Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkədə olan Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələrinin növbəti qrupu martın 2-də təyyarə ilə ölkəmizə qayıdıb.
FHN-nin mətbuat xidmətindən redaksiyamıza bildirilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan xilasedicilərini Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları, media və ictimaiyyət nümayəndələri qarşılayıblar.
Türkiyəli diplomatlar FHN-in xilasedicilərinin zəlzələ bölgəsindəki fəaliyyətinin fədakarlıq və peşəkarlıq nümunəsi olduğunu bildiriblər. Onlar göstərilən dəstəyə görə Azərbaycan dövlətinə və xalqına təşəkkür ediblər.
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətin qərargah rəisi, polkovnik Asif Məmmədli jurnalistlərə müsahibəsində söyləyib ki, xilasedici heyət zəlzələ bölgəsində qarşısına qoyduğu bütün tapşırıqları yerinə yetirib:
– Fevralın 6-da Türkiyədə baş vermiş güclü zəlzələdən dərhal sonra Azərbaycan Prezidentinin tapşırığına əsasən, 760 nəfərdən ibarət xilasetmə, tibb və psixoloji təminat üzrə heyətlə qardaş ölkəyə getdik. Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları apardıq. Həmin əməliyyatlarda dağıntılar altından 53 nəfər sağ və 766 cəsəd çıxarıldı.
Xilasetmə əməliyyatları başa çatdıqdan sonra humanitar yardımla məşğul olduq, səhra hospitalında yerli əhaliyə psixoloji təminat göstərdik. Müxtəlif yerlərdə çadır şəhərciyi qurduk və gündəlik zərər çəkmiş əhaliyə isti yeməklər verildi.
“Xalq qəzeti”

