Fevralın 28-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun və Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovun iştirakı ilə Rusiya–Azərbaycan Ekspert Şurasının (RAEŞ) “XXI əsrdə Rusiya-Azərbaycan münasibətləri: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq” mövzusuna həsr olunmuş konfrans formatında iclası keçirilib.
Sayca üçüncü olan iclas Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Rusiya Beynəlxalq Məsələlər Şurası (RBMŞ) tərəfindən təşkil edilib.
Tədbirdə çıxış edən nazir Ceyhun Bayramov Rusiya–Azərbaycan Ekspert Şurasının (RAEŞ) qısa müddət ərzində iki ölkənin ekspertləri arasında davamlı əməkdaşlıq platformasına çevrildiyini vurğulayıb. Bu xüsusda, ekspertlər arasında daimi fikir mübadiləsi və dialoqun mövcudluğunun diplomatiya sahəsi üzrə ixtisaslaşanlar üçün faydalı olacağı diqqətə çatdırılıb.
Nazir Azərbaycan–Rusiya münasibətlərinin mövcud dinamikasından, yüksək səviyyədə dialoqdan, o cümlədən, iki ölkənin Xarici İşlər nazirliklərinin birgə əməkdaşlığından söz açaraq ekspert şurasının ekspertlərimiz arasında əməkdaşlığın daha da inkişafı üçün praktiki platforma rolunu oynadığını bildirib.
Tədbirdə ötən il ərzində iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin həm Xarici İşlər nazirlikləri, həm də Rusiya–Azərbaycan Ekspert Şurasının (RAEŞ) çərçivəsində geniş şəkildə qeyd olunduğu məmnunluqla xatırlanıb. Bu xüsusda, ötən dövr ərzində iki dövlət arasında münasibətlərin strateji tərəfdaşlığa çevrildiyi, bunun uzun illər ardıcıl şəkildə qurulan ikitərəfli əməkdaşlığın məntiqi nəticəsi olduğu, habelə Azərbaycan və Rusiya prezidentləri arasında yüksək səviyyəli etimadın möhkəm təməlinə əsaslandığı vurğulanıb.
Ceyhun Bayramov Azərbaycanın milli maraqlardan irəli gələn suveren xarici siyasət strategiyası yürütməsindən söz açaraq belə sabit, proqnozlaşdırıla bilən və ən əsası, suveren siyasətin ölkəmizi beynəlxalq ictimaiyyət, o cümlədən, Rusiya üçün dəyərli tərəfdaşa çevirdiyini vurğulayıb.
İki ölkənin Cənubi Qafqazda sülh gündəliyinin ardıcıl olaraq möhkəmləndirilməsi, revanşizm cəhdlərinin və qeyri-sağlam rəqabətin neytrallaşdırılması ilə bağlı mövqelərinin bir sıra hallarda oxşar olduğu qeyd edilib.
Azərbaycanın 44 günlük müharibədə Qələbəsi, BMT Təhlükəsizlik Şurasının qərarlarının, habelə uzun illər, o cümlədən, Rusiya danışıqlar platformasında müzakirə olunan təkliflərin Azərbaycan tərəfindən faktiki icrasının bu məqsədlər üçün yeni imkanlar açdığı bildirilib.
İclasda iki ölkənin dövlət başçısı tərəfindən ötən il Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanmasının birgə səylərə yeni təkan verməsindən əminlik ifadə olunub.
Tədbirdə, həmçinin 2020 və 2021-ci illərdə imzalanmış üçtərəfli bəyanatlara sadiqlik ifadə olunaraq, Azərbaycanın və bütün Cənubi Qafqaz regionunun münaqişədən sonrakı inkişafı üçün mühüm təməl olaraq qiymətləndirilib.
Daha sonra çıxış edən Rusiya Federasiyası Xarici İşlər naziri Sergey Lavrov ölkələrimiz arasında strateji əlaqələrin əhəmiyyətindən bəhs edib.
Konfransda BMTM-nin sədri Fərid Şəfiyevin və RBMŞ-in baş direktoru Andrey Kortunovun RAEŞ-in fəaliyyəti haqqında məruzələri dinlənilib. İnteraktiv dialoq şəraitində keçən konfransın qapalı sessiyaları çərçivəsində aparılan müzakirələr Rusiya–Azərbaycan əməkdaşlığının siyasi, iqtisadi, humanitar və digər sahələrini əhatə edib.
Şura üzvləri, həmçinin iki ölkə arasında əlaqələrin dərinləşdirilməsinin müxtəlif aspektləri ilə bağlı Şuranın praktiki tövsiyələrini əks etdirən kommünike qəbul edib. RAEŞ tövsiyələrinin ikitərəfli əməkdaşlığın müvafiq platformalarında təqdim edilməsi, birgə tematik topluların nəşri, Şuranın iclaslarının mütəmadi keçirilməsi məqsədəmüvafiq hesab edilib.
Konfrans zamanı xarici işlər nazirlərinə RAEŞ-in birinci nəşrinin – rusiyalı və azərbaycanlı ekspertlərin müəllifləri olduqları “Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 ili: keçilən yol və gələcəyə baxış” adlı məqalələr toplusunun xatirə nüsxələri təqdim olunub.
“Xalq qəzeti”