Azərbaycanda yunan-Roma güləşinin banilərindən biri, ölkəmizdə çox sevilən bu növün təbliğində, inkişafında və nailiyyətlərində böyük xidmətləri olmuş Ehsan Qafur oğlu Kərimov xatirələrdə respublikamızın və SSRİ-nin Əməkdar məşqçisi, Azərbaycanın Əməkdar bədən tərbiyəsi və idman xadimi, beynəlxalq dərəcəli hakim kimi yaşayır. Prezident, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev E.Kərimovun anadan olmasının 75 illiyi münasibətilə MOK-un 10 illik yubileyinin qeyd olunduğu 2002-ci ildə bu görkəmli mütəxəssisə ünvanladığı təbrik məktubunda onun ölkə idmanı qarşısında xidmətlərini yüksək qiymətləndirmişdi:
– Hörmətli Ehsan müəllim!
Yaşadığınız 75 illik ömrünüzün 58 ilini Azərbaycan idmanının çiçəklənməsinə sərf etmisiniz. Sizin Azərbaycan yunan-Roma güləşi tarixində özünəməxsus şərəfli yeriniz vardır... Yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının fasiləsiz 33 il baş məşqçisi vəzifəsində çalışmısınız. Əməyinizə yüksək qiymət verilib. Siz Azərbaycanın və SSRİ-nin Əməkdar məşqçisi fəxri adlarına layiq görülmüsünüz...
Bu sətirlərin də təsdiq etdiyi kimi, 33 il ərzində respublikamızın yunan-Roma güləşi üzrə əvvəlcə gənclərdən, sonra da yaşlılardan ibarət yığma komandalarının baş məşqçisi olmuş E.Kərimov öz şərəfli məşqçilik peşəsinə sonadək sadiq qalmış, daim yüksək məsuliyyət hissi ilə çalışaraq, mahir ustalar hazırlamaq vəzifəsini vicdanla yerinə yetirmişdir.
Ehsan müəllim özü bir güləşçi kimi yüksək zirvələr fəth etməsə də, buna uzun illər ərzində gərgin məşqlərdə müxtəlif fəndləri yorulmadan, səylə öyrətdiyi, bütün bilik və təcrübəsini verdiyi yetirmələri nail olmuşlar. Məhz müntəzəm və böyük zəhmət tələb edən məşqlər sayəsində şagirdlərini ustalığın yüksək səviyyəsinə çatdırdığına, onların mötəbər yarışlarda əldə etdikləri qələbələrə, bədən tərbiyəsi və idman sahəsində məhsuldar işinə görə böyük şöhrət qazanmışdı.
Güləşdə ilk addımlarını doğma Göyçayda atmış, sonralar təhsilini Bakıda davam etdirmiş, həm də məşqçiliklə məşğul olmuş, adı iyirminci əsrdə Azərbaycanın ən yaxşı idman xadimlərinin adları sırasında yer almış Ehsan müəllim neçə-neçə yetirməsinin istedadını aşkara çıxararaq, onların müxtəlif yarışlarda qazandıqları qələbə və mükafatlara ürəkdən sevinmişdir. Həmin illərin digər məşhur güləş mütəxəssisi, bir çox il ərzində o vaxtkı “Dinamo” Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin sədri vəzifəsində çalışmış Rafiq Hacıyev bir dəfə E. Kərimov haqqında belə demişdi: – Ehsan müəllim Azərbaycanda yunan-Roma güləşinin banilərindən biridir. O, həm güləşir, həm də gənc yaşlarından məşqçiliyə başlamışdı. Uzun illər yığma komandamıza rəhbərlik edib. Eldar Abdullayev, Emin Ramazanov, Oktiyar Məmmədbəyov, Mustafa Orucov, Xan Babaxanov kimi tanınmış ustalar hazırlayıb. O, həm də yaxşı dost, qayğıkeş pedaqoqdur.
Beynəlxalq Güləş Federasiyası da azərbaycanlı mütəxəssisin bacarığını yüksək qiymətləndirərək, onu beynəlxalq dərəcəli hakim adına layiq görmüşdü. Ehsan müəllim öz növbəsində, bir çox ölkələrdə keçirilən gərgin görüşləri inamla idarə edərək, etimadı tam doğrultmuşdu.
E.Kərimov təkcə məşqçilikdə və hakimlikdə ad çıxarmamış, ona etibar edilən digər məsul vəzifələrdə də bacarıqlı təşkilatçı və rəhbər işçi olduğunu yüksək məsuliyyət hissi ilə sübuta yetirmişdi. Respublika İdman Komitəsində şöbə müdiri, sonralar 11 il ərzində Bakı Bədən Tərbiyəsi Texnikumunun direktoru olanda da, həmin kollektivlərin hörmət və rəğbətini qazanmışdı.
Unudulmaz şəxsiyyət respublika mətbuatı ilə də yaxından əlaqə saxlayırdı. Ötən əsrin altmış-səksəninci illərində onun tez-tez “İdman” – “Sport” qəzetləri redaksiyasına baş çəkməsi, müxtəlif yarışlar haqqında hesabatlar, gənc güləşçilərə məsləhət və tövsiyələrdən ibarət məqalələr dərc etdirməsi yaxşı yadımdadır. Ehsan müəllimin yetirməsi Oktiyar Məmmədbəyovla birlikdə müəllifi olduğu “Güləşçinin əsaslı hazırlığı”, “Azərbaycan milli güləşi” kitablarını da xüsusi qeyd etmək olar.
Yuxarıda sadaladığım yüksək ad-sanların sahibi, həm də Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, 1927-ci ilin fevral ayında anadan olmuş Ehsan Kərimov həyatı 79 yaşında tərk etmişdir. Onun çoxillik səmərəli fəaliyyəti və zəngin idman həyatı fəxarətlə yaşanan ustad ömrüdur.
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist