Azərbaycan ayrı-ayrı ölkələrlə ikitərəfli əlaqələrin inkişafına hər zaman xüsusi önəm verib. Son illər bu sahədə müsbət nəticələr əldə edilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün yeni istiqamətlər müəyyənləşdirilib. Prezident İlham Əliyevin xarici dövlətlərə səfərləri, eləcə də Azərbaycanın və tərəfdaş ölkələrin müxtəlif səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı görüşləri bu işə müsbət təsir göstərib.
Bu, Azərbaycanın Qoşulmama Hərəkatına (QH) üzv ölkələrlə münasibətlərində özünü qabarıq büruzə verib. Yeri gəlmişkən, Azərbaycan indiyədək bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmayıb, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edib.
Dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan QH isə məhz respublikamızın sədrliyi dönəmində özünün ən uğurlu dövrünü yaşayır. Dünyada nüfuzu getdikcə artan və regionda aparıcı aktora çevrilən Azərbaycan QH-yə sədrliyi 2019-cu ildən etibarən üç il müddətinə həyata keçirməyə başlayıb. Respublikamız bu müddətdə, həmçinin əvvəlki dövrlərdə Hərəkat ölkələri ilə ikitərəfli və çoxtərəfli münasibətlərdə bir sıra müsbət nəticələr əldə edib.
Bununla bağlı əvvəlcə bir məsələni xatırlatmaq istərdik. Belə ki, Azərbaycan QH-də təmsil olunan zəngin enerji resurslarına və geniş maliyyə imkanlarına malik ayrı-ayrı ərəb dövlətləri ilə əməkdaşlığında iqtisadi məsələlərə hər zaman xüsusi önəm verib. Xatırladaq ki, respublikamız üçün həmin ölkələrin investisiya cəlbediciliyi hər zaman mühüm əhəmiyyət daşıyıb.
Azərbaycan investisiya iqlimi əlverişli olan ölkə kimi ərəb sərmayədarlarının diqqətini daim özünə çəkib. Məhz elə bunun nəticəsidir ki, son vaxtlar respublikamızın müvafiq qurumları ilə ərəb şirkətləri arasında bərpaolunan enerji mənbələrindən “yaşıl enerji” istehsalı ilə bağlı bir sıra razılaşmalar əldə edilib. Məsələn, 2020-ci ilin yanvarında Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında sazişlər imzalanıb. Hər iki şirkət bərpaolunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına cəlb olunub. “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə külək, “Masdar” şirkəti ilə 200 meqavatlıq günəş elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihələrin icrası nəzərdə tutulub.
Külək və günəş enerjisi layihələri üzrə, ümumilikdə, təxminən illik 1,4 milyard kilovat-saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılıb. Xatırlatmaq yerinə düşər ki, “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı Sərəncama uyğun olaraq, bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi məqsədilə 9 beynəlxalq enerji şirkəti ilə əməkdaşlıq əlaqələri yaradılaraq intensiv müzakirələr aparılıb. Ərəb ölkələrinə məxsus “ACWA Power” və “Masdar” şirkətləri təkliflərini təqdim edən 7 şirkət arasında üç mərhələdən ibarət seçim prosesi nəticəsində müəyyənləşdirilib. Bəhs olunan layihələrin icrasına artıq start verilib. Günəş və külək enerjisi stansiyalarının tikintisinin investisiya təminatını bütünlüklə ərəb şirkətlərinin həyata keçirəcəyi qərara alınıb.
Özbəkistan da Qarabağın bərpası prosesinə fəal şəkildə qoşulub. Bu, xarici dövlət tərəfindən maliyyələşdirilən ilk layihə kimi yüksək dəyərləndirilib. Dövlətimizin başçısı martın 1-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşündə bu məqmla bağlı bildirilib: “Bu, Sizin tərəfinizdən keçmiş köçkünlərə hədiyyə edilən məktəbdir. Biz buna görə çox minnətdarıq. Azərbaycan xalqı bunu yüksək qiymətləndirir. Tikinti işləri sürətlə gedir. İnşallah, bu il birlikdə qeyd edəcəyik...”.
Yeri gəlmişkən, son illərdə Azərbaycanla Özbəkistan arasında iqtisadi əlaqələr daha da genişlənib. Hər iki ölkənin regionları arasında işgüzar forumların keçirilməsi ənənəsi formalaşıb. Səkkiz yüz milyon dollarlıq dəyərində birgə layihələr müəyyənləşdirilib. Avtomobil istehsalı üzrə müştərək müəssisənin işə salınması nəzərdə tutulub. Bundan başqa, pambıq klasteri haqqında razılığa gəlinib. Bunun üçün torpaq sahələri ayrılıb. İpəkçilik sahəsində də müəyyən işlərin görüləcəyi planlaşdırılıb. Eyni zamanda, neft-qaz sahəsində genişhəcmli layihənin hazırlanmasına başlanılıb.
Azərbaycanın Afrika qitəsinin ən zəngin dövlətlərindən biri olan Əlcəzairlə də münasibətləri yüksək səviyyədə inkişaf edir. Əlcəzair illik 113,6 milyard dollarlıq ümummilli məhsulu ilə qitənin ən böyük beşinci iqtisadiyyatına malik ölkəsidir.
Respublikamızda xidmət, ticarət və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən 10-a yaxın Əlcəzair şirkəti qeydiyyatdan keçib. 1995–2022-ci illər ərzində dost ölkədən Azərbaycana 504,9 min ABŞ dolları investisiya qoyuluşu həyata keçirilib.
Azərbaycanın Əlcəzair ilə ticarət dövriyyəsinin həcmi 2021-ci ildə 1 milyon 373,2 min ABŞ dolları, o cümlədən idxalın həcmi 1 milyon 363,7 min dollar, ixracın həcmi isə 9,5 min dollar təşkil edib.
Son illərdə respublikamızla Türkmənistan arasında da iqtisadi sahədə əməkdaşlıq dinamik inkişaf edib. Qeyd edək ki, 2007-ci ildə iki ölkə arasında bununla bağlı birgə hökumətlərarası komissiya yaradılıb. Komissiyanın sonuncu iclası 2022-ci il noyabrın 29-da Bakıda keçirilib. İclasın sonunda imzalanan protokolda iqtisadi-ticari, energetika, nəqliyyat, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, şəhərsalma və arxitektura, eləcə də digər sahələrdə əməkdaşlığın gücləndirilməsi məsələləri öz ifadəsini tapıb.
2022-ci ildə Azərbaycanın Türkmənistan ilə ticarət dövriyyəsinin həcmi 377 milyon ABŞ dollarından çox olub. Bu, əvvəlki illə müqayisədə 6,8 dəfə çoxdur. Belə ki, 2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 105,03 milyon ABŞ dolları təşkil edib.
Yeri gəlmişkən, ölkələrimiz arasında neft-qaz sahəsində əlaqələr xüsusi önəm daşıyır. Bu baxımdan Aşqabadda imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu”nu xüsusi vurğulanmalıdır.
Son illərdə Azərbaycanla çoxtərəfli münasibətlərin qurulmasında Bosniya və Herseqovina da mühüm rol oynayır. Hazırda hər iki ölkə arasındakı münasibətlər tamamilə yeni bir mərhələyə qədəm qoyaraq özünün inkişaf dövrünü yaşayır. Bosniya və Herseqovina respublikamıza böyük maraq göstərir. Azərbaycanın yüksək keyfiyyətli və münasib qiymətə təklif etdiyi təbii qaz böyük qaz istehlakçısı olan bu ölkə üçün cəlbedicidir.
Xatırladaq ki, Bosniya və Herseqovina TAP layihəsinə qoşulub, “Şahdəniz” layihəsindən gələn enerji ehtiyatları vasitəsilə böyük imkanlar əldə edib.
Vəkil HÜSEYNOV,
iqtisadçı-ekspert
Bakıda Qoşulmama Hərəkatına sədrlik edən Prezident İlham Əliyev bu nüfuzlu qurumun COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündəki çıxışında bir sıra məsələlərlə yanaşı, 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin hərbi-siyasi yolla bərpasına nail olduğunu və BMT-nin Təhlükəsizlik Şurası qətnamələrinin icrasını gerçəkləşdirdiyini bildirib. Dövlətimizin başçısı nitqində işğal illəri ərzində Azərbaycanın yüzlərlə şəhər və kəndinin Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdıldığını, bütün mədəni və dini abidələrin talan və qarət edildiyini, bununla da, ölkəmizin düşməndən təmizlənən ərazilərində klassik urbisid, kultursid və ekosid törədildiyini diqqətə çatdırıb.
Ölkə rəhbəri daha sonra 2020-ci ilin sonundan etibarən Qoşulmama Hərəkatına üzv ölkələr də daxil olmaqla, bir sıra dövlətlərdən minlərlə xarici diplomat, jurnalist, QHT üzvü və siyasətçinin həmin əraziləri ziyarət edərək Ermənistanın vəhşiliklərinin şahidi olduqlarını vurğulayıb.
Qoşulmama Hərəkatı kimi nüfuzlu bir beynəlxalq təşkilatın Zirvə Görüşünün təmsilçilərinin, eyni zamanda, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işləri ilə bağlı məlumatlandırılması da mühüm önəm daşıyır. Belə ki, sözügedən tədbirdə dövlətimizin başçısının çıxışında bildirdiyi kimi, erməni faşizmi əzəli-əbədi torpaqlarımızda 30 illik işğal zamanı klassik urbisid, kultursid və ekosid törədib və bu gün həmin dağıntılar, demək olar ki, heç bir dövlətin iştirakı olmadan Azərbaycanın öz gücü ilə aradan qaldırılır. Halbuki düşməndən təmizlənən ərazilərdə Ermənistan tərəfindən yer üzündən silinən çox sayda İslam abidələrinin izləri qalır ki, bu müqəddəs ocaqların bərpasında Qoşulmama Hərəkatına üzv müsəlman ölkələri tərəfindən fəallıq göstərilə bilər. Məsələn, belə bir nümunə Özbəkistanın timsalında diqqət çəkir. Xatırladaq ki, bu ölkənin maliyyə dəstəyi ilə Füzuli şəhərində inşa olunan müasir məktəbin yeni tədris ilində istifadəyə veriləcəyi gözlənilir və sözügedən təhsil ocağı Özbəkistannın dövlət başçısı Şavkat Mirziyoyevin təşəbbüsü ilə tikilir. Bax, belə bir nümunə digər müsəlman ölkələri tərəfindən də ortaya qoyula bilər.
Xatırladım ki, Azərbaycan iki ildir ki, Qarabağda öz maliyyə resursları ilə genişmiqyaslı yenidənqurma işləri aparır. Respublika hökuməti bu müddətdə yenidənqurma işlərinə 4 milyard ABŞ dollarına yaxın vəsait xərcləyib. Cari il bu məqsəd üçün ən azı 1,7 milyard ABŞ dolları məbləğində vəsait ayrılması planlaşdırılıb. Azərbaycan müasir şəhərsalma – “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarından istifadə edərək yeni şəhər və kəndləri sıfırdan yaradır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu, milli hökumətlər tərəfindən postmünaqişə dövründə icra olunan nadir və daha öncə görünməmiş bir inkişaf və yenidənqurma modelidir.
Vaqif BAYRAMOV, “Xalq qəzeti”


