokunun kəşfiyyatı və işlənməsi haqqında “Risk–Service” müqaviləsi imzalanıb.
“Xalq qəzeti”

